Səməd Vurğun - 110


Adilxan Bayramov
filologiya elmləri doktoru

Azərbaycanın Xalq şairi Səməd Vurğunun 1937-ci ildə qələmə aldığı «Vaqif» dramı onun ilk səhnə əsəridir. Şair 1938-ci ildə əsərin ilk tamaşası münasibətilə dərc etdirdiyi məqaləsində yazıçıların vəzifələrindən birinin də qaranlıq keçmişin işıqlı cəhətlərini - böyük insanlarını yaxından öyrənmək və xalqa tanıtdırmaqdan ibarət olduğunu göstərmiş və sonra yazmışdır: «Bu məqsədlə də mən «Vaqif» dramını yazdım».
Deməli, şairin məqsədi, eyni zamanda, Azərbaycan tarixinin hələ əsaslı şəkildə öyrənilməmiş səhifələrini bədii söz vasitəsilə oxucuya çatdırmaq olmuşdur.
Qeyd edək ki, 1930-cu illərdə SSRİ-də yaşayan ayrı-ayrı xalqların öz tarixi keçmişinə marağı xeyli artmışdı. 1934-cü ildə SSRİ Xalq Komissarları Soveti və ÜİK(b)P MK «SSRİ-nin məktəblərində Vətən tarixinin tədrisi haqqında» qərar qəbul etmiş, qərarda tarixin öyrənilməsində və tədrisində tarixi hadisə və şəxsiyyətlərin düzgün səciyyələndirilməsi vəzifə kimi qarşıya qoyulmuşdur.
Əlbəttə, bu qərar o vaxtlar tarixi mövzuda bir sıra əsərlərin yazılmasına təsir göstərmişdir. Məhz bu illərdə tarixi mövzuda «Birinci Pyotr» (Aleksey Tolstoy), «Yemelyan Puqaçov» (Vyaçeslav Şişkov), «Cəngavər İoan» (İlya Selvinski), «Suvorov» (Konstantin Simonov), «Tsusima» (Aleksey Novikov-Priboy), «Abay» (Muxtar Auezov) və başqa əsərlər meydana çıxmışdır. Azərbaycan yazıçılarından Cəfər Cabbarlının və Hüseyn Cavidin pyesləri, M.S.Ordubadinin bir sıra əsərləri, Y.V.Çəmənzəminlinin «Qan içində» romanı və bir çox başqa əsərlər də tarixi mövzuda yazılmışdır.
Səməd Vurğunun məhz tarixi mövzu olaraq XVIII əsrdə yaşamış Azərbaycan şairi Molla Pənah Vaqifin dövrünü, həyatını və fəaliyyətini seçməsi nə ilə əlaqədardır? Bu, hər şeydən əvvəl, şairin Vaqif poeziyasına bağlılığı ilə izah olunmalıdır. Professor Cəlal Abdullayevin qeyd etdiyi kimi, «Səməd Vurğun Vaqifi mütəfəkkir bir şair, dərin fəlsəfi fikirləri sadə, aydın bir dillə ifadə etməyi bacaran incə lirik, öz dövründə estetik düşüncənin zirvəsinə çıxan, həyat gözəldir idealını təbliğ edən böyük söz bahadırı kimi qiymətləndirmişdir».
M.P.Vaqifin həyatı və taleyi Səməd Vurğunu uzun illər boyu düşündürmüşdür. Sonradan özünün yazdığı kimi, şair hələ uşaq ikən Vaqif yaradıcılığının təsiri altında olmuş, Vaqifin gözəl şeirləri, aydın dili onun yaradıcılığına böyük təsir göstərmişdir. Səməd Vurğun ilk şeirlərini də Vaqifin qüvvətli poetik cazibə qüvvəsinin təsiri altında yazmışdır. O, «Vaqif»in Azərbaycan Rus Dövlət Dram Teatrında ilk dəfə tamaşaya qoyulması münasibətilə buraxılmış vərəqədə yazmışdır: «Azərbaycanın öz azadlığı uğrunda yadelli işğalçılara qarşı apardığı mübarizə tarixinin qəhrəmanlıq səhifələri Vaqifin adı ilə bağlıdır. Vaqif Qarabağ xanlığının vəziri olduğu zaman bizim xalqın yadelli işğalçılara qarşı, İran şahı Qacara qarşı mübarizəsinə başçılıq edirdi. Vaqif böyük siyasi xadim və diplomat kimi xalqın səadət və azadlığı uğrunda mübarizədə çox işlər görmüşdür».
Səməd Vurğun xüsusi olaraq qeyd etmişdir ki, Azərbaycan xalqının böyük şair oğlu xalqının azadlığı uğrunda öz canını qurban vermiş, Azərbaycan dili uğrunda, farsçılığa, ərəbçiliyə qarşı mübarizədə böyük işlər görmüşdür. Səməd Vurğunun fikrincə, Vaqif gözəllik şairidir. Lakin onun gözəlləri «hurilər»,«pərilər» deyil, yer qızlarıdır, həm də Azərbaycan qızlarıdır. Başı kəlağayılı, toylarda kəklik kimi süzən qız-gəlinlər, real insanlardır.
Şair Vaqifi «saray şairi» hesab edənlərə qarşı kəskin mövqedə durmuş və yazmışdır: «Vaqif sarayda vəzir vəzifəsində çalışmışdır. Lakin onun qəlbi daim öz xalqının qəlbi ilə çarpmışdır. Onun İran hökmdarı Ağa Məhəmməd şah Qacara qarşı apardığı mübarizə açıq göstərir ki, şair heç kəsə satılmadan öz vətəninin azadlıq və istiqlaliyyəti uğrunda zindanlara düşmüş, gözü ilə ölümlər görmüşdür».
Bütün bunlar Səməd Vurğunu Vaqif haqqında yazmağa sövq etmişdir. Şairin qardaşı Mehdixan Vəkilov bu barədə yazmışdır: «O, hələ 1934-cü ildən başlayaraq Molla Pənah Vaqifin həyatına həsr ediləcək bir dram əsəri yazmaq haqqında düşünməyə başlamışdı. Əslinə qalsa, Vaqifin taleyi haqqında düşüncələr Səməd Vurğunun varlığına 1926-cı ilin yazından hakim kəsilmişdi».
Səməd Vurğun bu dramı yazmaq üçün gərgin axtarışlar aparmış, Vaqif dövrünü, habelə dram sənəti ilə bağlı mənbələri öyrənmişdir. Mehdixan Vəkilovun yazdıqlarından: «O, XVIII əsr Azərbaycan tarixinə, xüsusən Qarabağ xanlığına dair ədəbiyyatı böyük maraqla oxuyurdu. Səməd Vurğunun «Qarabağnamə»ni tapdırıb ona göndərməyi Heydər Hüseynovdan xahiş etdiyi və 1936-cı ildə Vaqifin dövrünə, həyatına, bütünlüklə Qarabağ xanlığı tarixinə dair Yusif Vəzirlə (yazıçı Y.V.Çəmənzəminli- A.B.) saatlarla söhbəti yadımdadır. Oxuyurdu, öyrənirdi».
Məhz bunun nəticəsində Səməd Vurğun Vaqif dövrünü dolğun əks etdirən və eyni zamanda müasir zamanla səsləşən bir əsər yaratdı. «Vaqif» tarixi mövzuda yazılsa da, müasirlik baxımından böyük əhəmiyyətə malik olmuşdur.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1976-cı ildə dünyanın müxtəlif guşələrindən şairin 70 illik yubileyinə gəlmiş qonaqlar qarşısında belə demişdir: “Səməd Vurğunun poetik “Vaqif” dramı haqqında düşünəndə müəllifin qüdrətli istedadına, pyesin baş qəhrəmanının obrazını necə də sənətkarlıqla yaratdığına valeh olmaya bilmirsən, çünki o, Vaqifi eyni dərəcədə həm şair kimi, həm maarifpərvər kimi, həm də dövlət xadimi kimi göstərə bilmişdir... Bu dramı diqqətlə oxuyanda əsərdə iki nəhəng şairin - Vaqifin, bir də müasirimiz, mütəfəkkir şair, filosof, öz xalqının səadəti uğrunda mübariz Səməd Vurğunun obrazını görürsən”.
Azərbaycan xalqının tarixi keçmişinin çox maraqlı bir dövrünü canlandıran, qədim Azərbaycan torpağı Qarabağın müdafiəsinə həsr olunmuş pyes tamaşaya qoyulduğu dövrlə də səsləşirdi. «Vaqif»in müasir səslənməsinin bir səbəbi də vardı. Bu barədə əsərin tamaşaya qoyulduğu və geniş şöhrət qazandığı 1938-ci ildə danışmaq olmazdı. Bu müasirlik əsərə 1937-ci ilin məlum havasının təsiri ilə hopmuşdu.
Görkəmli filosof-alim, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Səlahəddin Xəlilovun bu məsələ ilə bağlı fikirləri diqqəti xüsusi cəlb edir. Səlahəddin müəllim yazır: "Vaqif" XVIII əsrin axırları üçün deyil, XX əsrin 30-cu illərinin tarixi üçün qiymətli material ola bilər. Hər addımı bir təhlükə olan həmin dövrün tarixini yazarkən şairlərimizdə satqınlıq nişanələri aramaq əvəzinə, həqiqi qəhrəmanlıq nümunəsinə göz yummamaq şərti ilə. Belə çətin bir məqamda əyilməz şair obrazı yaratmaq və onu hökmdara qarşı qoymaq, - bax, budur 30-cu illərin mənəviyyat tarixi! Yeri gəlmişkən, bu yaxınlarda "525"-də çıxan bir oçerkdə (Adilxan Bayramov) bu məqam çox gözəl təhlil edilmişdir (bu sətirlərin müəllifinin 2009-cu ilin mart ayında “525-ci qəzet”də dərc olunmuş “Şair, hökmdarın hüzurundasan!..” adlı məqaləsi nəzərdə tutulur - A.B.). Səməd Vurğunun dahiliyi özünü bunda da göstərir ki, o, belə çətin bir dövrdə sanki ideologiyanın da tələblərinə cavab verərək və sanki onun şərtlərinə uyğun bir tarix yazaraq, əslində ortaya tarix deyil, fəlsəfə qoyur. 37-ci ilin ölüm qorxusunu daxilən dəf edərək milli ruhun himnini yazır, "əyilməz vicdanın böyük heykəli", - deyir”.
«Vaqif»in tədqiqatçıları da əsərin müasirlik baxımından böyük əhəmiyyətə malik olduğunu xüsusi qeyd etmişlər. Xalqımızın tarixi keçmişinin çox maraqlı bir dövrünü əks etdirən pyes 1930-1940-cı illərdə olduğu kimi, bu günümüzlə də səsləşir. Bu özünü, həm hadisələrin ümumi inkişafında, həm də ayrı-ayrı surətlərin təcəssümündə göstərir. Humanizm, qəhrəmanlıq, yurdsevərlik, ümumbəşərilik, doğma yurdu işğalçılardan qorumaq səyləri kimi ideyalar müasir dövrdə öz əhəmiyyətini daha da artırmışdır. Qələmə alındığı dövrdə əsəri «ədəbi bir hadisə olmaqla bərabər, eyni zamanda siyasi bir hadisə» hesab edən Xalq yazıçısı Mehdi Hüseyn yazırdı: «Vaqif» dramı bizdə öz keçmişimizə, böyük ədəbiyyatımıza, xalqımızın qəhrəmanlığına, onun azadlıq uğrunda apardığı mübarizəyə dərin bir məhəbbət oyadır, xarici istilaçılara qarşı amansız olmağa çağırır, Vətənimizi, xalqımızı daha da dərindən sevdirir. Bu səbəblərə görə «Vaqif» tarixi mövzuya həsr edilmiş olsa da, son dərəcə aktual bir əsərdir».
Professor Cəlal Abdullayev pyesin müasirliyini Vaqif surətinin müasirliyi ilə əlaqədə götürmüş və öz fikrini böyük alman şairi Hötenin belə bir fikrinə söykəmişdir ki, şair üçün heç bir tarixi şəxsiyyət yoxdur. O öz mənəvi aləmini təsvir etmək istəyir və bunun üçün bəzi tarixi şəxsiyyətlərin boynuna minnət qoyub onların adlarını öz əsərlərinə daxil edir. Bu baxımdan ədəbiyyatşünas Oleq Reznikin fikri də maraqlıdır. O yazır: «Vaqif surəti bizə nədənsə dramatik poemanın öz müəllifini xatırladır. Elə bil ki, poetik ilhamın, mənəvi saflığın və ehtirasın xırdaca bir hissəciyi yüz il vətən torpağı üzərində dolaşdıqdan sonra, nəhayət, Azərbaycan xalqının müasir tərənnümçüsü simasında öz həqiqi varisini tapmışdır».
«Vaqif» pyesinin mərkəzində Azərbaycan durur. XVIII əsr Azərbaycanı özünün çox mürəkkəb və ağır dövrünü yaşayırdı. Xanlıqlara parçalanmış Azərbaycan İranla Rusiyanın arasında qalmışdı. Bu ölkələrdən hər biri Azərbaycana sahib olmaq istəyirdi, bu istəklərini həyata keçirmək üçün müxtəlif vasitələrə əl atırdılar. Beləliklə, Azərbaycan iki düşmənlə üzləşmiş, iki od arasında qalmışdı.
İki od arasında qalmış Azərbaycana məhəbbət «Vaqif» pyesinin əsasını təşkil edir. Hadisələrin gedişində və inkişafında, ayrı-ayrı obrazların monoloqlarında, dialoqlarda Azərbaycan sevgisi hakimdir. Şair əsərdə müxtəlif ədəbi üsullarla bu yurdun keçmişi, xalqın tarixində baş vermiş hadisələr barədə məlumat verir. Bu baxımdan Eldarın monoloqları səciyyəvidir. Bu monoloqlar əsasən Azərbaycanın yaşamış olduğu məhrumiyyətlərlə bağlıdır.
Qeyd etdiyimiz kimi, o dövrdə Azərbaycan İran və Rusiyanın arasında qalmışdı. Qacarın məqsədi Azərbaycanı İrana qatmaq, qüvvətli İran dövləti yaratmaq idi. Heç də təsadüfi deyil ki, görkəmli Azərbaycan yazıçısı Əbdürrəhim bəy Haqverdiyevin «Ağa Məhəmməd şah Qacar» pyesində Şuşada qətlə yetirilən şah son nəfəsində belə deyir: «Ey xanəxərab, İran ra viran gərdi!» («Ey evi yıxılmış, İranı viran qoydun»).
Bununla birlikdə qeyd etmək lazımdır ki, Qacarın Qarabağı ələ keçirmək istəməsinin əsas səbəbi Qarabağ hakimi İbrahim xanın Rusiyaya meylinin artması ilə əlaqədar olmuşdur. Mirzə Camal Cavanşir öz «Qarabağnamə»sində bu barədə belə yazmışdır: «Hamı yüksək Rusiya dövlətinə itaət etməyə hazırlaşdığı zaman, əzəmətli imperatriçə (II Yekaterina - A.B.) vəfat etdi. Böyük sərkərdə Zubov (1796-cı ildə Dərbəndi tutmuş rus qoşunlarının komandanı - A.B.) Əbülfət xanı (İbrahim xanın general Zubovun hüzuruna göndərdiyi oğlu - A.B.), Qarabağın bəyzadə və kəndxudalarını böyük hörmət və çoxlu ənamla yola salıb, padşah Pavelin əmrinə görə geri qayıdacağını İbrahim xana xəbər verdi. Bu xəbər həm qəm-qüssəyə, həm də Ağa Məhəmməd şahın ədavətinin artmasına səbəb oldu. Çünki o, mərhum İbrahim xanı tələfat vermədən, xoşluq və mülayimliklə özünə tabe etmək fikrində idi. Lakin İbrahim xanın müharibəsiz Rusiya dövlətinə əbədi itaət edib, səmimiyyət göstərməsi, islam və İran padşahından üz çevirməsi onu olduqca qəzəbləndirmişdi. Buna görə İbrahim xanı yox etmək qərarına gələrək, yaz fəslində qoşunla Azərbaycana tərəf hərəkət etdi».
Pyesdə göstərilir ki, bütün bu mürəkkəb hadisələr axarında Vaqif öz ləyaqət və məğrurluğunu saxlayır. Düşmənin qabağında vüqarla dayanır. Heç vaxt təmkinini pozmayan Vaqif zindanda da dözüm və iradə nümayiş etdirir. O, oğlu Əli bəyi də bu cür tərbiyə etmişdir. Buna görə də Əli bəyin «Eh... ata, nə qoyub, nə axtarırsan, Zülmün qabağında ağlarmı insan?» deməsi onu ruhlandırır.
Səməd Vurğun əsəri yazarkən tarixi hadisə və faktlara həssaslıqla yanaşmış, bunlardan məharətlə faydalanmışdır. Qarabağ xanlığının Rusiya ilə əlaqə yaratmaq təşəbbüsü, qonşu gürcü xalqı ilə birgə hərəkət etməsi və bu işdə Vaqifin böyük rol oynaması, onun Qacara sərt cavab məktubu yazması və Qacarın bundan hiddətlənməsi, Vaqifin Şuşanın işğalı vaxtı şəhərdə qalması və s. tarixi faktlardır.
Tarixdən məlumdur ki, 1783-1784-cü illərdə Qarabağ xanlığı Rusiya ilə əlaqəni möhkəmləndirmək məqsədilə bir sıra təşəbbüslər göstərmiş, bu işdə Vaqif də yaxından iştirak etmişdir. II Yekaterina 1784-cü ildə knyaz Q.A.Potyomkinə belə yazmışdı: «Deyəsən, İbrahim xanın məktubları mənə gəlib çatan türk və bəzi İran məktublarından daha nəzakətli yazılmışdır... Mənə bildir, görək o kimdir?... Gəncdir, yoxsa qoca? Güclüdür, yoxsa zəif?»
Vaqifin həyat və yaradıcılığına aid geniş tədqiqat aparmış mərhum professor Araz Dadaşzadə belə qənaətə gəlmişdir ki, bu məktubun şairanə ruhu, başqa xan və hökmdarların məktublarından öz nəzakəti ilə fərqlənməsi onun əsl müəllifinin şair və vəzir Vaqif olmasını ehtimal etməyə imkan verir.
Bu məktubdan sonra II Yekaterina rus qoşunlarını qraf V.Zubovun komandanlığı altında Dərbəndə göndərmişdir. Mirzə Adıgözəl bəyin «Qarabağnamə» əsərində oxuyuruq: «Bu xəbər İbrahim xana çatdı. Oğlu Əbülfət xanı çoxlu hədiyyə və sovqatlarla böyük sərdar qraf Valerian Zubov cənablarının möhtərəm hüzurlarına göndərdi. Uca Rusiya dövlətinə ixlas və sədaqətini bildirdi. İmperatriçə Yekaterina həzrətlərinin müqərrəblərinə qaneedici və təvazö bildirən məktublar yazdı. İqtidar sahibi olan sərdar da Əbülfət xana qarşı hədsiz hörmət və mehribanlıq göstərdi. Behiştlik mərhum (İbrahim) xanın ərizəsini ixtiyar sahibi padşahın fələklər qədər yüksək olan dərgahına göndərdi. Pənah xan üçün də bir nəfər knyaz vasitəsilə çoxlu bəxşiş və töhfələr yolladı. Padşahın ona qarşı hədsiz lütf və mərhəməti olduğunu bildirdi. Mövlana Molla Pənah Vaqifə də qiymətli daşlarla bəzədilmiş bir əsa göndərdi».
Əsərdə rus çarının adından göndərilən əsanı Vaqifin əlində görən düşmənləri onu ruslara satılmaqda təqsirləndirirlər. Vaqifə hücum edir, onu «tanrı düşməni», «vətən xaini», «məlun», «qansız», «satılmış» və s. sözlərlə təhqir edirlər. Şeyx Vaqifi «tanrı düşməni» adlandırmaqla ona qarşı mübarizədə dindən istifadə edir.
Vaqifin öz yaradıcılığından məlumdur ki, o, Qacara qarşı mübarizədə gürcülərlə müqavilə bağlamaq məqsədilə Tiflisdə olarkən şeirlər yazmış, Tiflisi, bu yerin gözəllərini və təbiətini tərənnüm etmişdir. Bu şeirlərdə gürcü xalqına səmimi hisslər ifadə edilmişdir.
Professor Araz Dadaşzadənin yazdıqlarından: «Tiflis şeirlərini oxuyarkən onun müəllifi heç də dini etiqadlar əsiri, bəzilərinin göstərdiyi kimi, qatı məzhəbpərəst deyil, millətlər arasında ayrı-seçkilik salmayan, dini ayrılığı ortalığa çıxarmayan, həyat, gözəllik aşiqi kimi göz önündə canlanır».
Vaqif hələ öz sağlığında Cənubi Qafqazda da tanınmış, əsərləri yayılmışdır. Tədqiqatçılar göstərirlər ki, XVIII-XIX əsrlərdə gürcü xalq müğənnilərinin, aşıqlarının repertuarında Vaqifin qoşmaları mühüm yer tutmuşdur. Bu şeirlər gürcü əlifbası ilə həmin müğənnilərin dəftərlərinə köçürülmüşdür. Tədqiqatçı Həmid Vəliyev göstərmişdir ki, gürcü əlifbası ilə yazıya alınmış həmin şeirlər Gürcüstan Elmlər Akademiyasının K.Kekelidze adına Əlyazmalar İnstitutunda və İ.Qrişaşvilinin kitabxana-muzeyində saxlanılır.
Səməd Vurğun əsəri yazarkən bu məsələyə xüsusi diqqət yetirmişdir. Vaqifin azad olunmasında Gürcüstandan gəlmiş dəstə yaxından iştirak edir. Qeyd etmək lazımdır ki, həmin dövrün hadisələri bir sıra Cənubi Qafqaz yazıçılarının əsərlərində də öz əksini tapmışdır. Maraqlı cəhət budur ki, həmin əsərlərdə də bu hadisələr Vaqiflə bağlı verilmişdir.
Görkəmli gürcü yazıçısı Akaki Beliaşvilinin «Besiki» romanı bu baxımdan maraqlıdır. Əsər gürcü şairi və siyasi xadimi Besiki Qabaşvilinin həyatına həsr edilmişdir. Burada şairin həyatı fonunda XVIII əsrdə baş vermiş mühüm sosial-siyasi hadisələr öz əksini tapmışdır. Romanda müəllifin Besiki ilə birlikdə onun azərbaycanlı müasiri Vaqifə də hörmət və məhəbbəti aydın hiss olunur.
Azərbaycanın görkəmli yazıçısı Y.V.Çəmənzəminlinin «Qan içində» (yazıçının “İki od arasında” əsəri 1967-ci ildə bu adla çap olunmuşdur) romanında da Vaqifin Gürcüstanla əlaqələrinə geniş yer ayrılmışdır. Burada Gürcüstan hökmdarı II İrakli ilə danışıqlar aparmaq üçün Qarabağ xanlığı nümayəndə heyətinin Vaqifin rəhbərliyi ilə Tiflisə getməsi təsvir olunur. Vaqif qonşu gürcü xalqına xüsusi hörmət bəsləyir. O, II İraklinin 1783-cü ildə Rusiya ilə müqavilə bağlanmasını bəyənir, Cənubi Qafqaz xalqlarının Rusiya ilə ittifaqına yaxşı bir hal kimi baxır.
Artıq qeyd etdiyimiz kimi, Səməd Vurğunun əsərdə təsvir etdiyi hadisələr əsasən Vaqiflə əlaqədar verilir. Tədqiqatçılar Vaqif barədə danışarkən onu ümumiləşmiş surət hesab edirlər. Vətənpərvər və vətəndaş olan qələm sahiblərimiz öz xalqını düşünməklə bərabər başqa xalqlara da eyni gözlə baxmış, ümumbəşəri ideyaları təbliğ etmiş, xalqları dostluğa, əməkdaşlığa səsləmişdir. Səməd Vurğun milli və ümumbəşəri xüsusiyyətləri məhz Vaqif obrazı üzərində cəmləşdirmişdir. Vaqif, hər şeydən əvvəl, böyük vətənpərvərdir, öz vətənini, xalqını və dilini müdafiə edir.
Vaqifin özünəməxsus xüsusiyyətləri onun Vidadi, Eldar və başqa adamlarla söhbətlərində, İbrahim xan və Qacarla qarşılaşdığı səhnələrdə, habelə başına gələn bir sıra hadisələr zamanı meydana çıxır. Əsərin əvvəlində Salahlıya - Vidadi ilə görüşə gələrkən kənd ağsaqqallarından Qurban kişi onu ərklə məzəmmət edir. Qurban kişi üzünü Vaqifə tutub deyir ki, sən gözümüzün işığı, məclislərin yaraşığı idin, gəlinə-qıza şeir deyərdin: “Onu da çox gördün axırda bizə?”
Vaqif bu ağsaqqala belə cavab verir:

Yox, yox, Qurban əmi, mənə dünyada
Bu ellər, obalar gülzar görünür.
Gözüm gözünüzdən uzaq olsa da,
Könüldən-könülə yollar görünür.


Qurban kişinin bu «məzəmmət»ində də Vaqifə el sevgisinin şahidi olur, ona böyük ehtiram göstərildiyini hiss edirik. Göründüyü kimi, Qurban kişi ona birbaşa demir ki, gözəl məclislərin yaraşığı olduğunu, gəlinə-qıza şeir dediyini, yəni nikbin hərəkətlərinlə camaatı şad etdiyini axırda bizə çox gördün. Qurban kişi bunu Vaqifdən çox mülayimliklə soruşur: «Onu da çox gördün axırda bizə?»
Vaqif sarayda təqib olunanda, mənəvi sarsıntılara məruz qalanda yenə də bağlı olduğu xalqı, eli-obanı düşünür:

O təmiz duyğular, o saf ürəklər,
Bənövşə qoxulu sərin küləklər,
Başına döndüyüm güllər, çiçəklər -
Tərlanlar oylağı yadıma düşdü...


Vaqif elə-obaya bağlı şəxsiyyət, gözəl şair, uzaqgörən dövlət xadimi, diplomatdır. O, vəfalı dost, mehriban valideyn, möhkəm iradəli bir insandır.
Vaqif oxucunun və tamaşaçının yaddaşında elə bu cür də qalır...