XX əsr Azərbaycan nəsrində özünəməxsus üslubu ilə seçilən qələm sahiblərindən biri də tanınmış yazıçı, dramaturq, ssenarist İsi Məlikzadə olub. O, 35 illik yaradıcılıq fəaliyyəti dövründə qarşılaşdığı və müşahidə etdiyi həyat gerçəkliklərini çox maraqlı şəkildə oxucuya çatdırıb. Sadə insanların, ziyalıların dolğun obrazını yaradıb. Bu il yazıçının anadan olmasının 90 illiyidir.
İsi Abbas oğlu Məlikzadə 1 may 1934-cü ildə Ağcabədi rayonunun Xalfərəddin kəndində dünyaya göz açıb. Orta məktəbi bitirəndən sonra, 1952-ci ildə Azərbaycan Sənaye İnstitutunun (indiki ADNSU) Neft-kimya fakültəsinə qəbul olunur. 1957-ci ildə təhsilini müvəffəqiyyətlə başa vurur, təyinatla Bakıda Neft Mədənləri İdarəsində əmək fəaliyyətinə başlayır. Təyinat müddəti başa çatdıqdan sonra doğma yurdu Ağcabədiyə qayıdır. 1961-ci ildə Bakı Şəhər Qaz İdarəsinin layihə bürosunda işə düzəlir.
Gənc yaşlarından ədəbi yaradıcılığa maraq göstərən İsi Məlikzadə çalışdığı müəssisələrdə sovet cəmiyyətinin miqyasını, onun fəaliyyət mexanizmini müşahidə edir, sonradan ədəbi materiala çevirirdi. O hələ tələbə ikən “Kirpi” jurnalı ilə əlaqə saxlayır. Salam Qədirzadə ilə dostluq edir. Elə ilk məqaləsi də “Kirpi” jurnalında dərc edilir. “Pambıqçılıq” adlı ilk hekayəsi isə 1957-ci ildə “Ağcabədi pambıqçısı” qəzetində dərc olunur. Hekayələri oxucular tərəfindən maraqla qarşılanır. Ədəbi aləmdə istedadlı gənc kimi diqqət çəkir. Gənc İsi 1960-cı illərin ikinci yarısından daha ciddi mövzulara müraciət edir. 1964-cü ildə “Həsrətin sonu” adlı kiçik hekayələrdən ibarət kitabı işıq üzü görür. Bu uğur onun üzünə dövri mətbuat qapılarını taybatay açır.
1967-ci ildə komsomolun və Yazıçılar İttifaqının müştərək orqanı kimi “Ulduz” jurnalı təsis edilir. Şair Əhməd Cəmil jurnala redaktor təyin olunur. Ədəbi mühitdəki həmfikirlərinin dəstəyi sayəsində İsi Məlikzadə jurnalda işə başlayır.
O, nizam-intizamı və istedadı ilə rəhbərliyin diqqətini çəkir. Jurnalın məsul katibi təyin edilir. Bir il sonra üç povestinin yer aldığı “Özgə anası” kitabı “Gənclik” nəşriyyatında çap olunur. 1968-ci ildə Yazıçılar İttifaqına üzv qəbul edilir. 1973-cü ildə “Ulduz” jurnalına yeni redaktor təyin edilir və o buradakı işindən ayrılmalı olur. Bir müddət işsiz qalır, maddi çətinlik onu üzür. Bu vəziyyət həm də sərbəst yaradıcılıq işinə çətinliklər yaradır.
Nəhayət, “Azərnəşr”də redaktor vəzifəsinə təyin olunur. Yazıçı 1980-ci ildə bu işindən də ayrılır. Bir daha doğma Ağcabədiyə dönür. Burada qaldığı müddətdə “Gümüşgöl əfsanəsi” adlı povestini qələmə alır. Müəllif bu əsərin ərsəyə gəlməsində əfsanələrdən məharətlə bəhrələnir. Əslində, o, əsərdə öz taleyinin enişli-yoxuşlu və ağrılı-acılı anlarını ifadə edir. Əsərdə isə Orxan, Ağabəyim və Bənövşənin taleyi əks olunur... Bu talelərin hər-biri təbii həyat gerçəklikləri ilə bağlıdır. Yazıçı Orxanı özünün oxşarı kimi görünməsin deyə, İçərişəhərli bir ziyalı kimi təqdim edir. Orxanı bütün təfərrüatı ilə bir şəhərli gənc kimi tərifləyir. O, İçərişəhərdə köhnə məhəllədə dünyaya göz açıb. Ali təhsilli xalçaşünas alimdir. Anası Fatma isə sahə həkimidir. Orxan xalçaçılıq üzrə elmi iş yazır. Elmi rəhbəri Xürrəm müəllim ona məsləhət edir ki, tez-tez ucqar kəndlərə get. El sənətkarları və istedadlı xalçaçılarla görüş. Onların təcrübəsi, rəng və ilmə üslublarını öyrən. O, elmi rəhbərinin dediyi kimi də edir. Ucqar bir dağ kəndində olur. Ancaq burada romantik bir macəraya düşür... Bu obraz, əslində, yazıçının arzu etdiyi təbii bir həyat axtarışı olub. Belə demək olar ki, yazıçı həyatda arzu etdiyi kimi yaşaya bilməyib...
İsi Məlikzadə 1988-ci ildə yenidən Bakıya qayıdır. Akademik Dram Teatrında ədəbi hissə müdiri işləyir. Bununla da onun fəaliyyətinin yeni mərhələsi başlanır.
Yazıçının maraqlı əsərlərindən biri də “Evin kişisi” povestidir. Əsərin qəhrəmanı Qaçay adlı sıravi milis işçisidir. Müəllif əsərdə Qaçayın həyatını təsvir edir. Ancaq Qaçay öz davranışı ilə sovet milisinin səlahiyyətlərini inandırıcı şəkildə əks etdirmir. Çünki o, arzu ediləcək qəhrəman səviyyəsində olmur. Hətta avam və sadəlövh düşüncə tərzi ilə gülüş doğurur. Rəis Qaçayı istehza ilə “Koroğlu” deyə, çağırır. Ancaq Qaçay nəinki Koroğlu, heç Keçəl Həmzə qədər də olmur. Eyni zamanda Qaçay mənən təmiz insandır. O bütün hallarda adının təmizliyinə sadiq qalır. Maraqlıdır ki, “Evin kişisi” çap olunandan sonra ədəbi tənqid də susmur. Qəhrəmanı passivlikdə ittiham edirlər. Ancaq Qaçay kimi insanlar həyatda, reallıqda bu gün də mövcuddur...
İsi Məlikzadənin təxminən otuz il ərzində 10 kitabı işıq üzü görüb: “Kövrək qanadlar”, “Küçələrə su səpmişəm”, “Yaşıl gecə”, “Günəşli payız”, “Dədə palıd”, “Gümüşgöl əfsanəsi”, “Şehli çəmənlərin işığı”, “Dolaşaların Novruz bayramı” və s. Yazıçının 80-ci illərdə qələmə aldığı hekayələrdə dərin bir ruh düşkünlüyü sezilir.
Tanınmış yazıçı 1990–1994-cü illərdə “Azərbaycan” jurnalında şöbə müdiri vəzifəsində çalışıb, eyni zamanda ədəbi yaradıcılığını da davam etdirib.
İsi Məlikzadənin ssenari və əsərlərinin motivləri əsasında “Alma almaya bənzər”, “Pəncərə”, “Gümüşgöl əfsanəsi”, “Evlənmək istəyirəm”, “Hacı Qara” (Cahangir Mehdi ilə birlikdə), “Gəl, qohum olaq”, “Küçələrə su səpmişəm” kimi ekran əsərləri çəkilib. Ədibin “Qatarda” hekayəsi əsasında hazırlanan eyniadlı televiziya tamaşası böyük maraqla qarşılanıb.
Diqqətəlayiq əsərləri ilə oxucuların qəlbində silinməz iz qoyan İsi Məlikzadə 5 dekabr 1995-ci ildə Bakıda vəfat edib, Ağcabədidə dəfn olunub.
Savalan Fərəcov