Rumıniyadan Niderlandın Assen şəhərindəki Drents Muzeyinə sərgilənmək üçün gətirilən tarixi qızıl dəbilqə və üç kral bilərzik də daxil olmaqla bəzi əsərlər oğurlanıb.
Niderland polisi oğurluq zamanı Rumıniyanın ən qiymətli tarixi əsərlərindən biri olan Cotofeneşti qızıl dəbilqəsi, üç kral qolbağı və digər qiymətli eksponatların aradan çıxarıldığını açıqlayıb. Bildirilib ki, oğrular gecə saatlarında qrup halında gələrək muzeyin qapısını partlayıcıdan istifadə etməklə açmağa nail olub və əsərləri aparıblar.
Drents Muzeyin bəyanatında eramızdan əvvəl 450-ci ilə aid olan və Rumıniya Milli Tarix Muzeyindən icarəyə götürülmüş Cotofeneşti qızıl dəbilqəsi və üç Daçya kral qolbağının oğurlandığı təsdiqlənib.
"Bu həm Assendəki Drents Muzeyi, həm də Buxarestdəki Rumıniya Milli Tarix Muzeyi üçün çox ağrılı gündür. Baş verən hadisələrdən çox sarsılmışıq. Rumıniyalı həmkarlarımıza qarşı böyük utanc hissi keçiririk", – deyə muzeyin direktoru Harri Tupan bildirib.
Qeyd edək ki, 2022-ci ilin iyununda Niderlandda keçirilən TEFAF incəsənət sərgisi zamanı dörd nəfər iki almaz daş-qaşı oğurlayıb və almazlar 2024-cü ilin mayında tapılıb.