Festival artıq ənənəyə çevrilmiş musiqi bayramı olmaqla yanaşı, həm də mədəniyyətlərarası dialoqa böyük töhfədir

İyulun 23-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycanda növbəti möhtəşəm incəsənət bayramının - VI Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub.

Musiqi bayramında Rusiya, Türkiyə, Cənubi Afrika Respublikası, ABŞ, Kanada, Fransa, Avstriya, İsrail, Ukrayna, Koreyadan məşhur dirijorlar, musiqiçilər və kollektivlər - Yohannesburq filarmonik orkestri (CAR), İsrailin "Brass kvintet", "Kiyev solistləri" milli kamera orkestri, Vyana akademik orkestrinin solistləri, Tel-Əviv baleti, eləcə də Oksana Yablonskaya, Dmitri Yablonski, Yulian Raxlin, Gil Şohat, Tatyana Şafran, Çen Zimbalista, Janna Qandelman, Mira Avad və başqaları iştirak edirlər. Festivala Azərbaycanın tanınmış musiqiçi və kollektivləri də qatılıb. Mədəniyyət və Turizm Nazirliyi festivala təşkilati dəstək verir.

Mədəniyyət tariximizdə yeni ənənə

Mərasimdə Azərbaycanda musiqi mədəniyyətinin inkişafı və təbliğində müstəsna rol oynamış Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın festival iştirakçılarına təbrik məktubu oxunub.
Məktubda deyilir: “Hörmətli festival iştirakçıları. Əziz dostlar! Sizi - VI Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçılarını ürəkdən salamlayır, festivalın işinə uğurlar diləyir, hər birinizə xoş arzularımı çatdırıram. Əsrlər boyu çoxmillətli və çoxkonfessiyalı cəmiyyətin mövcud olduğu Azərbaycanda tamamilə bənzərsiz bir mədəni məkan formalaşmışdır. Biz öz mədəniyyətimizin, adət-ənənələrimizin, tarixi irsimizin təkrarolunmaz incilərini qoruyub saxlayaraq, dünya mədəniyyətinin nümunələrini qəbul edə bilmişik. Beynəlxalq mədəni əlaqələr, qarşılıqlı mədəni inteqrasiya bu gün də Azərbaycanın dövlətlərarası siyasətinin əsas prioritetlərindən biridir. Xalqlararası mədəni-mənəvi inteqrasiyanın səmərəliliyini artıran layihələr bizim üçün çox dəyərlidir. Nüfuzu ildən-ilə artmaqda olan və hər il dünyanın ayrı-ayrı ölkələrindən istedadlı musiqiçiləri bir araya gətirən Qəbələ Beynəlxalq Musiqi Festivalı da artıq milli mədəniyyətimizin tarixində ənənəyə çevrilmiş musiqi bayramı olmaqla yanaşı, həm də mədəniyyətlərarası dialoqa böyük töhfə verən əhəmiyyətli bir tədbir kimi tanınmaqdadır. Biz bu festivalı müxtəlif millətlərin musiqi mədəniyyətinin qarşılıqlı zənginləşməsinə, xalqlararası dostluq münasibətlərinin daha da möhkəmlənməsinə verilən böyük bir töhfə kimi dəyərləndiririk.
Festivalda iştirak edən hər kəsə cansağlığı, bütün yaradıcı insanlara tükənməz nailiyyətlər arzulayıram”.

Festival ölkəmizin musiqi mədəniyyətini dünyada tanıdır

Sonra festivalın bədii rəhbərlərindən biri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli və Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov çıxış edərək musiqi bayramına gəlmiş qonaqları, iştirakçıları Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın adından salamlayıblar və festivalın işinə uğurlar arzulayıblar.
Qeyd olunub ki, Heydər Əliyev Fondu ölkəmizin musiqi irsinin qorunub saxlanılması və təbliği yolunda bir sıra iri layihələr həyata keçirir. Azərbaycan mədəniyyətinin təbliğinə xidmət edən bu festival eyni zamanda ölkəmizin musiqi ənənələrinin dünyada tanıdılması üçün bir vasitədir. Mədəniyyətimizin hamisi Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Qəbələdə beynəlxalq musiqi festivallarının keçirilməsi artıq gözəl bir ənənəyə çevrilib. Hər il festival günlərində burada görkəmli Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilir. Gənc ifaçılarla yanaşı, dünya şöhrətli musiqiçilər də bu səhnəyə çıxırlar. Klassik və kamera musiqisi, Azərbaycan muğamları ifa olunur.
Sonra açıq havada qurulan səhnədə Xalq artisti, professor Rauf Abdullayevin dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti olub. Proqramda Xəyyam Mirzəzadənin “Səməd Vurğun poemasına illüstrasiyalar”, Volfqanq Amadey Motsartın “Alleqro”, Qara Qarayevin ”Alban rapsodiyası” və digər Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən parçalar səsləndirilib.
Konsertdə skripkada Kamran Ömərli, pianoda Əməkdar artist Gülşən Ənnağıyeva çıxış ediblər.

Kamera musiqisi axşamı

İyulun 23-də festival çərçivəsində kamera musiqisi axşamı olub. “Qafqaz Resort” hotelinin kamera zalında təşkil edilən konsertdə sənətşünaslıq üzrə fəlsəfə doktoru Ceyran Mahmudova musiqi axşamında səslənəcək əsərlər barədə məlumat verib.
Konsertdə görkəmli Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən parçalar ifa olunub.
Musiqi axşamında nüfuzlu festivalların iştirakçısı və beynəlxalq müsabiqələr laureatı, istedadlı pianoçu, Əməkdar artist Nərgiz Əliyarova, İstanbul Dövlət Konservatoriyasının professoru, Xalq artisti, violonçel ifaçısı Eldar İsgəndərov çıxış ediblər.
Qara Qarayevin “Don Kixot” simfonik qravürlərindən “Səyahət”, “Yeddi gözəl” baletindən “Adajio”, Fikrət Əmirovun “Poema-monoloq”, eləcə də Frederik Şopenin “İki vals”, Dmitri Şostakoviçin “Skerzo”, Sergey Raxmaninovun “Elegiya” əsərlərindən parçalar səsləndirilib. Musiqiçilərin çıxışları alqışlarla qarşılanıb.
P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasını bitirən Eldar İsgəndərov ABŞ və Yaponiyanın möhtəşəm musiqi salonlarında konsert proqramı ilə çıxış edib. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllimi Nərgiz Əliyarova isə Sergey Raxmaninov adına beynəlxalq kursda ixtisasını təkmilləşdirib.

Daha iki konsert

İyulun 24-də festival çərçivəsində iki konsert proqramı təqdim olunub. “Qafqaz Resort” hotelinin zalında keçirilən kamera musiqisi axşamında Bakı Musiqi Akademiyasının triosu (Aslan Aslanov - piano, Kənan Mayılov - violin, Murad İbrahimov - violonçel) çıxış edib. Sonra Oksana Yablonskaya (piano), Fərhad Bədəlbəyli (piano), Murad Adıgözəlzadə (piano) və Dmitri Yablonskinin (violonçel) ifası dinlənilib.
Festivalın açıq səhnəsində keçirilən konsertdə isə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edib. Əməkdar incəsənət xadimi Fəxrəddin Kərimovun dirijorluğu ilə keçən konsertin solistləri Ümidə Abbasova (violin), Murad Abbasov (piano), Lalə Cəfərova (piano) olub.
Avqustun 1-dək davam edəcək musiqi bayramında Azərbaycan və xarici ölkələrin musiqi kollektivləri, solistlər çıxış edəcəklər.



 İştirakçıların ilk təəssüratları

“Qəbələ Beynəlxalq Musiqi Festivalında iştirak etdiyimə görə xoşbəxtəm. Bu festivala pianoçu kimi qatılmağım mənim üçün karyera baxımından çox vacibdir”.
Bu sözləri beynəlxalq müsabiqələr laureatı, istedadlı pianoçu, Əməkdar artist Nərgiz Əliyarova deyib.
O, Azərbaycan mədəniyyətinin təbliği baxımından festivalın əhəmiyyətini vurğulayıb: “Artıq Qəbələ əyalət şəhərindən milli və klassik, Şərq və Qərb musiqisinin həmahənglik təşkil etdiyi beynəlxalq mədəniyyət mərkəzinə çevrilir. Bu festival günlərində Qəbələ səhnəsində dahi Azərbaycan və dünya bəstəkarlarının əsərlərinin eyni şövqlə səsləndirilməsi, gənc ifaçılarla dünya şöhrətli musiqiçilərin eyni səhnəni bölüşmələri buna əyani sübutdur”.


“Sevindirici haldır ki, Qəbələdə tamaşaçılar klassik musiqi konsertlərinə həvəslə gəlirlər”. Bu sözləri isə İstanbul Dövlət Konservatoriyasının professoru, Xalq artisti, violonçel ifaçısı Eldar İsgəndərov deyib.
Festivalın yüksək səviyyədə təşkil olunduğunu qeyd edən Eldar İsgəndərov incəsənət bayramının tamaşaçılara xoş anlar bəxş edəcəyini bildirib: “Burada biz bir daha Azərbaycan musiqisinin ecazkarlığının şahidi olduq. Əcnəbi musiqiçilərin bu möhtəşəm incəsənət bayramında iştirakı və müxtəlif millətlərdən olan bəstəkarların əsərlərinin səsləndirilməsi Qəbələ festivalının mədəniyyətlərarası dialoqa öz töhfəsini verdiyini bir daha təsdiqləyir”.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar