Fikir-zikrətən dərin, bədii çəkidə ağır, novatorluq vəzniycə uca - Fikrət Qoca...

Bu şair bu dünyaya elə gəncliyindən qocafəndi baxıb, xocavari davranıb. Qələm əhlinin “güzəran donoru” da dediyi qonorardan şahı-şahı qazanıb, xanı-xanı dolanıb. Başını təvazölərə, könlünü göylərə dikibən namuslu bir ömür yaşayıb...

Bu şairin adı, özgür düşüncələrinə görə, rəsmi kağızlara az düşsə də, xətri xəlqi dil-ağızlardan düşməyib. Həyati ləngərində azman sələflərinə bab xələf, ağır-batman çağdaşlarına arba, huri poeziya aləmindəki basmaqəlib tutiçiliyə qarşı bomba, forma-fizikal baxımdan “təpə”cə, məzmun-lirikal takımdan dağca bir Fikrət Qoca olub...
Öncə, yaradıcılığı ilə bütün türk aləmində yaxşıdan-yaxşıca tanınan bu sənətkarın müxtəsərcə bir -

Ev-ailə Obrazı

Mən bilən, Fikrət Qoca mənsur vəzndə şeir yazmayıb, onun həyat yoldaşının bir xeyli bundan öncə oxuduğum müsahibəsi isə mənə sözügedən vəzn təsiri bağışladı:
“Hər yay ailəliklə Kürqırağı meşələrə dincəlişə, mənzərələri seyrə gedərdik. Ali məktəbə qəbul olunduğum ildəki gedişimizdə Fikrətlə rastlaşdıq. Ailələrimiz bir-birini çoxdan tanıyırdı, bizim bu “format”lı tanışlığımızsa ordan başladı. Az qala əlli yaşı tamam olan o ilk görüşümüzün “təfsilat” təqdimatı üstündən sükutla keçərək (məsələn, o mənə ənənəvi aşiqlər sayağı şeirlər oxumadı və s.) deyim ki, elə ilk tanışlığımızdan yaxşı təsir bağışladı mənə və iki il sonra ailə qurduq. Demirəm, bir-birimizlə dərhal anlaşdıq, ailə-alın yazımızın elə ilk bəndlərindəcə qafiyələndik, yox. Mən ixtisasca bioloq, o, ədəbiyyatçı, şair. Bir-birimizi öyrənib-bilənə, yaxşı-pisimizi ayırd edənəcən zaman gərək oldu. Məsələn, siftələr mən bilmirdim ki, yazanda ondan nəsə soruşmaq olmazmış, ümumiyyətcə, həyat yoldaşı olmazdan öncə dost olmaq gərəkmiş və sair.
Fikrət səmimi, mehriban adamdır, nə qədər əsəbi hallar keçirsə də, üzə vurmaz. Orda-burda “qazandığı” hirs-hikkəni gətirib ailə üstünə tökənlərdən deyil. Ancaq müsahibinin məntiq-anlaq bıçağı boğazına dirənəndə, üzünü görmə!
Başqalarının uğuruna həmişə sevinən, faciəsinə kədərlənən görmüşəm Fikrəti. Nəvələrini çox, yaman çox istəyir, onları “Tanrı poeziyası” adlandırır.
Bir az hövsələsizliyini istisna etsəm, Fikrətin xoşuma gəlməyən xasiyyəti yoxdur. 1976-cı ildə əməliyyatla ciyərinin yarısını kəsib götürüblər. Həkim mənə “çox az vaxtı qalıb” deyəndə, nələr çəkmədim! Uşaqlar çox balaca, vəziyyət çətin. Əl açdım Allaha; ilahi, hər şey sənin əlindədir. Moskvada əməliyyat olundu. Göydə Allah, yerdə Heydər Əliyev Fikrəti həyata qaytardı”.
Bu, ailə Fikrəti.

Bu da aləm Fikrəti:

Cavanlığında “Sən dönsən də, mən dönmərəm, Günəş sönər, mən sönmərəm” deyə, “Döydü yağış məni, döydü qar məni, Minsəm qarışqanı - aparar məni” demiş klassiklər sırasına qoşulan Fikrət.
Bu şairin doğulduğu rayonun tər-təbiəti haqda fikirləşəndə xəyal “quru yurd”a düşür, təsəvvür sentimental publisistlərin “təbiət şairliyin ilkin rəhnidir” kimi “tarixi-müqəddəm” qənimətlərindən nəmlənir. Bu şairin şəcərə, doğum-toponim kompleksindəki koloritallıq isə başqa məsələ! Onunla bağlı ad-soyadlardan doğal bir ab-hava yayımlanır, folklor ilğımı dalğalanır: babası Qoca, atası Göyüş, özü Fikrət, bölgəsi Şirvan, elatı Ağdaş, kəndi Kotanarx. Anadan olumu isə (1935) Stalin atadan doğulası repressiya “qaqaş”ından iki il əvvəl. O dövrün bütün SSRİ uşaqları kimi, onun da qismətinə gülüm-gülməli oyuncaqlar əvəzinə, ağır-ağlamalı oyunlar düşüb. Ana laylalarından düz-əməlli doymamış, ata qoyun-quzusu haylamalı olub. Evdə nənəsi ona noğul əvəzinə nağıllar yedirər, doğma babasının nəsihətləri ilə məktəbdə sırınan siyasi “baba”nın vəsiyyətləri arasındakı yer-göy fərqlərinə məəttəl qalar, ürəyindən “Güzgünü neyləyirsən, ay gözəl, Üzündə gör özünü, ay gözəl” kimi misralar söyləmək, könlündən “Güllələr demədi, qayıdın geri, hələ uşaqsınız - nə yaşınız var?!” ladında düşünən yaşıdları ilə rastlaşıb dostlaşmaq arzuları keçirmiş...
Hamıdan seçilmək istəsə də, hələ yalnız qonşu uşaqlardan fərqlənən Fikrət doğulduğu evdə, bir az quru, çox yeri yalın kənd-kəsəkdə, təbsiz təbiət qoynunda ayrıca bir canlı təbiət, cəmiyyət hadisəsi kimi göyərişib-gəlişirdi. O çağlaracan yığıb-yığışdırdığı qəlb yükünü boşaltmağa, yazıb-yaratmağa isə çox az qalırdı. Canında-qanında “olan”lıqdan çox “olabilən”lik olan ədəbiyyat elementlərinə susayan qələmi o günə qədər başqalarının qələminə boy verməmiş bədii olayları üzə çıxarmağa can atırdı. Dördəm həvəsli bu köhlən qələmin çapışı üçünsə bölgə meydanı dar, qədərincə suvarışı üçün irili-xırdalı arxlar yetərli deyildi. Ağdaşdan daşlanmaq, Kotanarxdan üzüyuxarı axarlanmaq gərək idi. Təsəvvüründəki dəryada onu seçkin bir şairlik baxtı, poeziyamızın ayrıca pay taxtı gözləyirdi. Beləliklə, yuxarıdakı mənbələrdən aşağıdakı mənsəbə -

Gəliş

Oxucu bumlu paytaxt onun gəlişinə bəndmiş; əlbəəl, milyonlardan biri olan bu ismi “beş-on”a məxsus imzaya çevirdi. İyirmi bir yaşı tamam olmamış şeirləri dillərə düşdü. Professional tənqidçilərdən bir qədər sonra sadə oxucular, hətta qatı konservativlər, “təzə nırx” əleyhdarları da hiss etdilər ki, Fikrət Qoca imzası “köhnə yazar-bazara təzə dux” gətirməkdədir. Oxuyub-eşitdilər ki, bu təzə şair, məsələn, “Aşıq eldən yuxarı” kimi kəlmələrdən sonra qafiyə (və siyasiyyə) xatirinə “dizi beldən yuxarı” yox, tutalım, “sözü güldən yuxarı” deyir. Gördülər ki, o, nəinki fikir-zikri, hətta hər sözü belə filoloji rentgendən keçirib, tam yeni “epiqriz”lə epitetləşdirir. Fəhm-zəhmləndilər ki, başdan-başa novator Rəsul Rza təptəzə nəfəsli bu yeni şairə havayıdan “Uğurlu yol” yazmayıb. Yazan - “Aydındır şeirin dili; istəyirsən sevincdən, istəyirsən qəmdən yaz. O qədər aydındır ki bu dil, - nadan yüz il oxusa, yenə bir şey anlamaz!” kimi şedevrlər kanı, haqqında yazılan isə “İçində mətləb olmayanda Adam özü görünmür” kimi fəlsəfələr müəllifi...
Nəhayət, o müasir oxucular, alagöz-qaragöz “qare”lər gördülər ki, bu yepyeni şair köhnə, ya təzə mövzulara yanaşma məsələsində nimdaşlıqdan, şablon metaforaçılıqdan marafon qaçışı ilə qaçır:

Adamların
Üzünün,
Sözünün
Rəngi qaçıb.
Elə bil, heç kəsin
Özünün sözü-söhbəti yoxdu,
Sifəti yoxdu.
Şəffaf şüşə qab kimidi -
Arxası-üzü bilinmir.
İçində mətləb olmayanda
Adam özü görünmür...


Düzdür, gurultulu “qurultaydan-qurultaya” dövrlərində Fikrətin də yad ladtutmaları olub. Amma heç vaxt adi yazmayıb, babalı milli babasının boynuna düşəsi hallara, kəlmələrə qol qoymayıb. Kəlmə-kəlam ilmələri qafiyə yaraşığından çox, fikir-zikir qafiləsinə işlədiyindən, əl-ələ vermiş qəlb misraları ülvi bədiilikçün zirvələrə qalxıb, dərinlikçün dərələrə endiyindən poetik tər qoxuyurlar. Bu şair heç vaxt oxucunun bir oturuma qəbul edə biləcəyi fikir “istehsal”ı ilə məşğul olmayıb; onların sabah-birisigününə, hətta “lap yekələndə”liklərinə belə sətiraltı, mənaüstü “ehtiyat”lar görüb.
Fikrətin fikirləri nə qədər “mürəkkəb” olsa da, mayası sadəlikdən, rahətlukum “omac-umac”lıqdan yoğurulan nəğmələrə, mahnılara tamamilə əlverəndir. Təxəllüsü ilə özünü elə ilk gənclik illərindən qocaltmış şair o mahnıların biri ilə - “Dostum evlənir”lə əlli ildən çoxdur gənclərə elçilik edir. Bu mahnı hər dəfə efir-ekranda səsləndikcə, ata-analar qayğılanır. Özlərini müqəyyəd hədəf hesab edən qızlar uyğu-duyğulanır. Əsərin baş qəhrəmanı olan cavan-comrullar isə öz umu-yumulu gözlərilə xəyal tutur, Ruhəngiz xanım Qasımovanın şıdırğı taktları üstündə xitablanan: “Ay ana, ay ana, dostum evlənir, Qonşudan, qonşudan bir çiçək dərir!” ərzi-ərizəsi altına imza atırlar...
...Və bütün bu lirik, poetik, romantik ovqatların canlı bulağı kimi qaynayan şair hərdən bizi oyanışa da səsləyir: “Dünyanın harasındasa, ağında-qarasındasa - Yata bilməyirsə bir körpə aclıqdan, Mən necə həzz alım toxluqdan?!” Hərdən bizi kütləvi dayanışa çağırır: “Yol verin, hamilə qadın gəlir...” Hərdən də, yolunu caydıranlara Dədə kimi üz tutub, Qorqudanə aydırır:

Gəlin, bölünməyək doğmaya, yada, -
Hamı - bir ağacın yarpağıyıq biz.
Axı hər birimiz başdan-ayağa
Doğma Azərbaycan torpağıyıq biz.


Və sair və ilaxır, həmişəcavan Qoca şair! Yetmiş beş illiyinlə bağlı yazımda da dediyim kimi, sənin barəndə çox söz yazmaq, çox fikir söyləmək marağım və imkanım olsa da, hələlik bu qədər...

Tahir Abbaslı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar