17-20 sentyabr tarixində Həştərxan şəhərində Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə "Qızıl çölün səsləri" adlı V beynəlxalq etnomusiqi festival-müsabiqəsi keçirilib.
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə festivalda ölkəmizi Azərbaycan Milli Konservatoriyasının tələbələri - Cahandar Xanlarov və Ağayar Xanlarov (instrumental ifa) və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Azər Səlimli (xanəndəlik) təmsil ediblər.
200-dən artıq iştirakçısı olan festival-müsabiqədə beynəlxalq münsiflər heyətinin qərarı ilə Ağayar Xanlarov və Cahandar Xanlarov "Ənənəvi xalq çalğı alətləri" nominasiyası üzrə müvafiq olaraq I və II dərəcəli diploma və laureat adına, Azər Səlimov isə “solo oxuma” (xalq mahnıları) nominasiyası üzrə III dərəcəli diploma və laureat adına layiq görülüb.
Eyni zamanda Azərbaycan nümayəndə heyətinin üzvlərinin iştirakı ilə yerli “Həştərxan-24” televiziya kanalı üçün veriliş hazırlanıb, ölkəmizin təmsilçiləri qala konsertdə iştirak edib, ustad dərsləri veriblər.