Tədbirə hazırlıq ərəfəsində Şuşa şəhərindən rayonumuza pənah gətirmiş iş yoldaşımız xanıma çıxış üçün söz veriləcəyini bildirdik. 16 il rayonumuzda yaşayan xanım gülümsünərək "Mən daha şuşalı deyiləm ki, oğuzluyam" dedi. Onda şəhid qardaşımın döyüşə yollanmazdan əvvəl anama dediyi "Sən Şuşanı heç vaxt görməmisən, Görsəydin, məni bu yoldan saxlamağa çalışmazdın. Şuşa ermənilərin əlində ola-ola mən evdə necə sakit oturum" sözlərini xatırladım. O, Şuşanı cəmi bircə dəfə, IX sinifdə oxuyanda görmüşdü. Bircə dəfə görüb, gözəlliyinə heyran olmuşdu. Və bu heyranlıq onu torpaqlarımızın müdafiəsinə aparmışdı.
Şuşalı bacım, məncə, sən bu sözü heç könül xoşluğu üçün, minnətdarlıq hissiylə olsa da belə, dilinə gətirmə. Çünki Şuşa haqqında danışarkən dolan gözlərin, səsinin titrəməsi, boğazında düyünlənib qalan qəhər bunun tamamilə əksini deyir. Tez-tez bizə Şuşalı yuxularından, bu yuxularda evinizin yanındakı bulağın buz kimi suyunun soyuqluğunu duyduğundan danışırsan. Haqqında danışdıqların ürəyindəki Şuşa nisgilindən, Şuşa həsrətindən xəbər verir. Dilinin fərqinə varmadan dediklərini daim qəmli gözlərin inkar edir.
Ona görə də «şuşalı deyiləm», «qarabağlı deyiləm» kəlməsini siz hec dilinizə gətirməyin, ay mənim yurdundan-yuvasından, elindən-obasından ayrı düşmüş həmvətənlərim. Onda, bala itkisinə heç bircə il də dözə bilməyən, şəhid oğlu Cavidin bir əlçim telini ovcunda sinəsinə sıxıb dünyasını dəyişən ananın ruhu inciyər. Atasının qisasının alınacağı günü səbirsizliklə gözləyən İntizamın qızlarının əli dünyadan üzülər. Oğul yolu gözləyə-gözləyə səhərlər üzü günbatana, axşamlarsa üzü günçıxana oturduğu kötüyün üstündəcə o biri dünyaya köç eyləyən Mikayıl dayının qəbirdə sümükləri sızıldayar. Maisin üzünü görmədiyi, artıq 16 ildir ki, atasının yolunu gözləyən oğlunun qəlbindəki ümid qığılcımı öləziyər. Cəmi bir ilin gəlini olmuş, gözlərinin qəmindən adamın ürəyinə od düşən həyat yoldaşının vüqarı sınar. Hər gün Qarabağ haqqında bir yenilik eşitmək ümidiylə xəbər proqramlarına diqqət kəsilən, dərddən beli bükülmüş, dost-tanışdan gen gəzən atamın, qonşum Hidayət müəllimin qisas gününün gələcəyinə olan inamı sarsılar. Anamın sevinməyə həsrət qalan, diliylə deyə bilmədiklərini ifadə etdiyi dərdli gözləri nurdan düşər. Bax, onda mən də ən böyük arzumun gerçəkləşəcəyinə olan ümidimi itirərəm. Axı, mən qardaşımın "Çiçəkli Qaya"da - düşmən əsarətindən azad olmuş ruhunu ziyarətə gedəcəyim günü, o torpaqda "qanın yerdə qalmadı, vurğunu olduğun Şuşa azaddır. Ruhun şad olsun, Araz, ruhun şad olsun, Mehdi" deyəcəyim günü səbirsizliklə gözləyirəm. Və mənim bu arzumu başqa bir arzu heç vaxt üstələmir.
Deyirlər, ümid ən sonda ölür. Qarabağ uğrunda şəhid olmuş, itkin düşmüş, qazi olmuş xalqımızın say-seçmə igidləri döyüşə gedəndə tökülən qanların nahaq olmadığına inanırdılar. Onlar üçün göz yaşı töküb nisgilli qalanlar da inanırlar ki, qisas günü çox da uzaqda deyil!