Xəbər verdiyimiz kimi, dekabrın 2 və 3-də Avropa Şurasına üzv dövlətlərin Mədəniyyət Nazirlərinin Bakı Konfransı keçirildi. Dünyanın diqqətini ölkəmizə yönəldən beynəlxalq tədbir nəinki Azərbaycan, eyni zamanda dünya xəritəsinin iki fərqli qütbündə yerləşən Şərq və Qərb dövlətlərinin mədəni həyatında böyük əhəmiyyətə malik hadisə kimi dəyərləndirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və xüsusi dəstəyi ilə həyata keçirilən bu tədbir bir sıra mühüm müddəaların müzakirəsi və gələcək perspektivlərin müəyyənləşməsi baxımından da maraqlı idi. Qlobal kulturoloji mövzular üzrə müzakirələrin aparıldığı konfransda beynəlxalq mədəni əməkdaşlığın ən müxtəlif aspektlərinə nəzər salındı, yeni yollar axtarıldı. Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün təmin edilməsində mədəniyyətlərarası münasibətlərin imkanları araşdırıldı. Bir sıra maraqlı məqamları ilə xarakterik olan konfransda Azərbaycan Prezidenti İlham Əliyev, eləcə də Avropa Şurası, TÜRKSOY, İSESKO, İRSİKA, ALEKSO kimi beynəlxalq təşkilatların rəhbərləri, bir çox ölkələrin mədəniyyət nazirləri və bu sahə üzrə əlaqəli nümayəndələri iştirak etdi. Beləcə, paytaxtımız son illər mötəbər tədbirlərin keçirildiyi ünvanlardan biri kimi bu işin də uğurla icrasına nail oldu. Bakıda keçirilən «Mədəniyyətlərarası dialoq və onun qonşu regionlarında sülh və dayanıqlı inkişafın əsası kimi» devizi altında keçirilən tədbirin reallaşması, ilk növbədə ölkəmizin beynəlxalq aləmdəki imicinə müsbət təsir göstərdi. Ölkəmizə və onun zəngin mədəniyyətinə verilən dəyərin göstəricisi olan beynəlxalq tədbir, həm də Azərbaycanın beynəlxalq aləmdə qazandığı nüfuzun bariz nümunəsidir. Təsadüfi deyil ki, son illərdə prezident mədəniyyət və turizm sahələrinin inkişafı, dünya miqyasında təbliği üçün 100-dən çox fərman və sərəncam imzalayıb. Təkcə 2004-2008-ci illərdə bu istiqamətdə 70-dən artıq beynəlxalq saziş və konvensiya imzalanıb. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın mədəniyyətimizin inkişafına, dünyada təbliğinə verdiyi töhvələrlə ölkəmiz mühüm nailiyyətlərə imza atıb. Bu vacib sahə ilə bağlı aparılan məqsədyönlü fəaliyyətin nəticəsidir ki, Azərbaycan mədəniyyəti dünya mədəniyyətinin onun tərkib hissəsi olan İslam mədəniyyətinin böyük daşıyıcılarından biri olduğundan, Bakı 2009-cu ildə İslam Mədəniyyətinin Paytaxtı elan olunub. Odur ki, Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin Bakı konfransı nəinki Azərbaycan, eyni zamanda Şərq və Qərbin mədəni həyatında mühüm hadisədir. Maraqlıdır ki, tədbirin bütün təşkilatı məsələlərində bu nüans nəzərə alınmışdı. Konfransın keçirildiyi Gülüstan sarayında açılan sərgi buna əyani sübutdur. Qonaqların marağına səbəb olan sərgidə Azərbaycan mədəniyyətinə aid əsas nümunələr öz əksini tapmışdı. Müxtəlif bölmələrdə təşkil olunan sərgidə bir daha aydın oldu ki, çoxəsrlik tarixə malik Azərbaycan mədəniyyəti Şərq və Qərbin qovuşuğunda olmaqla dünyanı hər zaman heyrətdə saxlamağa malikdir. Sərgi həm də Azərbaycan mədəniyyətinin, musiqisinin, incəsənətinin hər bir nümunəsinin onun mənsub olduğu xalqın qədimliyinə söykəndiyini və bunun göstəricisi olduğunu əks etdirir. Qədim xalçalar, milli geyimlər, milli musiqi alətləri, qədim silah növləri, ölkəmizin turizm potensialı barəsindəki stendlər tarixi və mədəni özəlliyimizi göstərməklə yanaşı, zəngin mənəvi dəyərlərimizi, mədəniyyətlərə və dinlərə olan dözümlülüyümüzü göstərmiş oldu. Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən təşkil olunan konfransın keçirilməsində məqsəd də elə buradan qaynaqlanır. Bu, ilk növbədə Avropa ölkələri arasında mədəni əməkdaşlıqda yeni mərhələyə təkan verməklə bu gün dünyanın diqqət mərkəzində olan mədəniyyətlərarası dialoqa nail olmaq deməkdir. Ölkələrarası dialoqun praktik inkişafı, real və səmərəli fəaliyyət mexanizminin müəyyənləşdirilməsi, müxtəlif sivilizasiyalar arasında mədəniyyətlərarası dialoqun təşviqinə yönələn işlərin realizəsi baxımından müstəsna imkanlara malik konfransın mövzusu, iştirakçıların tərkibi, əhatə etdiyi regionlar və miqyasına görə Avropa, o cümlədən İslam ölkələrinin tarixində mədəniyyətlərarası dialoq mövzusunda ilk beynəlxalq tədbir kimi də yadda qaldı. Konfransın uğurlu nəticələrindən asılı olaraq yaranan format gələcəkdə beynəlxalq əhəmiyyətli tədbirlər üçün də nümunə olacaq. Beləcə, 2 günlük konfrans sübut etdi ki, dünyanın gələcək inkişafı məhz belə dialoq və qarşılıqlı anlaşma kontekstində mümkün olacaq. Bunu konfrans təəssüratlarını bölüşən qonaqlar da dedilər. Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günayın fikrincə, sülh və əmin-amanlıq yalnız dövlətlərin bir-birini tanıması və hörmət etməsi sayəsində mümkün ola bilər. “Yaşadığımız əsrdə toplumların, dinlərin, dövlətlərin bir-birini tanıması və hörmət etməsi ən önəmli məsələdir. Çünki barış bir-birini tanımaqla baş tuta bilər. Məhz bu barış sayəsində ölkələr arasında iqtisadi, mədəni əlaqələr yaranır. Elə Bakıda keçirilən tədbir də buna yönəldiyindən böyük əhəmiyyətə malikdir. Bu toplantıda həm Azərbaycan və Türkiyə, həm də Avropa və bütün dünya üçün müsbət nəticələr əldə olunacağına inanıram”. Konfransın Bakıda keçirilməsini öz zəngin mədəniyyəti ilə seçilən Azərbaycanın haqqı kimi də dəyərləndirənlər də oldu. Elə YUNESKO-nun mədəni siyasətlər və beynəlxalq dialoq bölməsinin direktoru Katerina Stenou da bu fikirdə oldu: «Azərbaycan mədəniyyəti elə səviyyədədir ki, onun haqqında nə qədər danışsan azdır. Bu baxımdan Azərbaycanda Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin beynəlxalq konfransının keçirilməsini yüksək qiymətləndirirəm. Ölkənizdə mədəniyyətin inkişafı və dünyada təbliği istiqamətində də çox iş görülüb. Bu isə təbii ki, mədəniyyətin qədim və zəngin olmasından qaynaqlanır. Təkcə Azərbaycan muğamının bütün dünyanı lərzəyə gətirən gücü var. Bu qədim sənət ən gözəl mədəni dəyərləri özündə daşımaqla, özlüyündə bir sivilizasiyalararası dialoq deməkdir». Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdko isə Azərbaycanı bir çox mədəniyyətlərin kəsişmə nöqtəsi adlandırmaqla onun belə bir tədbirə ev sahibliyi etməsini uğurlu addım kimi dəyərləndirdi: “Azərbaycan Avropa ilə Şərq mədəniyyətləri arasında körpü rolunu oynayır. Bu mənada Azərbaycanı bir çox mədəniyyətlərin kəsişmə nöqtəsi adlandırmaq olar. Ölkədə müxtəlif mədəniyyət və dinlərin nümayəndələri azad şəkildə bir yerdə yaşayırlar və bu baxımdan Bakıda keçirilən mədəniyyətlərarası dialoq mövzusunda konfrans çox əlamətdar hadisədir. Bakıda Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda keçirilən beynəlxalq konfrans bir neçə baxımdan əlamətdardır. Bildiyiniz kimi, bu tədbirə Avropa cəmiyyətinin nümayəndələri ilə yanaşı, islam ölkələrinin də təmsilçiləri qatılıblar. Bu gün mədəniyyətlərin, sivilizasiyaların dialoqu mövzusu çox aktualdır. Bakı konfransına qədər Avropa Şurasında bu qədər rəngarəng tərkibdə görüşlər keçirilməyib. Bu konfransda həqiqətən də müxtəlif sivilizasiyaların təmsilçiləri əyləşir. Bunun özü olduqca böyük əhəmiyyətə malikdir». Qətərin mədəniyyət naziri Həməd Əziz Əlkavari isə bu tədbir sayəsində Azərbaycanla onun ölkəsi arasında mədəni əlaqələrin yeni mərhələyə qədəm qoyacağını dedi. Onun sözlərinə görə, 2009-cu ildə Azərbaycanda Qətərin mədəniyyət həftəsinin keçirilməsi nəzərdə tutulur: “2009-cu il Bakı İslam Mədəniyyət Paytaxtı elan olunub. Elə bu tədbir də həmin proqram çərçivəsində həyata keçiriləcək. Çox istərdik ki, iki ölkə arasında mədəni əməkdaşlıq genişlənsin. Səfər çərçivəsində Azərbaycanın mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayevlə görüşüm oldu. Həmin görüşdə ölkələrimiz arasındakı mədəni əməkdaşlıq müzakirə olundu. Hesab edirəm ki, mədəniyyət sahəsində Azərbaycanla görüləcək işlər hələ çoxdur”. İSESKO-nun baş direktoru Əbdüləziz Osman əl-Tüveyceri yüksək səviyyədə təşkil olunan tədbirin uğurlu nəticələrinə inandığını dedi: «Bu tədbir dünyanın ehtiyacı olan dialoqa əsaslanır. İSESKO olaraq belə tədbirlərin təşkilinə çalışacağıq. 2009-cu il Azərbaycanın İslam dünyasının mədəniyyət mərkəzi seçilməsi də bununla əlaqədardır. Bakı qədim tarixə malik şəhərlərdəndir. Odur ki, biz çalışacağıq ki, burada bir çox simpozium və tədbirlər keçirək». ALEKSO-nun baş direktoru Monqi Busnina da belə tədbirlərin Azərbaycanın imicinə müsbət təsir etməsi fikrindədir. O, torpaqlarının 20 faizdən çoxu işğal olunmaqla, abidələrinin də genosidə məruz qaldığı Azərbaycanın digər mədəniyyətlərə və dinlərə qarşı humanizm numayiş etdirdiyi fikrindədir: «belə bir mötəbər tədbirə dəstək verməklə, dinlərin və irqlərin nümayəndələrini, ayrı-ayrı sivilizasiyaların daşıyıcılarını bir masa ətrafına toplayan Azərbaycan beləcə mütərəqqi niyyətlərini də göstərmiş oldu». Makedoniyanın mədəniyyət nazirinin müavini Draqan Nedelyekoviç Avropa və İslam ölkələrinin daha da yaxınlaşması baxımından tədbirin müstəsna əhəmiyyət daşıdığını diqqətə çatdırdı: «Dinlərin, mədəniyyətlərin, xalqların və bu xüsusda bəşəriyyətin səadətinə xidmət edən belə dəyərli addımları hər zaman dəstəkləyəcəyik. Çünki biz bir dünyada yaşayırıq». Bosniya və Hersoqavinanın mülki işlər üzrə nazirinin müavini Senad Sepic həmkarı ilə həmfikirlilik nümayiş etdirməklə yanaşı, Azərbaycanın işğal olunmuş ərazilərindəki abidələrin dağıdılması faktına da münasibət bildirdi: «Münaqişələr zamanı abidələrin dağıdılması yolverilməzdir. Bilirik ki, sizin torpaqlarınız işğal olunub və orada abidələr məhv edilib. Torpaqlar işğal olunsa da, ərazidəki abidələr qorunmalıdır. Çünki onlar ümumilikdə bəşəriyyətin incisidir, onların məhv edilməsi dünya mədəniyyətinə zərbədir». Səudiyyə Ərəbistanının mədəniyyət və informasiya naziri İyad bin Əmin Əl-Mədəni bu tədbirin əməkdaşlıq sahəsində mühüm əhəmiyyətə malik olduğunu və əlaqələrin genişlənməsinə imkan verəcəyini dedi: «Biz hazırda mədəniyyətlərarası dialoqların baş verdiyi ölkədə yaşayır və bu istiqamətin davamının tərəfdarıyıq. Konfransın Azərbaycanda təşkili böyük əhəmiyyətə malikdir. Bu ölkə Avropa ilə Şərq arasında körpü rolunu oynayır. Tədbirdə ərəb ölkələrinin nümayəndələrinin iştirakı onun əhəmiyyətini daha da artırır. Çünki bu gün İslam ölkələri ilə Avropa arasında mədəni layihələrin gerçəkləşməsi vacibdir. Amma bu kontekstdə dinlərə və mədəniyyətlərə qarşılıqlı hörmət prinsipləri də əsasdır». Tatarıstanın mədəniyyət naziri Zilya Valeyeva: «Belə bir önəmli tədbirin təşkilinə və yüksək qonaqpərvərliyə görə, Azərbaycanın mədəniyyət və turizm nazirinə təşəkkür edirəm. Belə bir önəmli tədbirə ev sahibliyi etməniz ölkənin tərəqqi və inkişafından, mədəniyyətlərin mübadiləsinə hazır olmasından xəbər verir. Bizim üçün tolerantlıq və mədəniyyətlərarası dialoq yaxın mövzudur. Çünki təmsil etdiyim ölkədə müxtəlif xalqların və dinlərin təmsilçiləri azad şəkildə fəaliyyət göstərirlər. Məsələnin qlobal müstəvidə həlli üçün belə toplantılar vacibdir». Həmidə