Baharın gəlişindən xəbər verən Novruz bayramı e.ə. 505-ci ildən qeyd olunur. Bu bayram Şimal yarımkürəsində yazın başlandığı, gecə ilə gündüzün bərabərləşdiyi gündə - martın 21-də keçirilir. Novruz aydınlıq, duruluq, yeni əhval-ruhiyyədir.
   Bu bayram ərəfəsində xalqımızın önəm verdiyi ən böyük ünsürlərdən biri də çərşənbələrdir. Azərbaycan türklərinin xalq təqviminə görə, qış fəslinin axırıncı ayı boz aydır. Boz ay fevralın 22-dən mart ayının 21-nə qədər davam edir. Bu ayda havalar tez-tez bozarır, gah yağış yağır, gah gün çıxır. Buna görə də ulu babalarımız boz ayı dörd çərşənbəyə bölublər. Anlayışa görə, Ulu Tanrı ilk insanı - Adəmi yaradarkən torpağa su qatıb, palçıqdan insan vücudu düzəldib, sonra ona isti nəfəs verib, baharda çiçəkləri, otları, ağacları oyadan yellərə əmr verərək onu canlandırıb. Elə bu səbəbdən insan yaranış vəsiləsi kimi dörd ünsürü müqəddəsləşdirib, hərəsinə bir gün ayırıb. Beləcə, bu çərşənbələr su, od, yel, torpaq çərşənbələri kimi qeyd edilib.
   Boz ayın birinci çərşənbəsi su çərşənbəsidir. Deyilənlərə görə, su çərşənbəsi günü təzə su gətirilib, çay qoyulur və qapı-bacaya səpilir. Su xalqımız arasında çox qiymətli və müqəddəs olduğundan ona "su haqqı" deyə and da içirlər.   

    “Mədəniyyət”