On yeddi il əvvəl, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində bəşəriyyət tarixində törədilmiş Xatın, Liditsa, Soqmi, Babi Yar, Salaspils, Oradur faciələri ilə bir sırada duran Xocalı soyqırımı baş vermişdir. Azərbaycanın tarixinə qanlı hərflərlə yazılmış həmin gecə erməni silahlı dəstələri hələ SSRİ dövründə Xankəndi şəhərində yerləşmiş, şəxsi heyətinin xeyli hissəsi ermənilərdən ibarət olan 366-cı motoatıcı alayın zirehli texnikasının və hərbçilərinin köməyi ilə qədim Xocalı şəhərini yerlə-yeksan etmişlər.
Bu qanlı gecədə erməni təcavüzkarlarının törətdikləri vəhşilik yaddaşlardan heç zaman silinməyəcəkdir. Çünki həmin gecə baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyildi, bəşəriyyətə, insanlığa qarşı törədilmiş qanlı cinayət idi.
Xocalı soyqırımının 17-ci ildönümü ilə əlaqədar anma mərasimində iştirak etmək üçün fevralın 26-da səhər tezdən Azərbaycan paytaxtının minlərlə sakini Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə toplaşmışdı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev anma mərasimində iştirak etmişdir.
Abidənin yanında fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyev abidənin önünə əklil qoydu, faciə qurbanlarının xatirəsinə ehtiramını bildirdi.
Mərasimdə baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, digər dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, nazirlər, komitə və şirkət rəhbərləri, dini konfessiyaların başçıları, habelə qırğından xilas ola bilmiş Xocalı sakinləri iştirak edirdilər.
Anma mərasiminin iştirakçıları abidənin önünə tər qızılgüllər, qərənfillər düzdülər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!