Nazirliyin məsul əməkdaşlarının bölgələrə səfərləri maraqla qarşılanır
   
   Mayın 19-da Gədəbəy Rayon Mədəniyyət evində mədəniyyət işçilərinin ümumrayon toplantısı keçirildi. Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə rayonlarda belə toplantıların keçirilməsi artıq ənənə halını alıb. Nazirliyin İcra Aparatının rəhbəri Firudin Qurbanovun başçılıq etdiyi işçi qrupunu salamlayan Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Kamran Rzayev ölkəmizdə ildən-ilə sürətlənən iqtisadi inkişafın mədəniyyət, elm, təhsil, səhiyyə, idman və digər sahələrdə də öz müsbət əksini tapdığını söylədi. Ölkə rəhbərliyinin həyata keçirdiyi uğurlu siyasətin Gədəbəyin də sosial-iqtisadi mənzərəsini əhəmiyyətli dərəcədə dəyişdiyini, rayonda böyük tikinti-quruculuq və abadlıq işlərinin vüsət götürdüyünü deyən icra başçısı fikrini konkret faktlarla əsaslandırdı. O, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının yerlərdə uğurlu icrasından və bugünlərdə Gədəbəydə Qızıl zavodunun işə salınmasından danışdı.
   
   
   Mədəniyyət və Turizm Nazirliyinin İcra Aparatının rəhbəri Firudin Qurbanov nazirliyin əməkdaşlarından ibarət işçi qrupunun üzvlərini toplantı iştirakçılarına təqdim etdi. Azərbaycanın iqtisadi inkişafında qeyri-neft sektorunun xüsusi çəkisinin ildən-ilə artdığını nəzərə çatdıran natiq, son illərdə şəhər və bölgələrdə istifadəyə verilən istehsal müəssisələri ilə yanaşı, turizmin inkişafı üçün də ölkəmizdə çox böyük işlər görüldüyünü qeyd etdi. Turizmlə bağlı şöbə və sektorların nazirliyin tərkibində əhəmiyyətli yer tutmasını da F.Qurbanov bu vacib sahəyə olan diqqət və qayğıdan irəli gəldiyini söylədi. Mədəniyyətlə sıx bağlı olan turizmə dövlətin böyük dəstək verdiyini deyən nazirlik rəsmisi, son üç ildə bu sahənin inkişafı ilə əlaqədar ölkə rəhbərinin 200-ə yaxın fərman və sərəncam imzaladığını, bu istiqamətdə xüsusi proqramlar, böyük layihələr həyata keçirildiyini xatırlatdı. Natiq bildirdi ki, əgər 1950-ci ildə dünyada turistlərin sayı 23 milyon nəfər olubsa, bu rəqəm 2006-cı ildə 1 milyardı ötüb. Təbii ki, turistlərin sayı artdıqca, gəlir də ona uyğun olaraq çoxalır. Çıxışçı onu da qeyd etdi ki, ölkəyə gələn hər turist 7-8 adamın işlə təmin olunması deməkdir. Artıq ölkə turizmində infrastrukturun yarandığını söyləyən F.Qurbanov, son bir il ərzində Bakıda və regionlarımızda 50 hotelin tikilib istifadəyə verildiyini dedi. O, məruzəsində son illərdə mədəniyyət sahəsində əldə olunan uğurlardan da geniş söz açdı. Ötən ilin dekabrında paytaxtımızda «Mədəniyyətlərarası dialoq» mövzusunda Avropa Şurası ölkələri mədəniyyət nazirlərinin iştirakı ilə keçirilən beynəlxalq konfransı Azərbaycanda gerçəkləşən mədəniyyət siyasətinin uğuru kimi qiymətləndirən aparat rəhbəri, prezident İlham Əliyevin və Avropa Şurasının baş katibi Terri Devisin iştirak etdiyi həmin beynəlxalq tədbiri ölkəmizin mədəni həyatında mühüm hadisə adlandırdı. 2009-cu il üçün Bakının İslam Mədəniyyəti Paytaxtı elan olunmasını Azərbaycan mədəniyyətinin qədim tarixi, zənginliyi və son illərdə güclü inkişafı kimi səciyyələndirən F.Qurbanov, bu proqram çərçivəsində ölkəmizdə silsilə tədbirlərin ilboyu davam edəcəyini söylədi. Ötən ilin sonunda Bakıda Beynəlxalq Muğam Mərkəzinin açılışını ölkə rəhbərinin mədəni irsimizə göstərdiyi qayğı kimi dəyərləndirən natiq, bu ilin martında paytaxtımızda 20 ölkə təmsilçisinin iştirak etdiyi möhtəşəm Muğam Festivalının keçirilməsini də mədəniyyətimizin dünyada təbliğ olunması işinin davamı olduğunu bildirdi. O, bu mühüm işlərin həyata keçirilməsində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın da müstəsna xidmətlər göstərdiyini diqqətə çatdırdı. Siyasətin mədəniyyətin bir qolu olduğunu deyən çıxışçı bildirdi ki, ölkəni təbliğ etmək baxımından mədəniyyətin, ədəbiyyatın və idmanın daha böyük imkanları var. Azərbaycan Uşaq Simfonik Orkestrinin ötən il Parisdə - YUNESKO-nun Baş iqamətgahında və Strasburqdakı çıxışlarının, təkrarsız muğam ustası Alim Qasımovun ABŞ-da, Yaponiyada və bir sıra Avropa ölkələrində verdiyi möhtəşəm konsertlərin, Bakıda keçirilən və dünyanın məşhur simfonik orkestrlərinin iştirak etdiyi Rostropoviç festivallarının mədəniyyətimizin təbliğ olunmasında böyük rol oynadığını deyən F.Qurbanov, bu uğurların arxasında Azərbaycan mədəniyyət strukturlarının ildən-ilə möhkəmlənən maddi-texniki bazasının durduğunu söylədi. Natiq, respublikamızdakı mədəniyyət müəssisələrinin əsaslı təmirindən danışmağı da unutmadı. Heydər Əliyev Sarayı dünya standartlarına uyğun, yüksək səviyyədə, Nizami adına Ədəbiyyat Muzeyi, Rus Dram Teatrı və Kukla Teatrının da tam təmir olunduğunu söyləyən F.Qurbanov, hal-hazırda bu istiqamətdə işlərin davam etdirildiyini dedi. Nazirlik rəsmisi bildirdi ki, Dövlət İncəsənət Muzeyində aparılan əsaslı təmir işləri isə başa çatmaq üzrədir. Onu da deyək ki, haqqında məlumat verilən mədəniyyət ocaqlarının videogörüntüləri xüsusi ekranda nümayiş etdirilirdi. Maddi-mədəniyyət abidələrinin qorunmasından da danışan F.Qurbanov, respublikamızda qeydiyyatdan keçmiş 6300-dən çox mədəniyyət abidəsinin olduğunu xatırlatdı. Onlardan ikisi - İçərişəhər və Qobustan Təbii Qoruğu YUNESKO-nun Mədəni İrs siyahısına salınıb. Bu işdə ölkə prezidenti İlham Əliyev, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın böyük səy göstərdiyini diqqətə çatdıran çıxışçı, bu siyahıya digər abidələrimizin salınması üçün də müəyyən işlərin görüldüyünü qeyd etdi. Yaxınlarda başa çatmış «Eurovision» yarışmasında Azərbaycan təmsilçiləri - Araş və Aysel Teymurzadənin III yerə böyük uğur və mədəniyyətimizin təbliği baxımından əhəmiyyətli fakt olduğunu vurğulayan F.Qurbanov həmçinin bildirdi ki, bu işin təşkilati tərəfinə dövlətin dəstəyi olmasaydı, bu qələbə də olmazdı. SSRİ-nin dağılmasından sonra kinematoqrafiya sahəsində bir durğunluq yarandığını deyən natiq, bu vəziyyəti şərtləndirən bir amilin də dünyada internet və peyk şəbəkəsinin inkişafı ilə bağlı olduğunu söylədi. Bu, kinonu bir qədər arxa plana keçirdi. O, həmçinin kino avadanlığının fiziki və mənəvi cəhətdən köhnəlməsini də bu sahəni geri çəkən səbəblərdən biri kimi səciyyələndirdi. Son illər dövlətin kino sahəsinə diqqətinin artdığını söyləyən F.Qurbanov, bu yaxınlarda prezident İlham Əliyevin iştirakı ilə Dövlət Film Fondu binasının açılışını xüsusi qeyd etdi. O, son illər «Cavad xan», «Hökmdarın taleyi» bədii və bir çox sənədli, uşaq filmlərinin çəkildiyini də kinomuzun uğuru kimi dəyərləndirdi. Çıxışçı, kitab nəşri sahəsindəki yeniliklərdən, yüksək poliqrafik keyfiyyəti ilə seçilən kitablarımızın beynəlxalq kitab sərgilərində layiqli yer tutduğundan, kitabxana sistemi və muzeylər şəbəkəsi işinin də təkmilləşdirilməsi üçün xeyli iş görüldüyündən də danışdı.
   Sonra toplantı iştirakçılarına söz verildi. Mərkəzi Kitabxana Sisteminin direktoru Duman Nağıyev Mədəniyyət və Turizm Nazirliyinin işçilərinə belə bir toplantının Gədəbəydə keçirildiyinə görə minnətdarlığını bildirdi. O, qeyd etdi ki, Gədəbəydə kitabxana 1932-ci ildən fəaliyyətə başlayıb. Hazırda rayonda 109 kitabxana var. Ümumi kitab fondu 574 min nüsxədir ki, onun da 156870-i prezident İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə çap olunmuş kitablardır. D.Nağıyev nəzərə çatdırdı ki, əsas çətinlik kitabxana binasının əsaslı təmiri və yeni avadanlıqların alınması ilə bağlıdır. Rayon Tarix Diyarşünaslıq Muzeyinin direktoru Afət Allahverdiyeva bildirdi ki, bu il diyarşünaslıq muzeyinin yaradılmasının 20 ili tamam olur. Muzey əsaslı şəkildə təmir olunub. Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə bədii tərtibat işləri aparılmış, yeni ekspozisiyalar qurulmuşdur. Muzeyin ekspozisiyalarında ulu öndər Heydər Əliyevin 1969-1982-ci illər, 1993-2003-cü illər hakimiyyət dövrü, Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan xalqının mili azadlıq uğrunda mübarizəsi, Qarabağ müharibəsi, 20 Yanvar, 31 Mart, 26 fevral soyqırımları, ölkəmizin apardığı daxili və xarici siyasət, neft strategiyası və iqtisadiyyatda əldə olunan nailiyyətlər də öz əksini tapmışdır. Slavyanka kənd Musiqi məktəbinin direktoru İlham Zeynalov öz çıxışında bildirdi ki, rəhbərlik etdiyi mədəniyyət ocağının təzə binaya böyük ehtiyacı var. Prezident təqaüdçüsü, el aşığı İsfəndiyar Rüstəmov qonaqları salamladı, mədəniyyət işçilərinə göstərdiyi qayğıya görə prezident İlham Əliyevə minnətdarlığını bildirdi. O, söylədi ki, ötən il mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Gədəbəydə olub. O, ilk mədəniyyət naziridir ki, rayonumuza qədəm basıb. Bu diqqətə görə ona «Sağ ol!» deyirəm. Gədəbəy rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Fazilə Məmmədova öz çıxışında qeyd etdi ki, Rüstəm Əliyev kəndində iş adamı İsgəndər Sadıqov öz hesabına mədəniyyət evini təmir etdirir.
   Digər çıxışçılar da görülən işlərdən və mövcud problemlərdən danışdılar. Sonda yenidən çıxış edən Mədəniyyət və Turizm Nazirliyi İcra Aparatının rəhbəri Firudin Qurbanov toplantı iştirakçılarının söz açdığı problemlərin işçi qrupu tərəfindən qeydə alındığını və yaxınlarda nazirliyin Gəncədə keçiriləcək regional müşavirəsində müzakirə olunub həllini tapacağını söylədi.
   Həmin gün işçi qrupunun üzvləri rayon mərkəzindəki mədəniyyət müəssisələrində və Xar-xar, Zəhmət, Slavyanka, Söyüdlü, Gər-gər kəndlərindəki klub və kitabxanalarda oldular.
   
   Qorxmaz Şıxalıoğlu