İyulun 29-da Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakının Fəvvarələr meydanında yenidənqurma və Nizami küçəsindəki tarixi binalarda aparılan bərpa işləri ilə tanış olublar.
   
   Dövlətimizin başçısına məlumat verilib ki, ötən əsrin 80-ci illərinin ortalarında istifadəyə verilən Fəvvarələr meydanı uzun illər Bakının rəmzlərindən biri olub. Lakin xeyli müddət təmir-bərpa işlərinin gecikdirilməsi burada yenidənqurma tədbirlərinin başlanması zərurətini yaradıb. Bir neçə ay bundan əvvəl başlanan yenidənqurma işləri indi sürətlə davam etdirilir.
   Prezident İlham Əliyevin Bakıda park və xiyabanların əsaslı təmiri və yenidən qurulması ilə bağlı tapşırıqlarına əsasən yenilənən Fəvvarələr meydanı ilk növbədə paytaxt sakinlərinin istirahətinin yüksək səviyyədə təşkilinə xidmət edəcəkdir. Müasir tələblər səviyyəsində qurulacaq və paytaxtın bu hissəsinin görkəminə yaraşıq verəcək meydanda aparılan yenidənqurma işləri zamanı orijinal görkəm saxlanılmaqla, ümumi ansambla özəl elementlər və formalar da əlavə ediləcək, yaşıllıq sahələrinə xüsusi diqqət yetiriləcək, dekorativ bitkilər əkiləcək, yeni oturacaqlar qoyulacaq, işıqlandırma sistemi quraşdırılacaq.
   Ölkə başçısı Fəvvarələr meydanında yenidənqurma işlərinin yüksək səviyyədə və keyfiyyətlə aparılmasına dair tapşırıqlarını verib.
   Prezident İlham Əliyev daha sonra paytaxtın Nizami küçəsindəki tarixi binalarda aparılan təmir-bərpa işlərinin gedişi ilə də maraqlanıb.
   Avropa və Şərq memarlığının sintezi əsasında tikilmiş bu nadir binalar Bakının təkrarsız görkəmə malik müasir şəhərə çevrilməsində mühüm rol oynayır. Lakin tarixi-memarlıq abidələrinin bəzi hallarda lazımınca qorunmaması, onlardan bir çoxunun baxımsızlıq üzündən yararsız hala düşməsi çoxəsrlik memarlıq irsi ənənələrinə ciddi xələl gətirirdi. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində tarixi-memarlıq abidələrinin bərpası və qorunması haqqında” 2006-cı il 18 avqust tarixli sərəncamı isə bu sahədə əsaslı dönüş yaradıb. Sərəncamla Bakı şəhərindəki tarixi-memarlıq abidələrini milli-mədəni sərvət kimi qoruyub saxlamaq, yetişməkdə olan nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında onların rolunu gücləndirmək və ölkəmizə gələn çoxlu qonaqlar arasında lazımi səviyyədə təbliğini təmin etmək məqsədilə müvafiq qurumlara tapşırıqlar verilib. Hətta paytaxtdakı tarixi-memarlıq abidələrinin bərpası ilə bağlı Dövlət Proqramının layihəsi də hazırlanıb.
   Ərazi ilə tanış olan dövlətimizin başçısına paytaxtın mərkəzindəki bu qədim binalarda aparılan təmir-bərpa işlərinin yüksək səviyyədə həyata keçirildiyi barədə məlumat verilib. Binaların orijinallığının qorunub saxlanılmasına xüsusi diqqət yetirildiyi bildirilib.