Rəhilə Gülgün: «Nəşriyyatların dünya səviyyəsinə çıxacaq kitabları çoxdur»
  
   “Avrasiya Press” nəşriyyatı 1993-cü ildən Beynəlxalq Avrasiya Mətbuat Fondunun tərkibində fəaliyyət göstərir. Keçən müddət ərzində bir çox keyfiyyətli kitabların çapı ilə tanınan nəşriyyat artıq respublika hüdudlarından kənarda da tanınır. Nəşriyyatın rəhbəri Rəhilə Gülgünlə müsahibəmizdə müəssisənin fəaliyyətinə, bugünkü nəşrlərinə, eləcə də həyata keçirdikləri maraqlı layihələrə nəzər saldıq.   

 - Nəşriyyatın ilk nəşri «Füzuli şəhidləri» kitabı olub. Bildiyiniz kimi, 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında» sərəncam imzaladı. “Avrasiya Press” də nəşriyyat olaraq bu sərəncama qoşulub nəşrlərin həyata keçirilməsində iştirak etdi. Beləliklə, 2004-2007-ci illərdə bu layihə çərçivəsində 80-dən artıq adda kitab nəşrə hazırlamışıq. Bunların hər biri 25 min tirajla çıxıb və təxminən ümumi tiraj 2 milyondan çoxdur. Bu kitablar sərəncama uyğun şəkildə ölkə kitabxanalarına hədiyyə olunub. Həmin nəşrlərin sırasında Yusif Vəzir Çəminzəminlinin 3 cilddə seçilmiş əsərləri, «Əkinçi» qəzetinin tam nüsxələrini özündə ehtiva edən «Əkinçi» kitabı, Firudin Köçərlinin 2 cildlik “Azərbaycan ədəbiyyatı tarixi”, Seyid Əzim Şirvaninin seçilmiş əsərləri, dünya klassiklərindən seçmə nümunələr, Heminqueyin «Əcəl zəngi», 2 cildlik Antik Ədəbiyyat Antalogiyası və Rus Ədəbiyyatı Antologiyası var.
   Bundan başqa, son iki ildə nəşriyyat Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə 10-a yaxın kitab nəşr edib. Bu nəşrlərin sırasında Almas İldırımın həyat və yaradıcılığını əhatə edən «Boğulmayan bir səs», Hüseyn Cavidin dram əsərləri, Mikayıl Müşfiqin seçilmiş əsərləri, Xanımana Əlibəylinin 2 cildlik seçilmiş əsərləri, xalq yazıçısı, İsa Muğannanın 6 cilddən ibarət seçilmiş əsərlərini nəşr etmişik.
   - Rəhilə xanım, bildiyiniz kimi, bu gün Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 1-ci Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək. «Avrasiya Press» nəşriyyatı sərgiyə necə hazırlaşır?
   - Sadaladığım kitabların böyük əksəriyyəti sərgidə nümayiş olunacaq. Üç günlük sərgi-yarmarkada tədbirlərimiz nəzərdə tutulub. İlk tədbirimiz İsa Muğannanın 6 cildliyinin təqdimat mərasimi olacaq. Bu, nazirliklə «Avrasiya Press» nəşriyyatının birgə tədbiridir və orada təxminən 200 nəfərə yaxın iştirakçı olacaq.
   Qeyd edim ki, İsa Muğannanın yaşının elə bir dövrüdür ki, indi onun heç nəyə ehtiyacı yoxdur. Sadəcə, onun ən böyük arzusu idi ki, əsərləri 6 cilddə yenidən nəşr olunsun. Sovet dönəmində nəşriyyatların bir yazıçının 6 cildlik əsərini çap etmək üçün 2 illik planı ola bilərdi. Amma «Avrasiya Press» nəşriyyatı bunun öhdəsindən 8 aya gələ bildi. Özü də yüksək səviyyədə.
   Digər tədbirimiz yeni kitabımız olan «Həqiqətlə üzbəüz»ün təqdimat mərasimidir. Bildiyiniz kimi, çoxlu əcnəbi tələbələr respublikamızın müxtəlif ali məktəblərində təhsil almağa gəlirlər. Onlar Azərbaycan həqiqətləri, tarixi, mədəniyyəti, ümumiyyətlə, yaşadıqları, oxuduqları ölkə haqqında heç bir məlumat almadan çıxıb gedirlər. Amma nəzərə almaq lazımdır ki, Azərbaycan müharibə şəraitində olan bir ölkədir. 1 milyondan çox qaçqın və köçkünü var. Bu məqsədlə Beynəlxalq Avrasiya Mətbuat Fondunun nəzdində Bakı Beynəlxalq Tələbə Klubu yaratmışıq. İndi bu klub sərbəst təşkilat kimi fəaliyyət göstərir. Biz həmin tələbələrin cəbhə bölgəsinə səfərlərini təşkil etdik. Dörd günlük səfər müddətində qaçqın-köçkün ailələri ilə görüşdülər, təmas xəttində oldular, müharibənin törətdiyi dəhşətləri öz gözləri ilə gördülər. 17 yaşdan 30 yaşa qədər olan bu gənclər gördüklərini, duyduqlarını esselər şəklində yazdılar. Biz bu esseləri kitab şəklində çap elədik və həmin kitabı da sərgidə nümayiş etdirəcəyik. Bir məsələni də qeyd edim ki, adıçəkilən kitabın ingilis dilində variantı da çapa hazırlanır. Sərginin 3-cü günü, yəni ayın 12-də biz həmin xarici tələbələrin iştirakı ilə bu esselərin müəllifləri ilə birlikdə maraqlı tədbir keçirəcəyik. Bütün bunlarla yanaşı, nəşriyyatın öz sərbəst nəşrləri də var və biz onları da sərgiyə aparacağıq. Gənc yazıçı Etibar Muradxanlının müharibə mövzusunda çox gözəl bir əsərini çap etmişik. Əsər belə adlanır: «Siz mühasirədəsiniz leytenant». Qulu Ağsəsin «Nabran» novellasını, tələbə-şairə Ülkərin «Səmanın göz yaşı» kitabı və başqaları sərgilənəcək. Beynəlxalq Avrasiya Mətbuat Fondunun əsas prioritetlərindən biri də konfliktologiya, müharibə, minadan zərər çəkənlərlə bağlıdır. Nəşriyyat minadan zərər çəkənlərlə bağlı çap etdiyi «Bu, onların taleyidir» adlı bir kitabını da sərgidə nümayiş etdirəcək.
   - Necə düşünürsünüz, sərgi insanlarda kitab oxumağa maraq yarada biləcəkmi?
   - Adından da göründüyü kimi, bu, Birinci Bakı Beynəlxalq Sərgi Yarmarkasıdır. Bunun özü Azərbaycan üçün önəmli bir hadisədir və əslində, bir bayramdır. Yadınızdadırsa, bir az əvvəl ölkədə beynəlxalq muğam festivalı keçirildi. Bu, bizim uğurumuz idi. İndi də kitab bayramı keçirilir və bu da dövlətin kitaba, naşirlərə göstərdiyi bir qayğıdır. Digər tərəfdən, bunun özü önəmli bir hadisədir ki, insanlar ədəbiyyata necə bir qayğı göstərildiyini görəcəklər. Sərgiyə yüzlərlə insan gələcək, dünya kitabını görəcəklər. 20-ə yaxın ölkənin nümayəndələri sərgidə iştirak edəcək və onların nəşrləri Azərbaycanda sərgilənəcək.
   Yeni əsrin gəncliyi daha çox İnternet səhifələrindən oxuyurlar. Amma kitabla ünsiyyətdə olmaq bizim zamanın nəsli üçün hər gün arzulanan idi. Bu gün də internetsiz həyat yoxdur. Məqsəd də odur ki, yeni nəsildə çapa maraq oyadılsın. Bu baxımdan düşünürəm ki, keçiriləcək sərgi yeni ölkənin, dünyanın diqqətində olan hadisədir. Sərgi kitabdan uzaq düşmüş insanların marağına səbəb olacaq, kitaba marağı artıracaq. Eyni zamanda sərgi kitab yazan naşirləri də düşünməyə vadar edəcək: kim daha yaxşı kitab nəşr edə bilər. Tədbirin bir yeniliyi də ondan ibarətdir ki, daha çox hansı nəşriyyat uğurla çıxış etsə o, mükafatlandırılacaq.
   - Sizcə, Azərbaycan nəşrləri dünya səviyyəsinə çıxmağa hazırdırmı?
   - Əlbəttə. Məsələn, biz Render Haynenin alman və Azərbaycan dillərində şeirlərini çap etmişik. Bu kitab artıq Almaniyada sərgilənib. YUNESKO-nun Mir Cəlal Paşayev ili çərçivəsində keçirdiyi tədbirlərdə bizim kitablar sərgilənirdi. Mən ekranda görəndə çox qürurlandım. Hər il Azərbaycan kitabı dünyanın bütün ölkələrində keçirilən beynəlxalq kitab sərgi-yarmarkalarında iştirak edir. Nəşriyyatların dünya səviyyəsinə çıxacaq kitabları çoxdur.
  
   Mehparə