Bakı şəhəri, Səbail rayonu İstiqlaliyyət küçəsi 41. Bir sıra qədim və möhtəşəm tikililərlə zəngin bu mərkəzi küçədə 1912-ci ildə inşa olunmuş bir tarixi bina da var. Tikildiyi gündən minlərlə sakinin yaşadığı bu bina artıq vaxtilə yaşamış sakinlərdən birinin - Azərbaycanın görkəmli dövlət və ictimai xadimi, milli teatrımızın inkişafında öz rolu olmuş mərhum teatrşünas Məmmədsadıq Əfəndiyevin xatirə lövhəsi ilə daha da möhtəşəmləşəcək, özəlləşəcək. Ən azından bu binanın hazırkı sakinləri, lap elə hər gün xatirə lövhəsinin qarşısından o yan-bu yana tələsən insanlar ani də olsa ayaq saxlayıb tariximizlə bağlı insanlardan birinin də adını, yaşamış olduğu ünvanı bilmiş olacaqlar. Bu mənada ümumilikdə xatirə lövhələri, barelyeflər və bu kimi anım vasitələri böyük əhəmiyyət daşıyır.
Bu fikir srağagün barelyefin açılışına toplaşan insanlar - mədəniyyət və incəsənət xadimləri, teatr və kino nümayəndələri, sənətkarın ailə üzvləri və eləcə də sadə insanlar tərəfindən bir daha təsdiqlənmiş oldu.
Tədbirdə açılış nitqi ilə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev görkəmli ictimai xadimin mədəniyyət tariximizdəki fəaliyyətinin də xüsusi əhəmiyyətə malik olduğunu dedi: «Çox gənc yaşında dünyasını dəyişmiş Məmmədsadıq Əfəndiyev milli teatrımızın inkişafı, teatr tənqidi sahəsində böyük işlər görmüşdür.
Son illər Azərbaycan mədəniyyəti, Azərbaycan ədəbiyyatı və bütövlükdə Azərbaycan dövləti qarşısında xidmətləri olan görkəmli şəxslərin barelyeflərinin onların yaşadıqları mənzillərdə, binalarda, adlarını daşıyan muzeylərdə əbədiləşdirilməsi barəsində hörmətli prezidentimiz cənab İlham Əliyevin silsilə sərəncamları olmuşdur. Əslində, bu barelyefin açılışı da həmin silsilə sərəncamların nəticəsindən irəli gələn addımdır. İllər uzunu öz sırasını gözləyən bu barelyef, nəhayət, bu gözəl tarixi binada özünə əbədi ünvan qazandı.
Məmmədsadıq Əfəndiyevin çox qısa və mənalı ömür yolu olmuşdur. Hələ gənc, təxminən 23-24 yaşlarından artıq ilk İşçi teatrının yaradılmasında, daha sonralar opera teatrında, filarmoniyada, teatr texnikumunda, konservatoriyada həm tədris, həm də bu müəssisələrin bəzilərində direktor, direktor müavini kimi fəaliyyət göstərən Məmmədsadıq müəllim bu gün artıq Bakı şəhərinin ən əzəmətli ünvanlarından olan bu küçədə özünə yeni bir həyat qazandı. Mən bu işdə zəhməti olan bütün insanlara, xüsusən də barelyefin müəllifi əməkdar rəssam Arif Qazıyevə təşəkkürümü bildirirəm».
Mərasimdə çıxış edən teatrşünas-alim İnqilab Kərimov vəzifələrindən, titullarından əlavə sadəcə teatrşünas, teatr tənqidçisi kimi M.Əfəndiyevə verilən qiymətə görə Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürünü bildirdi.
Barelyefin açılışının tetarşünaslar üçün də çox gözəl bir hadisə olduğunu qeyd edən professor Azərbaycan mədəniyyətinin, onun teatr sənətinin inkişafında özünəməxsus iz salmış M.Əfəndiyevin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verdi: «O, sözün əsl mənasında vətənpərvər, cəfakeş bir insan olub. Təsadüfi deyil ki, onun teatr aləminə gəldiyi vaxtlarda bu sənət sahəsi başdan ayağa mürəkkəbliyi, çətinliyi ilə seçilirdi. O dövrdə teatr rəhbərliyindən repertuara qədər hər istiqamətlərdə qəribə bir ziqzaqlıq, dəyişmə var idi. Bundan əlavə teatrlarda tez-tez direktorların, rejissorların dəyişməsi prosesi gedirdi ki, bu da təşkilatı işlərə mürəkkəblik gətirirdi. Belə bir çətin məqamda teatr aləminə baş vuran və öz fəaliyyət istiqamətini düzgün müəyyənləşdirən M.Əfəndiyev qısa ömründə mədəniyyətimizə, teatr sənətimizə öz töhfələrini vermiş oldu».
Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Azərpaşa Nemət, teatrşünas-alim Məryəm Əlizadə, yazıçı Aqşin Babayev öz çıxışlarında mədəniyyətimizin, elmimizin tərəqqisi, milli teatrşünaslıq sahəsinin inkişafı üçün müstəsna xidmətləri olmuş M.Əfəndiyevin şərəfli ömür yolundan danışdılar.
Sonda çıxış edən sənətkarın qızı, musiqişünas İmruz Əfəndiyeva atasına göstərilən diqqət və qayğının təzahürü olan bugünkü tədbirə görə Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürünü bildirdi.
1902-ci ildə Aşqabadda anadan olan Məmədsadıq Əfəndiyev Bakı İşçi və Türk İşçi Kəndli teatrlarının yaradıcısı olub.
1929-cu ilədək Türk İşçi Kəndli Teatrında direktor vəzifəsində çalışan M.Əfəndiyev 30-cu illərdə Moskva Dövlət Konservatoriyasında, Dövlət Kinematoqrafiya İnstitutunda, Bakı Teatr Texnikumunda teart tarixi və fəlsəfədən dərs deyib.
Mətbuatda Nuri Nuriyev imzası ilə ədəbiyyata, mədəniyyətə, teatrşünaslığa aid məqalələrlə çıxış edib.
1937-ci ildə Azərbaycanın maarif komissarı, 1941-ci ldə Azərbaycan Dövlət Filarmoniyasının direktoru vəzifələrində çalışıb.
II Dünya müharibəsinin iştirakçısı olan M.Əfəndiyev 1942-ci ildə Krım döyüşlərində vəfat edib.
Həmidə Nizamiqızı