Mərhum sənətkarımız Rübabə Muradovanın bacısı Tahirə xanım onu belə xarakterizə edir...
  
   Evi tərk edəndən sonra qoca Balanəni öldürürlər
  
   Korifey sənətkarımız Rübabə Muradova 1933-cü ildə Ərdəbil şəhərində anadan olub. Elə orada da Qızlar məktəbində təhsil alıb. Ailədə 7 övlad olublar - 5 bacı, 2 qardaş. 1946-cı ildə atası Mirzəxəlil siyasi mühacir olduğundan ailəsi ilə birgə sovetlər ölkəsinə üz tutur. Bir saat ərzində açılan sərhəd yolları onları Azərbaycana gətirir. Mirzəxəlil hara gedəcəkləri barədə həyat yoldaşına da bir söz demir. Lakin onlar evi tərk edəndən sonra inqilabçılara qarşı çıxanlar evi ələk-vələk edir və "ünvanı söylə, hardadırlar?" sualını cavabsız qoyan, evini tərk etməyən qoca Balanəni döyüb öldürürlər. Mirzəxəlil isə ailəsi ilə əvvəlcə Astarada, daha sonra Salyan şəhərində məskunlaşır. O, burada göz həkimi kimi fəaliyyətini davam etdirir. Eyni zamanda dini məktəb bitirən Mirzəxəlil rayonun axundu olub.
  
   Balaca Rübabənin böyük uğurları
  
   Balaca Rübabə Salyanda orta məktəbdə təhsilini davam etdirir. Və elə orada da onun məlahətli səsini aşkarlayırlar. Bundan sonra musiqi dərnəklərinin birinə üzv olan Rübabə Qulu Əsgərovla tanış olur. Səsinin sehrinə düşən müəllimləri Rübabə ilə Qulunu Bakıya gətirirlər. Əhməd Bakıxanov adına ansamblın bədii rəhbəri onların səsini dinləyir və "bu uşaqların işıqlı gələcəyi var" deyir. Burada Asəf Zeynallı adına Musiqi Məktəbinin muğam şöbəsini bitirən Rübabəni Opera və Balet Teatrına işə götürürlər. Həqiqət Rzayeva, Gülxar Həsənova kimi sənətkarlardan dərs alan Rübabə ilk dəfə səhnədə Leyli kimi görünür. Arif Babayev, Qulu Əsgərov, Əbülfət Əliyevlə tərəf müqabili olur.
  
   Dedilər toyudur bu axşam çağı...
  
   Xaraktercə təmkinli, xeyirxah olan Rübabə xanım son tikəsini belə tanımadığı adamla bölərmiş. Hər kəsin dərdinə şərik olan müğənninin dərdindən, bəlkə də, çoxlarınız xəbərdar deyilsiniz. Rübabə xanım özünü bədbəxt qadın hesab edirdi. Hətta belə şayiələr də gəzirmiş ki, sevgilisi İranda qalıb və Rübabənin dərdindən intihar edib. Elə bu səbəbdən də o, dərdli gəzir. Əslində hər şey başqa cür idi. Bakıda böyük bir sevgi yaşayan Rübabə ona qovuşa bilməyib. Elə sevgilisinin toy günü də səhnəyə çıxaraq qəlb yanğısı ilə:
  
   Dedilər əhdini danıb o dildar,
   Dedim yalan olar, mən inanmadım.
   Dedilər toyudur bu axşam çağı,
   Dindi tar, çaldı saz, mən inanmadım,
  
   "Dilkəş" təsnifini ifa edir. Bu məhəbbətə məhz Rübabə müğənni olduğu üçün son qoyulur. Bir tərəfdən qəlbini didib parçalayan vətən həsrəti, digər tərəfdən isə nakam məhəbbəti onu rahat buraxmır. Hər zaman sanki fəryad edib oxuyan müğənni oxuduqları ilə çoxlarının ürəyinə yol tapsa da, qəlbən tənhalığını yaşayır. Və bu tənhalığına sirdaş içki və siqaret olur. Ömrünün son günlərinə kimi "Ərdəbildəki evimizi istəyirəm" deyən Rübabənin ölümündən sonra hər gün onun qəbrini ziyarət edən sevgilisi də həyata əlvida deyir.
   1983-cü ildə qaraciyərin sirrozu xəstəliyindən dünyasını dəyişən Rübabənin bir çox arzuları yarımçıq qalır...
   Onun vətən həsrətini isə bacısı Tahirə xanım Ərdəbildən gətirdiyi torpağı qəbrinin üstünə səpməklə söndürür.
  
   Kişi dostları daha çox idi
  
   Mənfi xüsusiyyəti tez əsəbləşməyi idi. Lakin az keçmiş hisslərini cilovlaya bilirdi. Ailədə çox uşaq olmasına baxmayaraq, daha çox aralarında 19 yaş fərq olan kiçik bacısı Tahirəni sevərdi. Əsəbləşəndə də yalnız Tahirəni görəndən sonra sakitləşərdi. Çox səxavətli, dostpərəst idi. Kişi dostları daha çox idi. Qısqanc deyildi. Hökümə Qurbanova, Nəcibə Məlikova, Şövkət Ələkbərova, Sara Qədimova qarmon ustası Kübra xanım və başqaları ilə dostluq edirdi.
   Aralarındakı yaş fərqinə baxmayaraq, bacısı Tahirə ilə həmsöhbət olmağı sevən Rübabə xanım onun müğənni olmağını istəmirdi. Günlərin birində dəbdəbəli saç düzümü ilə efirdə görünən Tahirə bu barədə bacısına qorxusundan heç nə demir. Ona telefon açanlar "efirdə bacını göstərirlər"- deyərkən Rübabə xanım bərk əsəbləşir. Evə dönən Tahirənin saçlarını dartır və "gör özünü nə günə qoymusan ki, səni tanımadım. Mən sənə efirə çıxmağa icazə vermişdimmi?"- deyir.
  
   Qısqanc həyat yoldaşı onun saçlarını öz əlləri ilə kəsir
  
   Yarımçıq qalmış məhəbbətindən sonra sevgiyə inamı azalan Rübabə daha sonra sevmədiyi bir insanla ailə qurur. Qəmər adlı bir qız övladı dünyaya gətirsə də, qısqanclıq ucbatından həyat yoldaşından ayrılmaq məcburiyyətində qalır. Az sonra yenidən ailə qurur və Şahnaz adlı qızı dünyaya gəlir. Lakin gözəlliyi ilə çoxlarının ürəyini fəth edən Rübabə uzun saçları ilə də diqqəti çox cəlb edirdi. Həm bu gözəlliyi, həm də pərəstişkarlarının gündən-günə artdığını görən qısqanc həyat yoldaşı onun saçlarını öz əlləri ilə kəsir. Elə növbəti ayrılıq da bu səbəbdən yaşanır.
  
   Rübabə xanımın adına nə bir musiqi məktəbi, nə də bir küçə var
  
   Heç zaman fəxri ad üçün qapı döyməmişdi, Rübabə xanım. Hindistanın tanınmış aktyoru Rac Kapur Bakıya gələrkən Rübabə xanımın 23 yaşı var idi. Və məşhur aktyor onun ifasında "Leyli və Məcnun" əsərinə tamaşa edəndən sonra təklif edir ki, müğənni əməkdar artist adına layiq görülsün. Xalq artisti kimi fəxri ad isə sənətçi üçün gözlənilməz sürpriz olur. Bu gün televiziya kanalları tanınmış sənətkarı yad etsələr də, Rübabə xanımın adına nə bir musiqi məktəbi, nə də bir küçə var. Hər halda, bu xeyirxahlıq həyatdan nakam köçmüş sənətkarın ruhunu şad etmiş olardı...
  
   Mətanət







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar