Cabbar Qaryağdıoğlunun ölümündən 65 il ötür
Bu yaxınlarda Bakıda keçirilən «Muğam aləmi» Beynəlxalq festival mədəni həyatımızda böyük hadisəyə çevrildi. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə təşkil olunan bu beynəlxalq tədbir möhtəşəm muğamımızın, bütövlükdə zəngin mədəniyyətimizin əsl bayramına çevrildi. Bu muğam bayramında biz çox mətləbləri xatırladıq, yada saldıq.
Muğam termini - mənşəyinə görə, məqamla bağlıdır. Orta əsr Şərq musiqisinin məqam əsaslarını ilk dəfə Səfiəddin Urməvi sistemə salmış, Əbdülqədir Marağayi onu daha da təkmilləşdirmişdir.
Azərbaycan muğamının ən mükəmməl elmi əsasını isə dahi bəstəkar Üzeyir Hacıbəyov qoymuşdur. Keçən əsrin 30-cu illərində görkəmli musiqi xadimləri Qara Qarayev, Niyazi və başqaları muğamların nota salınmasında böyük əmək sərf etmişlər.
Azərbaycan muğam ifaçılığında «Rast», «Şur», «Segah», «Çahargah», «Bayatı-Şiraz», «Şüştər», «Humayun», eləcə də «Şahnaz», «Mahur-Hindi», «Rahab», zərb -muğamlardan «Heyratı», «Arazbarı», «Simayi-şəms», «Mənsuriyyə», «Qarabağ şikəstəsi», «Kəsmə şikəstə» və s. geniş yayılmışdır.
Muğam sənətinin inkişafında xanəndələrdən Səttar, Hacı Hüsü, Keçəçi oğlu Məhəmməd, Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Xan Şuşinski, Zülfü Adıgözəlov və başqalarının böyük xidmətləri olmuşdur.
Bu görkəmli musiqi xadimlərindən biri - muğam ifaçılığında «peyğəmbərlik zirvəsinə» yetişən Cabbar Qaryağdıoğlu haqqında söhbət açmaq istəyirik.
Azərbaycan xanəndəlik sənətinin ən görkəmli nümayəndələrindən biri, bəstəkar, musiqi xadimi Cabbar Qaryağdıoğlu 1861-ci il martın 31-də Şuşada anadan olmuşdur. O, tanınmış xanəndə Məşədi Qulu ilə birlikdə müxtəlif konsert salonlarında və hörmətli məclislərdə çıxış etmiş, şöhrət qazanmışdır. Böyük sənətkar 1905-ci ildə tarzən Q.Pirimov, kamançaçalan S.Oqenazaşvili ilə trio yaratmış, 1906-1912-ci illərdə «Qrammofon», «Sport-rekord» və «Ekstrofon» səhmdar cəmiyyətlərinin dəvəti ilə Kiyev, Moskva və Varşava şəhərlərində səsini vallara yazdırmışdır.
Cabbar Qaryağdıoğlu 1935-ci ildə xalq artisti adına layiq görülmüş, bir qədər sonra «Şərəf nişanı» ordeni ilə təltif olunmuşdur.
Deyilənlərə görə, onun atası Məşədi İsmayıl kişi çox qaraqabaq adam olub və dost-tanışları həmişə ona irad tutub atmaca atarmışlar ki, niyə qaş-qabaqlısan, ay İsmayıl, üstünə çovğun düşüb, qar yağmayıb ki? Beləcə, İsmayıl kişiyə zarafatyana deyilən «qaryağdı» sözünü sonralar onun oğlu Cabbar özünə ləqəb götürüb.
Fövqəladə səs tembrinə malik olan Cabbar lap kiçik yaşlarından musiqiyə sonsuz maraq göstərib. O, Şuşada xarrat Qulunun məktəbində oxumuş, dəstgah, təsnif və el mahnılarını məharətlə mənimsəmiş, toy-mağarda onları ifa etmiş, böyük şöhrət qazanmışdır.
Atası əvvəllər Cabbara musiqi məclislərində iştirak etməyə icazə vermək istəməyib. O vaxt qonşuluqda yaşayan Simirnov familiyalı bir həkim bu işdə balaca müğənniyə köməklik göstərib, Cabbar həkimin məsləhəti ilə özünü xəstəliyə vurub, həkim də onun atasına bildirib ki, uşağın xəstəliyi çox ciddidir, əgər ona oxumağa icazə verilməsə, xiffətdən tələf ola bilər. İsmayıl kişi həkimin sözlərindən qorxub və o gündən oğlunun oxumasına icazə verib. Beləcə, Cabbar Qaryağdıoğlu sənət zirvəsinə uzanan yolda ilk addımlarını atmağa başlayır, xanəndəlik sənətində, demək olar ki, yeni mərhələ açır; əvvəlki xanəndələrdən fərqli olaraq Nizaminin, Füzulinin, Zakirin, Vaqifin, Seyid Əzimin, Natəvanın şeirlərindən istifadə edərək, buna qədər ifa olunan fars təsnifləri əvəzinə, Azərbaycan dilində təsniflər oxumağa başlayır. Musiqi mütəxəssisləri deyirlər ki, «Mənsuriyyə», «Mahur» və «Heyratı»nı Cabbar əmi kimi ifa edən ikinci xanəndə olmayıb.
Cabbar Qaryağdıoğludan əvvəlki klassik xanəndələr - Şahqulu, Mirzə Hüseyn, Hacı Hüsü, Məşədi İsi, Səttar, Mirzə Məhəmmədhəsən, Bülbülcan və başqaları musiqi sahəsində böyük xidmətlər göstərmişlər. Ancaq Qaryağdıoğlu xalq musiqisini dərindən mənimsəyib xalqa sevdirməkdə xüsusi məharət nümayiş etdirmişdir.
Bakıda 1902-ci ildə H.Z.Tağıyev Teatrında verdiyi «Şərq konserti» Cabbar Qaryağdıoğlunu daha da şöhrətləndirmiş, onun adı eldən-elə, dildən-dilə düşmüşdür.
C.Qaryağdıoğlu Konservatoriyanın yaradıcılarından biri olmuş, burada klassik xalq musiqisindən dərs demiş, gənc musiqiçilərin yetişdirilməsində böyük əmək sərf etmişdir. Görkəmli sənətkar özünün yazdığı şeir, qəzəl və qoşmalarına, həmçinin başqa şairlərin şeirlərinə 30-dan artıq mahnı bəstələmişdir.
C.Qaryağdıoğlu F.Şalyapinlə, S.Yeseninlə tanış olmuş, onlarla dostluq etmişdir. Təsadüfi deyildir ki, məşhur rus şairi Serqey Yesenin onu «Şərq musiqisinin peyğəmbəri» adlandırmışdır. Bizim görkəmli xanəndə və müğənnilərimizdən Seyid Şuşinski, Bülbül, Xan Şuşinski, Zülfü Adıgözəlov, Yavər Kələntərli və başqaları Cabbar məktəbinin davamçıları olmuşlar.
Bu gün də muğam ustalarımız, gənc muğamsevərlər Cabbar əminin zəngin musiqi dünyasından çox mətləbləri öyrənir, əxz edirlər. Onu da deyək ki, müxtəlif mətbuat səhifələrində Cabbar Qaryağdıoğlunun ecazkar sənəti haqqında yüksək fikirlər, rəylər dərc olunmuşdur.
«Bakinski raboçi» qəzetinin 27 mart 1938-ci il tarixli sayında oxuyuruq: «Bizim xanəndələrin atası, respublikanın xalq artisti Cabbar Qaryağdıoğlu xalq xanəndələrinin musiqi yaddaşının nə qədər zəngin olduğuna canlı misaldır. Cabbar Qaryağdıoğlu Azərbaycan musiqi folklorunun canlı ensiklopediyasıdır. O, 500-ə qədər müxtəlif mahnı və musiqi variasiyalarını yadda saxlamışdır».
Cabbar Qaryağdıoğlu sənətini böyük vəzifə sahibləri də yüksək qiymətləndirmiş, onun şəxsiyyətinə hörmətlə yanaşmışlar. Moskvada Azərbaycan ədəbiyyatı və incəsənəti dekadası keçiriləndə Cabbar Qaryağdıoğlu orada iştirak etmirmiş. O vaxt Stalin nümayəndə heyətindən soruşub ki, «Hanı Qafqazın qoca qartalı?» Bir neçə gün sonra isə onun «Şərəf nişanı» ordeni ilə təltif edilməsi barədə fərman imzalayıb. Mir Cəfər Bağırov tez-tez Cabbar Qaryağdıoğlunu nərd oynamağa dəvət edərmiş.
Görkəmli musiqişünas G.Vinoqradov yazmışdır ki, ümumiyyətlə, Qaryağdıoğlunun yaradıcılığını bilmədən Azərbaycan musiqisinin, muğam və mahnılarının tarixini yazmaq mümkün deyildir. Görkəmli bəstəkar Fikrət Əmirov Cabbar Qaryağdıoğlunun muğamları əsasında «Kürd-ovşarı» simfonik muğamının bir çox təsniflərini yazmışdır. Unudulmaz sənətkarımız Bülbül Cabbar Qaryağdıoğludan danışarkən onu heç kəslə müqayisə etməməyi tövsiyə edərək deyirdi: «Cabbar bütöv bir dövlətdir, tarixdir».
Cabbar Qaryağdıoğlu vaxtilə Elmi Kabinetə 220 mahnı və təsnifin həm mətnini, həm də musiqisini təhvil vermişdir. Buna görə də Üzeyir bəy o vaxt onu Konservatoriyaya çağırıb ki, zəhməthaqqı olaraq 10 min manat qonorar versin. Cabbar əmi bu təklifdən bərk inciyib, onu sakitləşdirmək istəyən Müslüm Maqomayevə belə deyib: «Bu qoca vaxtımda xalqın malını oğurlaya bilmərəm. 60 il müddətində 500-ə qədər mahnı toplamışam. Xoşbəxtəm ki, onun 300-ə qədərini sizin köməyinizlə yazdırdıq. Mən bunu gələcək nəsillərin xeyrinə edirəm».
Cabbar Qaryağdıoğlu ölümündən bir az əvvəl övladlarına müraciətlə demişdi: «Ay bala, hamımız öləcəyik, qalmayacağıq, insan bu gün var, sabah yoxdur. Sizə bir nəsihətim var, nəbadə mən öləndən sonra məndən ötrü bir dövlət qapısına xahişə gedəsiniz. Əgər mən xalqıma, millətimə bir şey eləmişəmsə, onlar məni də gəlib tapacaq, sizi də».
Görkəmli musiqiçi Cabbar Qaryağdıoğlu 1944-cü il aprelin 20-də Bakıda vəfat etmişdir. Ölümündən 65 il keçməsinə baxmayaraq, böyük sənətkar indi də məhəbbətlə xatırlanır, həmişə xoş xatirələrlə yad edilir.
Sözardı: Azərbaycan muğamının bəşər mədəniyyətinin nadir inciləri ilə bir sırada YUNESKO-nun Dünya İrs Siyahısına daxil edilməsi bu bənzərsiz sənət növünün yüksək dəyərlərə malik olmasını bir daha sübut edir. Əlbəttə, muğamımızın bu hörmətlə, bu zirvəyə ucalması onun möhkəm bünövrə üzərində qərar tutması ilə əlaqədardır. Bu bünövrəni yaradanlardan biri də Cabbar Qaryağdıoğlu olmuşdur.
Canalı Mirzəliyev