"Sənətkar portretinə ştrixlər" silsiləsindən
  
   “Bir də görürdüm, gecə telefon zəng çalır: mən ölüm, "şef" (o mənə belə müraciət etməyi xoşlayardı), dur gəl bizə. Deyirdim, ay Niyazi, heç bilirsən, saat neçədi? Üç! Deyirdi, eybi yoxdur, indi maşın göndərirəm. Gəl, bir az oturaq. Bəli, gedərdim. Görərdim Həcər xanımla oturub gözləyir. Stolun da üstü dolu naz-nemətlə. Yuxusu yox idi. Oturardıq səhərəcən. Deyərdi, darıxma, o dünyada yatmağa vaxt qalacaq. Hes kimin də yadına düşməyəcəyik. Deyirdim, ay Niyazi, sən nə danışırsan? Sənin kimi sənətkarı necə unutmaq olar? Səni unutmaq böyük xəyanətdi. Həcərə tərəf dönüb, "gördün?" deyirdi. Bax, günlərimiz beləcə keçərdi. "Qaragilə" xalq mahnısını mənimçün işləmişdi. Simfonik orkestrin ifasında lentə yazdırmışdım. Hər dəfə o lent yazısını eşidəndə, onun mehriban çöhrəsi, dirijor pultu arxasındakı əzəmətli görkəmi gəlib durur gözərim önündə".
  
   Nə acı ki, bu xatirəni söyləyən Şövkət xanımın özü illərdir həyatda yoxdur.
   Nə yaxşı ki, Şövkət xanımın ömrünün son vaxtlarında söylədiyi bu xatirə yazısını kəsib arxivimdə saxlamışam.
   Nə acı ki, Şövkət xanımdan həmin müsahibəni mən almamışdım. Elə olsaydı, həmin müsahibəyə düşməyən bəzi başqa xatirələrim də olardı indi.
   Nə yaxşı ki, Niyazinin Şövkət xanımla bölüşdüyü unudulmaq gümanları düz çıxmadı. Böyük müğənninin gələcəklə bağlı işıqlı proqnozu gerçək oldu.
  
   ***
   Niyazi bizim sənət tariximizdə "birinci" olan digər böyük soydaşlarımız kimi, xalq, vətən qarşısında bir insan ömrünə sığmayacaq missiyanı yerinə yetirdi. Ömrünün sonuna qədər "yoruldum" demədən Azərbaycan musiqisinin yolunda Fərhad kimi külüng çaldı, neçə nəslin həm peşəkar musiqiçi kimi yetişməyində, həm də musiqi zövqunun formalaşmasında misilsiz rol oynadı.…
   Çoxumuz Niyazini ilk professional azərbaycanlı dirijor kimi tanıyırıq. Amma o, Hacıbəyli soyadından irsən keçən musiqi istedadını bəstəkarlığa yönəltmək istəyirdi. Çalışırdı, konservatoriyada dərs alırdı, əsərlər bəstələyirdi. Amma günlərin birində konservatoriyanın müəllimi, milliyyətcə alman olan Ştrasser küçədə rastlaşdığı Həcər xanıma deyir: "Madam, sizdən çox xahiş edirəm, ərinizi dilə tutun ki, mənim dirijorluq sinfimə keçsin. Mən əminəm ki, onun əlləri qeyri-adidir, əgər məşğul olsa, məşhur dirijor olacaq". Həcər professorun dediklərini Niyaziyə çatdıranda, ərindən eşitdiyi bu olur: "Ştrasser şişirdir".
   Amma nə yaxşı ki, Niyazi "şişirdən" Ştrasserin, ola bilsin ki, başqalarının da sözünə baxdı və dirijorluğu seçdi.
   Çox sonralar Niyazi Türkiyədə Adnan Sayqunun "Koroğlu" əsərinin tamaşaya qoyulmasında əvəzsiz xidmətlər göstərərkən, onun pult arxasındakı çalışmalarına, orkestri anlayıb mükəmməl idarəçiliyinə heyran kəsildilər və qəzetlərdə yazdılar ki, Niyazi əlləriylə güləbətin toxuyur. Onun musiqiyə qəti və düzgün münasibəti, bəstəkarı tam anlaması, orkestrdəki bütün ifaçıları öz cazibəsinin altına salıb zabitəsindən çıxmağa imkan verməməsi təbii ki, dinləyicilər üçün ikinci planda idi. Hər kəsin duyduğu orkestin nizamlı və ilhamlı çalğısı, gördüyü isə dirijorun həyat eşqi qaynayan gözlərinin qartal baxışı, üzünün musiqinin taktına uyğun dəyişən ifadələri, bir də ən müxtəlif alətlərdən çıxan səslərin qulaq cırmaqlamayan polifoniyasını idarə edən incə barmaqları idi.
  
    ***
   Elə Niyazinin sağlığında da Azərbaycan musiqi mıühitində belə bir fikir dolaşırdı ki, maestro qısqanc adamdır, gənclərin özünü göstərməyinə imkan vermir, onları sıxışdırır. Xəyalən milli musiqi tariximizi vərəqləyirəm, gəncliyi 25 il öncə dünyasını dəyişmiş Niyazinin yetkin çağlarına düşmüş sənətçilərimizi bir-bir yadıma salıram. Aralarında dirijor da var, musiqiçi də, bəstəkar da, vokalçı da. Amma yalnız onların Niyazinin Azərbaycan simfonik musiqisinin bayraqdarı olduğu illərdə bizə məlum olan uğurları yadıma düşür. Hətta vasvası musiqişünasların da Niyazinin "sığalından keçmiş"lərin nə ifasında, nə də əsərlərinin səslənişində yanlışlığa dair bircə qeydinə rast gəldiyimi də xatırlamıram. Deməli, Niyazinin hər kəsin çata bilməyəcəyi sənət səddini aşanlar yalnız əsl və zəhmətkeş istedadlardı. Niyazi bütün həyatını həsr etdiyi musiqini naşılara, kəmqabiliyyətlərə, tənbəllərə qısqanırmış, onları sənətə yox, vəssalam.
  
   ***
   "18 yaşım vardı. Bir gün maestrogildə olanda qəfildən mənə dedi: "Pasportunu mənə ver". Onun bu sözləri mənə qəribə gəlsə də, pasportumu cibimdən çıxarıb ona verdim. Sənədimi alıb dedi: "Vəssalam, bu gündən olursan mənim oğlum". Maestroya nə deyə bilərdim? Çaşqınlıq içində evə gəldim. Əhvalatı çəkinə-çəkinə anama danışdım. Pah, anam elə hisrləndi ki! Telefonu əlinə alıb Niyazigilə zəng vurdu: "Niyazi! Mənim oğlum nə vaxtdan sənin oğlun olub?! Uşağın pasportunu qaytar!" Aradan bir az keçəndən sonra Həcər xanım pasportumu gətirdi". Bu əhvalatı bəstəkar, xalq artisti Azər Rzayev danışıb mənə. Əslində Azər müəllim bu xatirəni anası, Azərbaycan milli operasının ilk professional qadın müğənnisi Həqiqət Rzayevanın xarakterini açan bir ştrix kimi yada salmışdı. Amma bu gün həmin xatirədə mənimçün diqqətçəkən məqam müasirlərinin "səhnəmizin Vassa Jeleznovası" adlandırdığı Həqiqət xanımın ötkəmliyi yox, övlad nisgilli Niyazinin kövrəkliyi, istedadlı, tərbiyəli, vicdanlı övlad sahibi olmaq istəyidir.
   Allah bir qadının bir kişiyə bəxş edə biləcəyi ən böyük xoşbəxtliyi Niyazidən əsirgəməmişdi. 19 yaşındaykən sevdiyi Həcər eşq yolunda doğmalarından, təhsilindən, hətta vətənindən keçmişdi, kasıblığa, Niyazinin sənət mühitindən, işdən evə gətirdiyi gərginliklərə dözmüşdü, onu vərəmin ağuşundan qoparmışdı, acı dilinə tablaşmışdı, əvvəli-sonu bilinməyən qonaqlıqlarının əziyyətini çəkmişdü. Düz, 51 il bir-birilərindən ayrılmamışdılar, sevginin şirinliyini ömürlük qorumuşdular. Amma məhəbbət bu cütlüyə "qanı - qanımdan, canı - canımdan" deyə biləcəyi övlad verməmişdi. Olsun ki, Niyazinin istedadlı gənclərə atalıq qayğısının, onlardan daha yaxşı çıxış, daha mükəmməl ifa tələb etməyinin, sənət uğurlarına doğma ata kimi fərəhlənməsinin bir səbəbi də bu idi.
   Bəlkə maestro da, xanımı da həmin cavanların onlara bəslədiyi adekvat məhəbbətlə kifayətlənməliydilər. Bəlkə də, o zaman aradan illər keçəndən sonra Həcər xanımın ömrünün Niyazisiz illəri elə faciə ilə bitməzdi. Bəlkələr çox, onlara cavab isə yox...…
  
    ***
   Sabah maestro Niyazinin doğum günüdür. 1912-ci ilin avqustun 20-də dünyaya gəlmişdi, 1984-cü il avqustun 2-də, 72 yaşında dünyasını dəyişdi. Azərbaycan musiqisi düz 25 ildir ki, Niyazisizdi... Əsrin bir çərəyi qədər sürən bu illərdə maestronu şəxsən tanıyanların, onu dinləyənlərin, çörəyini kəsənlərin, öyüdünü eşidənlərin də çoxu haqq dünyasına köçüb. İllər ötdükcə onların sayı yenə azalacaq. Amma Niyazi heç vaxt unudulmayacaq.
  
   G.Mirməmməd