Biçarə sərnişin... xəyallar dünyasının sakini... talesiz bəxtəvər...
  
   (Əvvəli ötən sayımızda)
  
   İnstitutu bitirib vətənə qayıdandan sonra kinostudiyada bir-birinin ardınca filmlərə çəkilirdim. Bir gün Həsən müəllimlə dəhlizdə rastlaşdıq. «Görürəm, kinoulduz olmusan» - dedi. Mən də sevinə-sevinə «amma siz bizə axırıncı kursda oxuyanda deyirdiz ki, bu gedişlə gələcəyin işsizləri olacaqsız. Əlbəttə, bizi cırnatmaq üçün belə söyləyirdiz» cavabımla ona borclu qalmaq istəmədim. Ona da Həsən Əbluc deyərdilər. Sözüm ağzımnan çıxıb qurtarmamış bayaqkı cırnatmaq kəlməsini təkrarladıb «əntiq ifadələr işlədirsən, dil sarıdan doğrudan da inkişaf var» eyhamıyla məni süzdü. Sonra soruşdu ki, rollarımı özüm səsləndirirəm. Pərt oldum, bilmədim nə deyəm. O isə yenə sual verdi: «səhnə danışığı müəllimin kim olub?» Yarı hirslə «siz» dedim. Sakitcə mənə baxıb «Gedirəm özümü asmağa» pıçıldadı... Daha başqa heç nə söyləmədən Həsən müəllim getdi. Həmin gecə, gündüz baş verənlərə görə səhərəcən ağladım. Sonra institut dəftərlərimi qarşıma qoyub, səhnə danışığı dərslərini bir də nəzərdən keçirdim. İndi düşünürəm ki, nə yaxşı, bu görüş baş vermişdi. Onun sözlərindən nəticə çıxartdım. Həyatım büsbütün dəyişdi. Rollarımı səsləndirməyi özümə tapşırdılar. Dublyaj işinə marağım artdı. Əvvəlcə filmlərdə xırda, epizodik, sonra baş rolları səsləndirməyi rejissorlar mənə həvalə etdilər. Və bütün bunlar unudulmaz müəllimimin xidmətiydi. Unudulmaz Həsən Əblucun».
   Qırx illik dublyaj təcrübəsinə malik Arif Həbibinin dostu və həmkarıyla bağlı dilə gətirdikləri də diqqətçəkəndi: «Mən Əbluclar ailəsini çoxdan tanıyıram. Həsənnən qabaq, rəhmətlik qardaşı Heydərlə dostuydum. Tale elə gətirdi ki, biz uzun illər bir yerdə çalışdıq. İnanın, Həsənin dublyajı başqa aləmiydi. Əvvəla, o çox savadlıydı, söz ehtiyatı əlaydı. Sonrasına gəlincə, səsindən istədiyi kimi istifadə etməyi bacarırdı. Bizim işdə «ukladka» çətin proseslərdən biri sayılır. Amma Həsən bunun öhdəsindən rahatca gəlirdi. Məsuliyyətli və zəhmətkeş adamıydı. Bütün günü ora-bura yüyürürdü. Onun xəmiri halallıqla yoğrulmuşdu. Ruhu şad olsun, imkan daxilində ona çox rollar verməyə çalışırdım ki, əlinə bir şey gəlsin. Qəribəydi, özünəməxsus aktyorluğu varıydısa da, rejissorlar onu, demək olar, filmə çəkmirdilər. Ona görə Həsənin əlavə qazancı qiraətdən, dublyajdan çıxırdı. Aktyorluq demişkən, «Yaramaz» filmində Mamukanın baş qəhrəmanını o necə səsləndirib. Daha doğrusu, səsləndirməyib ey, həmin obrazı yaşayıb. İstər Azərbaycan, istərsə də rus dilində elə danışıb, sadəcə vurulursan. Bu rol özünə də xoş gəlirdi.
   Həsən Əbluc sənətkarlıq öz yerində, ən əsası kişi adamıydı. Mərd, əliaçıq, dostcanlı. Bir misal deyim. 1991-ci ilin axırlarında SSRİ dağıldığından Moskvayla əlaqə pozuldu, filmlər verilmədi, vəsait ayrılmadı və sair. Üzr istəyirəm, qaldıq avara. İş yox, dolanışıq yox... Bir gün Həsən məni özüylə Respublika İncəsənət Gimnaziyasının direktoru Oqtay Rəcəbovun yanına apardı. Dedi ki, Oqtay müəllim mənim işlərim çoxdu, çatdırammıram, mümkünsə dərslərimi Arifə verin. Qoyun, o, məni əvəz eləsin. Oqtay müəllim razılaşdı. Biz bir müddət sonra başa düşdük ki, Həsən çatdırmadığına görə yox, mən işsiz qalmayım deyə, bu addımı atmışdı. Əslində, maddi sarıdan öz vəziyyəti sən deyən yaxşı da deyildi. Bax, Həsən belə xeyirxah, nəcib insanıydı...»
   Görkəmli telerejissor Ramiz Həsənoğlu Həsən Əblucla bir neçə tamaşada işləyib. Onun istedadını, yaradıcı imkanlarını xüsusi qeyd edən Ramiz müəllimin fikrincə, televiziya və teatr tamaşalarında, filmlərdə yetərincə rol almamasının, aktyor kimi parlamamasının səbəbi bəlkə də xasiyyətindən irəli gəlirdi. «Bilirsiz, rəhmətlik Həsənin çoxşaxəli istedadı vardı. Allah ona gözəl səs, ürək vermişdi. Qiraətçilik, müəllimlik, dublyaj ustalığı sanki necə deyərlər, əyninə biçilmişdi. Dərin savadı, yazmaq qabiliyyəti, rejissor fantaziyası, aktyorluq məharəti də öz yerində. Sadəcə bir şey vardı ki, o, həm özünə, həm də onunla çalışanlara qarşı hədsiz tələbkarıydı. Və açıq deyək, bu çoxlarına xoş gəlmirdi. Həsənnən çəkinənlər az deyildi. Qısqanclıq da varıydı ona qarşı. Üstəlik, unutmayaq, əsəbiliyi, sözü üzə şax deməyi, dönməzliyi də ona problemlər yaradırdı. Bununla belə, onu sənət aləmində, cəmiyyətdə sevənlər yetərincəydi. Nə deyim, Həsən müəllim mənim xatirimdə işıqlı bir insan, sənətkar kimi yaşayır».
   «Qatarda» teletamaşasını xatırlayıram. Sabit Mirzə, Həsən Əblucun «Qatarda»kı qəhrəmanının adıdır. O, aktyordu, tanınır, sevilir, amma sadədi, məşhurluğundan sui-istifadə eləmir. Heç kimnən fərqlənməməyə çalışır. Səhnədə, ekranda göstərdiyi hünərə rəğmən, həyatda artistlik eləmək iddiasından uzaqdı Sabit Mirzə. Onunla bir kupedə yol gedən Dadaşovsa peşəcə çəkməçi olmasına baxmayaraq, digər yolçuların çaş-baş düşməsindən yararlanıb, bəlkə də həyatda birinci və sonuncu rolunu oynayır. Və əvvəlcə qınaq obyektinə çevrildiyi Sabit Mirzənin-gerçək aktyorun diqqətini özünə çəkə bilir. Qəribə mənzərədi, ilk baxışda adamayovuşmaz, qaraqabaq, sanki əsl istedadına şübhə oyadan aktyor həvəskarın peşəkarlıqla «hazırladığı» tamaşaya baxmalı olur. Həsən Əbluc qəhrəmanının xarakterini açmaq üçün tapdığı sakit, səbirli, ziyalı insan xüsusiyyətlərini qabardır. Bu qəhrəmanı əvvəlcə sanki başını salamat saxlamaq istəyən, kənarda lal-dinməz dayanmış seyrçilikdən hadisələrə qoşulan fəal iştirakçıya çevirir. Və məhz onun müdaxiləsindən sonra bir qədər əvvəlki «tamaşanın» mahiyyəti açılır. Həsən müəllim bütün bu məqamları üzdə sakit görünən, daxildəsə çılğınlıq və ehtirasla müşahidə olunan oyun tərziylə, səmimi, ifadəli şəkildə çatdırır.
   Nədənsə mənə elə gəlir ki, Əblucun özündə Sabit Mirzənin təbiətindən gələn xüsusiyyətlər varıydı. Və obrazın uğurlu alınmasında bu cəhət də özünü göstərib.
   Saysız-hesabsız rollar səsləndirmiş sənətkarın cəmi beş-altı filmə çəkilməsi təəssüf doğurur. Hərçənd o, baxımlı ekran qəhrəmanları yarada bilərdi, əgər rejissorlar diqqətini əsirgəməsəydi. Amma nə yaxşı, «Atları yəhərləyin» filmində yalnız bir epizodda Kəndxuda kimi görünəndən sonra «Tənha narın nağılı»nda Sayad müəllim, «Qara gölün cəngavərləri»ndə Cəmşid Hüseynov, «Pəncərə»də Rövşənin atası rollarına çəkildi. Sonuncu filmdə o həm də qardaşı Ənvərlə birgə rejissorluq edirdi. Əslindəsə, Ənvər hörmət xatirinə böyük qardaşı və müəllimi bildiyi Həsəni rejissor kimi özünə şərik etsə də, ikinci birincinin işinə müdaxilədən uzaq qaçırdı. Ənvərə inanırdı və ona nəyisə diktəni artıq sayırdı, ona görə. Yalnız, Ənvər müəllim demişkən, arabir hansısa fikri söyləməyi özünə rəva bilirdi. O fikri ki, həmişə işin xeyrinə olurdu.
   Yaradıcılığının çox hissəsi radioyla bağlı olan Mailə Muradxanova bir evli kimi qaynayıb-qarışdığı Həsənin həyatdan vaxtsız gedişinə yanıb-yaxılır: «Axı, imkanlarının hamısını reallaşdırammadı. Verəcəyi faydanı nəzərə alsaq, bu, bilirsiz nə deməkdi? O, mənim üçün doğma adamıydı. Həsəni hələ tələbə ikən radioya mən cəlb eləmişdim. Gözəl şeirlər oxuyurdu. Əvvəllər səsini Mehdi Məmmədovla dəyişik salanlar da olurdu. Bunu bilirdi və eləməyib tənbəllik bir neçə dəfə «Mehdi Məmmədov» kimi işimizi aşırmışdı, Şahmar Ələkbərovun dərsdən buraxılıb radioya gəlməsi üçün telefonda dekanla danışmışdı. Heç yadımdan çıxmaz, Həsən Gənc Tamaşaçılar Teatrında Romeo rolunu oynayanda Moskvadaydım. Teleqram vurub təbrik elədim və tezliklə həyatda da Romeo olmağı arzuladım. Amma bizim aramızda ən gec Həsən ailə qurdu. Şahmarla mən dara düşəndə onnan borc alardıq. Yadımdadı, o evlənəndə bir az bikeflədik. Demək, onun qayğıları artıb, indi bizə kim borc verəcək. Yaman özündən çıxan, diqqətsizliyə görə inciyəniydi. Peşmanıydın ki, teleşirkətin qapısına buraxılış vərəqini gec çatdıraydın. Onda görürdün hay-küyü aləmi götürüb. «Bu nə hörmətsizlikdi»- onun hirs-hikkəli vaxtı ağzınnan çıxan bu olardı. Elə ki, beş-on dəqiqə keçirdi, sakitləşirdi. Nə kin-küdurət, nə acıq. Ürəyi təmiziydi, xeyirxahıydı. Heyif Həsəndən, onun böyük istedadı ölməyə layiq deyildi...»
   Ailəcanlıydı Həsən. Atasını, anasını, qardaşlarını, daha sonra xanımını, gözünün ağı-qarası bircə qızını çox istəyirdi. Onların rahatlığı üçün bütün çətinliklərə tablaşırdı. Yorulmurdu, usanmırdı. Kim bilir, bəlkə 24 yaşında saçına birdən-birə qar ələnməsi də bununla bağlıydı. 20 yaşındaykən atasını itirən Həsənin anasını, özündən beş yaş balaca Ənvəri saxlamaq qayğısı çiyninə düşmüşdü axı. O, bu vəzifəni layiqincə yerinə yetirirdi. Bakıda Teatr İnstitutunda aldığı aktyorluq təhsilinin ardından Moskvaya kinorejissorluq ixtisası üzrə oxumağa gedən Ənvərə qayğı, nəvaziş dolu məktublardan savayı pul da göndərirdi Həsən. Bu məktublar yalnız iki nəfərin hal-əhval tutması deyildi, həm də həmin zamanın mədəni həyatında baş verənlərin qısa icmalıydı sanki. Ənvər Əblucun bu gün də sevə-sevə qoruyub saxladığı əmanətlərdən birinə baxmaq məncə fikirlərimin təsdiqinə yetər:
   «Əziz qardaşım, Ənvər! Hər şeydən əvvəl sənə odlu-alovlu salam, niyə ki, müsəlman müsəlmana hər şeydən əvvəl salam verər.
   Sonra...səninlə dava-dalaş, nə ağzına su alıb durmusan? İndi mən vaxt tapmıram, başım qarışıq olur, sən niyə kağız yazmırsan?
   Ənvər, doğrudan baş qarışıqdır. İndi bir-bir səninçün sadalayım. Əvvəla, yaxşı bilirsən ki, iş adamıyam, institutda dərs və tədris işi, teatrda tamaşa, kinostudiyada baş qarışıq olur. «Küləklər»i təhvil verdik. Sabit Rəhmansız. Yazıq premyeranı görmədi...
   Ənvər, Adil İsgəndərovun yanına gedə bilməmişəm. Başı qarışmışdı bayrama hazırlığa. Sonra da bir az xəstə yatdı. Bir də ki, jurnalı tapa bilmirəm. Bəlkə sən göndərəsən mənə, aparım onunçün.
   Bizim uşaqlar yaxşıdır. Arif Həbibi də dublyaja başladı. «Mama vışla zamuj» filmini elədi. Pis işləmir. Pərviz də «Anupama» ( 2 seriyalıdır) filmi ilə məşğuldur. «Ukladka»nı mən eləmişəm. Tofiq şıdırğı çəkiliş aparır. Bir az Müslümdən şikayətçidir...
   «Yeddi oğul» hamının xoşuna gəlib. «Şərikli çörək» Respublika Dövlət mükafatı aldı.
   Fikrət Sultanov «Mastera»nı başlayır. Şahmar orda məşğul olacaq. Əliheydər İlyasın «Topxana meşəsi»ni işləyir.
   Şahmar «Küləklər»də də oynadı.
   ...Mən pyes axtarıram. Müstəqil hazırlamaq üçün. Əlinə macar pyesləri keçsə, tez göndər. Bu yaxınlarda Tofiqlə birlikdə Bəxtiyarın əsərini hazırlamağa başlayacağıq. Görək də... Ümidlə yaşayır dünyada insan.
   Özümə inamım çoxdur. İmkan axtarıram böyük işlər görüm. Arzum budur ki, sən də böyük yaradıcılıq işlərinə başlayasan.
   17.10.1970».
   Tələbəlik dövründən tanıdığım qızı Elnaz on beş illik ayrılıqdan sonra indi-indi kəsdirir ki, bu itkinin miqyası ölçüyə gəlmir. Ata və sənətkar Həsən Əbluc evin içində və çölündə, sən demə, elə böyük imiş ki, bugünkü nöqtədən baxanda əlinə müqayisəlik heç nə keçmir. Ailəcanlı, mehriban, zəhmətkeş, məğrur və ən başlıcası sadə, səmimi, istedadlı Əblucun boş yerini doldurmaq necə çətinmiş.
   Ürəyimi boşaltmaq keçmişdi könlümdən. Yoxsa Həsən müəllimin boşluğunu doldurmağa gücümmü çatardı? O, zamanında və tarixdə yaşamaq üçün bir ürək əritdi, bir ürək partlatdı. Diksinənlər də oldu, ayılmayanlar da. Və bəlkə bu, Həsən Əblucun irəlicədən bildiklərindən, duyduqlarındanıydı. İndi mənim bildiyim, duyduğum təki...

  Seymur Elsevər