Mütaliə hər bir insanın şəxsiyyət kimi formalaşmasında böyük rol oynayır. İnsan mütaliə edərək öz dünyagörüşünü, biliklərini, həyat təcrübəsini, nitq qabiliyyətini artırır, mənəviyyatını zənginləşdirir. Uşaqlara mütaliə vərdişlərinin erkən yaşlarda aşılanması olduqca vacibdir.
  
   Çünki çox mütaliə edən uşaqların intellekti daha sürətlə inkişaf edir. F.Köçərli adına Respublika Uşaq Kitabxananın əsas məqsədi uşaqlarımızın gələcək həyatına yeni dəyərlər gətirmək, tez-tez dəyişən, inkişaf edən rəngarəng dünyamızda uşaqlarımızın mütaliə aləmini zənginləşdirmək, dünyagörüşünü artırmaq, onların daha savadlı, daha zəkalı böyüməsinə təkan verməkdir.
   İstər ümumtəhsil, istərsə də ali və orta ixtisas məktəblərinin tədris proqramında nəzərdə tutulan biliklər insanın həyata fəal müdaxiləsi üçün kifayət deyil. Təcrübə göstərir ki, ali məktəb öz məzunu olan mütəxəssisə müəyyən ixtisas üzrə müasir həyatın tələbi həcmində məlumat və biliklər məcmusu verə bilmir. Bu da təbiidir. Çünki müəyyən vaxtla məhdudlaşan ali və orta ixtisas təhsili məktəblərinin proqramları lazımi bilikləri tam şəkildə özündə əks etdirmək imkanına malik deyil. Ona görə də zamanın tələbinə uyğun olaraq təhsillə mütaliə paralel getməlidir. Bu baxımdan mütaliə mühüm elmi-nəzəri problemdir. Məhz bu problemin həlli üçün F. Köçərli adına Respublika Uşaq Kitabxanası bütün imkanlarından istifadə edir.
   Kitabxanamız yarandığı gündən cəmiyyətin və onun hər bir üzvünün tələbatını ödəmək və əsrlər boyu toplanmış informasiyanı gələcək nəsillərə çatdırmaq və mütaliəyə rəhbərlik kimi mühüm funksiyaları yerinə yetirir.
   İnformasiya cəmiyyətinə keçidlə əlaqədar olaraq kitabxanaların əhaliyə xidmət formaları zamanın tələbinə uyğun dəyişdirilməlidir. Xüsusilə də bu məsələyə uşaq və məktəb kitabxanalarında böyük diqqət yetirilməlidir. Çünki uşaqlarda təfəkkürün və digər şəxsi keyfiyyətlərin formalaşması məhz mütaliə prosesi zamanı baş verir. Yəni uşaq kitabxanalarında mütaliə sistemli və ardıcıl təşkil edilməlidir. Bu da onların təfəkkür tərzinin formalaşmasına müsbət təsir göstərir. Uşaq təfəkkürü hələ tam formalaşmamış olduğundan onların mütaliəsinə nəzarət, rəhbərlik etmək, istiqamətləndirmək zəruridir.
   Uşaqlıq dövründən yeniyetməlik dövrünə və digər yaş dövrünə keçiddə uşaqlar qarşılarına çıxan müxtəlif problemləri həll etmək üçün tələb olunan vərdiş və təcrübəni kitabxananın bilavasitə iştirakı ilə təşkil edilən mütaliənin köməyi ilə qazanırlar. Buna görə də uşaqlarda mütaliə mədəniyyəti tərbiyəsi formalaşdırılması ilə həm ailədə, həm də pedaqoji qaydada məktəblərdə və kitabxanalarda məşğul olunmalıdır. Çünki bu günün uşağı gələcəkdə bu resursların istifadəçisidir və onun gələcəkdə bu resurslardan necə istifadə etməsi kitabxanaçıdan bilavasitə asılıdır. Bu zaman uşaqlara fərqli yanaşmaq vacibdir. Çünki onlar kitabxanaçının köməyinə həmişə dərin ehtiyac duyurlar. Kitabxanaçı uşaqların mütaliəsinə rəhbərlik edərkən üç əsas məsələyə diqqət yetirməlidir: kitab seçməkdə uşağa kömək etmək; seçilən kitabın oxunmasına həvəs yaratmaq; seçilən kitabın səmərəli mütaliəsi üçün istiqamət vermək.
   F.Köçərli adına Respublika Uşaq Kitabxanası öz fəaliyyətində bu istiqamətləri əsas götürərək son zamanlar mühüm işlər görür. Bu baxımdan yay tətili ilə əlaqədar kitabxananın yay oxu zalının fəaliyyətə başlamasını xüsusi qeyd etmək istərdik. Uşaqların yay tətilini nəzərə alan kitabxana onlar üçün şəhərimizin müxtəlif parklarında yay oxu zalını təşkil edib. Kitabxanamız bu addımı atarkən yay tətilinin başlaması və məktəblərdə dərslərin bitməsi ilə əlaqədar uşaqların kitabxanalara müraciətinin azalmasını, mütaliənin zəifləməsini nəzərə alıb.
   İyun ayının 13-dən “Zabitlər bağı”nda fəaliyyətə başlayan “Yay oxu zalı” artıq çoxlu sayda oxucuya xidmət edir. Oxu zalı açıq havada, parklarda fəaliyyət göstərir. Bununla da geniş oxucu kütləsinin mütaliəyə cəlb edilməsinə tez bir zamanda nail olunub. Açıq oxu zalında, kitabxana daxilində olduğu kimi oxuculara hər dildə, hər janrda və tipdə ədəbiyyat təqdim olunur. Yay oxu zalının parklarda təşkil olunmasına ən çox sevinən, sözsüz ki, balacalardır, çünki parklara gəzintiyə çıxan uşaqlar rəngli, əlvan şəkilli, nəfis tərtibatlı kitab və jurnalları gördükdə çox sevinirlər. Onların sevincinə yaşlı nəsil oxucularımız da qoşulur. Belə ki, kitabxanadan vaxt və imkan azlığından istifadə edə bilməyən oxucular 3 saat ərzində sevdiyi müəlliflərin əsərləri ilə tanış ola bilirlər.
   Kitabxanamızın bu addımı rəğbətlə qarşılanır. Oxucularımız arasında keçirilən sorğunun nəticələri bunu təsdiq edir. Onu da qeyd edək ki, yay oxu zalının oxucuları gündən-günə artmaqdadır. Sevindirici hallardan biri də odur ki, bu tədbir kitabxanamızın yeni üzvlərinin artmasına səbəb olub. Bu ona görə müsbət hal kimi qiymətləndirilir ki, mütaliə ayrı-ayrı fərdlərlə yanaşı, həm də bütünlükdə cəmiyyətin bütün sahələrinə bilavasitə təsir edir. Cəmiyyətin bütün inkişaf istiqamətlərini, insan təfəkkürünü formalaşdırmaqla yanaşı, daha da təkmilləşdirir.
   Qeyd etdiyimiz kimi, bu layihəni həyata keçirməkdə kitabxanamızın əsas məqsədi uşaqların mütaliə aləmini zənginləşdirmək, dünyagörüşünü artırmaq, onların vətənə layiqli vətəndaş kimi yetişməsinə yaxından kömək göstərməkdir. Bu tədbiri təşkil etməklə F.Köçərli adına Respublika Uşaq Kitabxanası uşaqlarla yanaşı böyüklərin də mütaliəsini nəzərə alıb. Yay oxu zalı fəaliyyətə başladığı müddətdə kitabxanamız çoxlu sayda oxucu qazanıb. Oxucularımız hər gün eyni saatda zalın açılmasını səbirsizliklə gözləyirlər. Bu da kitabxanamızın uğurundan xəbər verir. Qeyd edək ki, bu, kitabxanamızın əldə etdiyi ilk nailiyyət deyil. Respublika Uşaq Kitabxanası ötən il “Ekologiya ili” ilə əlaqədar bölgələrdə keçirdiyi monitorinqlər, 2010-cu il - “Uşaq ili”nə həsr olunmuş “Dünya uşaq ədəbiyyatı inciləri” və “Alman uşaq ədəbiyyatı” adlı sərgilərlə yeni uğurlara imza atıb.
   Respublika Uşaq Kitabxanasının təşəbbüsü ilə həyata keçirilən bu tədbir sentyabr ayına qədər - yeni dərs ilinədək davam edəcək. Yay oxu zalı bu müddət ərzində müxtəlif parklarda oxucuların istifadəsinə veriləcək. Oxucularımız yay oxu zalının təşkil olunacağı dəqiq ünvan haqqında məlumatı kitabxananın saytından və Facebook səhifəsindən əldə edə bilərlər.
   Kitabxanamız uşaq və məktəb kitabxanalarının metodiki mərkəzi kimi digər kitabxanalara da bu kimi tədbirlərin keçirilməsini tövsiyə edir. Çünki xalqımızın maarifləndirilməsi, mütaliə mədəniyyətinin formalaşdırılması, dünyagörüşünün genişlənməsi nəticə etibarilə ölkənin inkişafına xidmət edir. Bu inkişaf isə mütaliədən başlayır. Əhalinin mütaliəyə cəlb edilməsi, onların mütaliəsinin düzgün istiqamətləndirilməsi bütün kitabxanaların borcudur.
  
   Fizurə Quliyeva,
   F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru