Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Böyük Qayıdış çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışı davam edir. Dekabrın 27-də Xocalı rayonunun Ballıca kəndindən olan 21 ailə (119 nəfər) doğma yurda qovuşub.

Köç karvanı respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.

Kəndə köçən ailələri Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti PHŞ-nin icraçı direktoru Telman Kərimli qarşılayıb. Əvvəlcə Qarabağ müharibəsi şəhidləri və təyyarə qəzasında həlak olan vətəndaşların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. T.Kərimli keçmiş məcburi köçkünləri təbrik edərək onlara xoşbəxt və firavan həyat arzulayıb. Sonra mənzillərin açarları ailələrə təqdim edilib.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Qeyd olunub ki, işğaldan azad edilmiş digər ərazilərdə olduğu kimi, Ballıca kəndində də həyat yenidən canlanır. Böyük Qayıdışla bağlı kənddə bütün infrastruktur yenidən qurulub. Kənd elektrik enerjisi, içməli su, təbii qaz və sürətli internetlə təmin olunub.

Xatırladaq ki, Ballıcaya ilk köç bu il dekabrın 13-də olmuşdu. Həmin vaxt 27 ailə (152 nəfər) kəndə qayıtmışdı. Bununla da Xocalının Ballıca kəndində ümumilikdə 48 ailə olmaqla 271 nəfər keçmiş məcburi köçkünün daimi məskunlaşması təmin edilib.