AMEA Memarlıq və İncəsənət İnstitutunun Memarlıq abidələrinin qorunması və bərpası problemləri şöbəsinin müdiri, memarlıq doktoru, dosent Rahibə Əliyevanın “Nardaran Dövlət Tarix-Mədəniyyət Qoruğu” monoqrafiyası nəşr edilib.
Bu barədə institutdan məlumat verilib.
Tarix və mədəniyyət üçün böyük əhəmiyyət kəsb edən xüsusi ərazilər, mədəniyyət abidələri gələcək nəsillərə ötürülməsi məqsədilə mühafizə olunur. Qoruqlar funksionallıq baxımından tarixi-memarlıq, tarixi-arxeoloji, tarixi-mədəniyyət, tarixi-etnoqrafik qoruqlar kimi təsniflənir. Qoruqların memarlıq məktəbinə xas ümumi memarlıq-şəhərsalma prinsiplərinə baxmayaraq, coğrafi mövqe, hərbi, dini, mülki tikililərin özünəməxsusluğu onları bir-birindən fərqləndirir. Abşeron rayonunda qeydə alınan altı tarixi-mədəniyyət qoruqlarından biri də Nardaran Dövlət Tarix-Mədəniyyət Qoruğudur. Abşeronun tarixi kəndlərindən olan Nardaran Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən Bakı şəhərinin Sabunçu rayonunda “Nardaran Dövlət Tarix-Mədəniyyət Qoruğu” elan edilib.
Tarixi-memarlıq irsinə malik Nardaran qoruğu turizm mədəniyyətinin inkişafında da əhəmiyyətli rola malikdir. Memarlıq doktoru Rahibə Əliyeva institutun bir neçə elmi əməkdaşı ilə birgə ərazidə tədqiqatlar aparıb. “Nardaran Dövlət Tarix-Mədəniyyət Qoruğu” monoqrafiyası bu tədqiqatların nəticəsində ərsəyə gəlib. Qoruğun tədqiqi göstərir ki, Abşeron memarlığının nadir tikililəri kimi Nardaran abidələri maraqlı və qiymətli memarlıq xüsusiyyətləri və inşaat üsullarının üzə çıxarılması nöqteyi-nəzərindən böyük əhəmiyyət kəsb edir.
Kitabda Nardaran kəndinin hərbi, dini, mülki tikililərinin təsnifatı işlənib, onların bərpa təklifləri hazırlanıb. Yeni abidələr siyahıya alınıb.