Azərbaycan Universitetinin Azərbaycanın yeni və ən yeni tarixi, Azərbaycanın qədim və Orta əsrlər tarixi ixtisaslaşmalarında təhsil alan magistratura tələbələri üçün Siyasi Repressiya Qurbanları Muzeyi, Milli Azərbaycan Tarixi Muzeyi və Hacı Zeynalabdin Tağıyevin Ev-Muzeyində təcrübi dərs təşkil olunub.
Universitetin Siyasi və ictimai elmlər kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Səbinə Məmmədlinin tədris etdiyi “Sovet işğal rejiminə qarşı mübarizə” fənni üzrə Siyasi Repressiya Qurbanları Muzeyində tələbələrə SSRİ-nin repressiv siyasəti, repressiya qurbanı olmuş dövlət xadimləri, ziyalılar, hərbçilər, Azərbaycan ədəbiyyatının nümayəndələri, Azərbaycan Xalq Cümhuriyyəti dövründə xaricə təhsil almaq üçün göndərilən gənclərin ağır taleyi, repressiyalarla bağlı vacib sənədlər haqqında geniş məlumat verilib. Qeyd edilib ki, muzeyin binasında vaxtilə SSRİ-nin əsas repressiv orqanları – Fövqəladə Komissiya, Daxili İşlər Komissarlığı və Dövlət Təhlükəsizliyi Komitəsi fəaliyyət göstərib. Binanın zirzəmisində saxlama kameraları, istintaq otaqları, ölüm cəzasına məhkum edilənlərin güllələndiyi yerlər mövcud olub.
Tələbələr Milli Azərbaycan Tarixi Muzeyində həm tarixin müxtəlif dövrlərinə aid eksponatlarla, həm də Hacı Zeynalabdin Tağıyevin ev-muzeyi ilə tanış olmaq imkanı qazanıblar.
Tələbələr S.Məmmədlinin rəhbərliyində təcrübi dərslərin davamı olaraq Şirvanşahlar saray kompleksində də olublar. Burada gənclərə sarayın əsas abidə və tikililəri, saray həyatı və mədəniyyətini əks etdirən eksponatlar haqqında ətraflı məlumat verilib.
Təcrübi dərs İçərişəhərdə yerləşən Miniatür Kitab Muzeyinin ziyarət olunması ilə yekunlaşıb.