İyulun 22-də “Gülüstan” sarayında Azərbaycan milli mətbuatının 135 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib. Tədbirdə çıxış edən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev KİV nümayəndələrini bayram münasibətilə təbrik edib və onlara fəaliyyətlərində uğurlar arzulayıb.
   
   Ramiz Mehdiyev bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə ölkənin rayon və şəhərlərində milli mətbuatın 135 illik yubileyi ilə bağlı tədbirlər keçirilir: “Azərbaycan milli mətbuatı 1875-ci ildə yaranıb, çətin və zəngin yol keçib. Sovet dövründə qəzet və jurnalların sayı artıb, mətbuatın coğrafiyası genişlənib, müstəqillik dövründə isə mətbuat bir qədər də inkişaf etdirilib. Kütləvi informasiya vasitələrinin fəaliyyətinin qanunvericilik bazası təkmilləşdirilib, senzura aradan qaldırılıb və mətbuatın qarşısında yeni perspektivlər açılıb. 2003-cü ildə Azərbaycan Mətbuat Şurası yaradılıb, qurumun maddi-texniki bazasının gücləndirilməsinə dair bir sıra tədbirlər görülür. 2005-ci ildən indiyədək 300-ə yaxın media nümayəndəsi mükafatlandırılıb. Hazırda ölkədə 4200-dən artıq mətbuat orqanı, 50-dən artıq informasiya agentliyi, 200-dən artıq qəzet fəaliyyət göstərir”.
   Prezident Administrasiyasının rəhbəri qeyd edib ki, 2010-cu ildə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi konsepsiyası çərçivəsində bir sıra tədbirlər görüləcək və bu məqsədlə 5 milyon manat vəsait ayrılıb.
   Daha sonra Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov prezident İlham Əliyevin Azərbaycan milli mətbuatının 135 illik yubileyi ilə əlaqədar imzaladığı sərəncamları oxuyub.
   Daha sonra KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqənin qalibləri mükafatlandırılıb.