Qəbələ İkinci Beynəlxalq Musiqi Festivalı avqustun 5-də başa çatır
İyulun 25-də start götürən və dünyanın məşhur musiqiçilərini bir araya gətirən Qəbələ Beynəlxalq musiqi festivalı Azərbaycan mədəniyyətinin və musiqi sənətinin təbliğinə, dünyaya tanıdılmasına mühüm töhfə verdi.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə artıq ikinci dəfə keçirilən festival həm iştirakçılarının sayına görə, həm də beynəlxalq diqqət və maraq etibarilə ötən ilə nisbətən daha genişmiqyaslı və möhtəşəm bir tədbir oldu.
Festivalın iyulun 30-da keçirilmiş rəsmi açılış mərasimində prezident İlham Əliyevin, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın, ölkəmizdə səfərdə olan UNESCO-nun baş direktoru İrina Bokovanın iştirakı da bunun bariz təsdiqi idi.
Mərasimdə çıxış edən Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Qəbələ şəhərinin vaxtilə dünyanın ən qədim sivilizasiyalarından birinin - Qafqaz Albaniyasının paytaxtı olduğunu xatırladaraq bu torpağın Azərbaycan mədəniyyəti tarixində mühüm yeri olduğunu nəzərə çatdırıb: “Əsrlər boyu burada müxtəlif dillərdə danışan, müxtəlif dinlərə, fərqli ənənələrə və mədəniyyətə malik olan insanlar yaşayıb. Zaman keçdikcə dövlətlər, sivilizasiyalar, xalqlar və millətlər yaranır və yox olurdu. Bu gün dünya xəritəsində Qafqaz Albaniyası artıq yoxdur. Lakin Qəbələ bu gün yenə də paytaxtdır - mədəniyyət, musiqi paytaxtı. Qəbələ Beynəlxalq musiqi festivalı artıq gözəl bir ənənəyə çevrilib”.
M.Əliyeva Qəbələ Beynəlxalq musiqi festivalının Azərbaycan və dünya musiqisinin, mədəni dəyərlərin qorunub saxlanmasında Heydər Əliyev Fondu tərəfindən atılan növbəti bir addım olduğunu vurğulayıb. O, UNESCO-nun baş direktoru İrina Bokovanın bu vəzifədə ilk səfərlərindən birini ölkəmizə etməsini və Qəbələ festivalında iştirakını əlamətdar fakt kimi qeyd edib.
UNESCO-nun baş direktoru İrina Bokova mərasimdəki çıxışında Azərbaycanın tarixən mədəniyyətlərin kəsişdiyi, qovuşduğu məkan olduğunu vurğulayıb: “Xalqların və mədəniyyətlərin bu görüşünün əsas nəticəsi Azərbaycanın ustaddan şagirdə, nəsildən-nəslə keçən zəngin musiqi ənənələridir. UNESCO belə hesab edir ki, bu ənənələrin bir qismi ümumdünya irsinin inciləridir, onların qorunub saxlanması və populyarlaşdırılması üçün bütün tədbirlər görülməlidir. Bu festival bizim 2010-cu ildə bayram etdiyimiz, Birləşmiş Millətlər Təşkilatı və UNESCO tərəfindən keçirilən “Beynəlxalq mədəniyyətlərin yaxınlaşması ili”nin ruhuna tam uyğundur”.
UNESCO-nun baş direktoru Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya bəşəriyyətin maddi və qeyri-maddi mədəni irsinin populyarlaşdırılması, mədəniyyətlərarası dialoqun inkişafı naminə göstərdiyi səylərə görə təşəkkür edərək ona UNESCO-nun “Qızıl Motsart” medalını təqdim edib.
Mərasim Azərbaycan mədəniyyətinə həsr olunan videoçarx nümayişi və Qəbələ Beynəlxalq musiqi festivalında iştirak edən London Kral Filarmonik Orkestrinin möhtəşəm konsert proqramı ilə davam edib. Xalq artisti Rauf Abdullayevin dirijorluq etdiyi orkestr Azərbaycan və dünya bəstəkarlarının əsərlərini ifa edib.
Onu da qeyd edək ki, London Kral Filarmonik Orkestri festival çərçivəsində avqustun 1-i, 2-si, 3-də maraqlı konsert proqramları ilə çıxış edib.
Qəbələ İkinci Beynəlxalq musiqi festivalı avqustun 5-də başa çatacaq.
* * *
Ölkəmizdə səfərdə olan UNESCO-nun baş direktoru İrina Bokova isə iyulun 30-da qədim Qəbələ şəhərində “Gilan” piano fabriki ilə tanış olub. Qonağa məlumat verilib ki, 2009-cu ilin sentyabrında fabrikdə 3 pianonun hazırlanması ilə dünya şöhrətli “Beltmann” markalı pianoların istehsalının əsası qoyulub. Hazırda dünyada “Beltmann” markalı pianolar yalnız Qəbələdəki “Gilan” fabrikində istehsal olunur. Fabrikdə ildə 1200-1500 piano istehsal ediləcək.
UNESCO-nun baş direktoru ölkəmizə səfəri çərçivəsində avqustun 1-də Şəkidə olub. Qonaq Şəki xanlarının sarayını, Kiş kəndində yerləşən qədim alban məbədini ziyarət edib, “Yuxarı Karvansara” mehmanxana kompleksinə baş çəkib.
* * *
Avqustun 2-də UNESCO-nun baş direktoru İrina Bokovanın Azərbaycana səfəri başa çatıb. Heydər Əliyev Beynəlxalq Aeroportunda hörmətli qonağı mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, digər rəsmi şəxslər yola salıblar.