Yazın gəlişi dünyanın bir çox ölkəsində rəngli mərasimlərlə qeyd edilir
   
   Azərbaycan da daxil olmaqla, Şərq xalqlarının bir çoxunun qeyd etdiyi Novruz bayramının əsas mahiyyəti gecə ilə gündüzün bərabərləşməsi, yeni astronomik ilin başlanması, qışın yola salınıb, yazın qarşılanmasıdır. Bahar bayramı, yazın qarşılanması mərasimi, bununla bağlı müxtəlif ayinlər, adət-ənənələr isə dünyanın müxtəlif ölkələrində fərqli adlarla qeyd olunur.
   
   Məsələn, xristianların Pasxa bayramı (İsa peyğəmbərin zühuru), dini mahiyyətli olsa da, müəyyən mənada Novruzu xatırladır. Bu bayramda da evlərdə bol süfrə açılır, Pasxa yumurtası boyanır, şirniyyat bişirilir. Bayram axşamı insanlar kilsələrin həyətində toplaşır, kütləvi gəzintiyə çıxırlar. Bu zaman onlar müxtəlif oyunlar oynayır, xorla oxuyur, müddət şənlənirlər.
   Yaz gecə-gündüz bərabərliyinin (21 mart) ardınca ayın doğmasından sonrakı birinci bazar günü qeyd olunan Pasxa hər il fərqli vaxtlara təsadüf edir. Üstəlik, katolik xristianlarla pravoslavlar kilsə təqvimlərindəki fərqlər üzündən bayramı ayrı günlərdə qeyd edirlər. Məsələn, 2012-ci ildə katoliklər Pasxanı aprelin 8-də, pravoslavlar isə 15-də qeyd edəcəklər.
   Rusların Pasxadan təxminən ayyarım öncə qeyd etdikləri “Maslennisa” bayramı da qışın yola salınması, yazın gəlişi ilə bağlıdır. Bu bayramı ruslar (və digər slavyan xalqları) hələ xristianlıqdan öncə, bütpərəstlik dövründə qeyd ediblər. Tonqalların qalanması, qışın (köhnəliyin) simvolu olan “Maslenisa” müqəvvasının yandırılması bir anlamda bizim Novruz öncəsi qeyd etdiyimiz ilaxır çərşənbələri xatırladır. Tonqalda yanan “qış müqəvvası” yerini yeni dövrə - yaza verir. Bayram yazın qış üzərində qələbəsini simvollaşdırır. “Maslenisa” adının mənası isə belədir: pravoslav xristianlarda “Böyük orucluq”dan (“Velikiy post”; ayyarım davam edir, Pasxa bayramı ilə başa çatır) bir həftə öncə yeməklərin hazırlanmasında kərə yağından, süd məhsullarından və balıqdan istifadəyə icazə verilir. Pravoslav kilsə təqvimində bu dövr “Yağ-süd həftəsi” adlanır. “Maslenisa”nın başlanma tarixi hər il “Böyük orucluğ”un vaxtından (2012-ci il üçün 27 fevral - 14 aprel) asılı olaraq dəyişir. Bu il “Maslenisa” fevralın 20-dən 26-dək davam edib.
   Yazın gəlişinin bir əlaməti də torpaqların əkilməsidir. Qədim rus (slavyan) inanclarına görə, “Maslenisa” müqəvvasının yandırılması və külünün torpağa qarışdırılması gələcək məhsuldarlığın rəmzidir. “Maslenisa” bayramında yağlı qutabların (blinçik) bişirilməsi, qəbirlərin ziyarət olunması və s. ayinlər də icra olunur.
   
   Od həyat simvoludur
   
   Tonqallar qalanması, bayram xonçası ətrafında şam yandırılması Novruzun mühüm atributlarlndan biridir. Bu ritual dünyanın bir çox xalqlarının bayram mərasimlərində yer alır. Çünki od-alov ta qədimdən həyat rəmzi olub, qədim insanlar oda tapınıb, onu müqəddəsləşdiriblər.
   Oddan istifadə insanlığın ən qədim və mühüm kəşflərindən biridir. Qədim yunan əsatirlərində odun insanlara Prometey adlı ilahi tərəfindən bəxş edildiyi bildirilir. Reallığa gəldikdə isə, güman olunur ki, ilk dəfə insanlar ildırımın çaxması və üzvi maddələrin öz-özünə yanması nəticəsində əmələ gələn təbii oddan istifadə etmişlər. Od ibtidai insan dəstələrində sosial əlaqələrin formalaşması və möhkəmlənməsində mühüm rol oynayıb. İnsanlar oda sitayiş edib, ona qurbanlar verib, nəticədə odla bağlı müxtəlif adət-ənənələr formalaşıb.
   Oda sitayiş formaları həm də eramızdan əvvəl birinci minillikdə atəşpərəstlik dinini yaradıb. Atəşpərəstliyin əsası oda ilahi qüvvə kimi səcdə etməkdən ibarətdir. Oda pərəstiş bir çox başqa ibtidai cəmiyyətlərdə də yayılıb. Bu, od əldə etməyin və saxlamağın çətinliyi, onun insan həyatındakı əhəmiyyəti ilə əlaqədar idi. Atəşpərəstlik qədimdə Qafqaz, Orta Asiya, İran, Hindistan, qədim Yunanıstan, qədim Roma və sair ərazilərdə yayılıb. Müasir dövrdə isə atəşpərəstlər, Hindistan, Əfqanıstan, Ön Asiya və digər regionlarda yaşamaqdadırlar.
   Yəhudilərin dinində (iudaizm) “alov mərasimi”, xristianlıqda şam yandırmaq, buddizmdə “nirvana çırağı”, İslamda pirlərin ocaq adlandırılması və sair insanın ta qədimdən oda olan sonsuz ehtiyac, tələbat və ehtiramdan irəli gəlir.
   
   Yeni gün - təravət və bərəkət
   
   Qeyd etdiyimiz kimi, yazın gəlişi, yeni astronomik ilin başlanması dünyanın müxtəlif ölkələrində bayram edilir. Hindistanda Holi adlı bahar bayramı fevral-mart aylarında keçirilir. Çində isə Novruza oxşayan bayrama Sinmin deyirlər. Bu bayram aprelin əvvəlində qeyd olunur.
   Yaponiyada yazın gəlişi ərəfəsində qeyd olunan “Gavalı festivalı” - “Ume Maçuri” isə xüsusilə rəngarəng olur. Yaponiyada sakuranın çiçəkləməsi, yaponların həmin ağacların yerləşdiyi ərazilərə gedərək bu mənzərədən necə zövq alması barədə çox yazılıb. Lakin Yaponiyada yazın ilk çiçəkləri məşhur sakuralarda deyil, məhz “ume” adlandırılan gavalı ağaclarında açır.
   Gavalı ağacları fevralda çiçəkləməyə başlayır. Sakuradan fərqli olaraq gavalı çiçəkləri çox güclü ətirə malikdir. Yapon gavalısını bəzən “yapon əriyi” də adlandırırlar. Çiçək açmış gavalıdan zövq almaq ənənəsinin əsası isə Yaponiyaya Çindən keçib. Yazda ilk açan gavalı çiçəkləri yapon poeziyasında çox zaman baharın rəmzi kimi təqdim olunur. Martın 8-dək davam edən festival istirahət və qeyri-iş günlərində müxtəlif tədbirlərlə qeyd olunur.
   Yaponiyada yazın gəlişi münasibətilə qeyd olunan daha bir bayram Seçubun (mövsümlərin bölünməsi) adlanır. Bu, faktiki olaraq Yaponiyanın Ay təqvimində Yeni il bayramıdır. Bu bayram fevralın 3-də qeyd olunur. Bayram xeyir qüvvələrin şər qüvvələr üzərində qələbəsini simvolizə edir.
   Bir sıra ölkələrdə yazın gəlişi ilə bağlı “Ağac əkilməsi günü” qeyd olunur. Çində ağac əkilməsi günü rəsmi yaz bayramıdır. Hər il martın 12-də ölkədə kütləvi yaşıl plantasiyaların salınması mərasimi keçirilir.
   
   Qardaş xalqların Novruz ənənələri
   
   Novruz bayramı uzun illər ərzində müxtəlif adlarla (Yeni Gün, Ərgənəgün, Bahar bayramı) adlandırılsa da, onun əsas mahiyyəti - təravət, yenilik, ruzi-bərəkət rəmzi dəyişməyib. Xatırladaq ki, Novruz İranda, Orta Asiya ölkələrində, Rusiya Federasiyasının türk-müsəlman respublikalarında, Əfqanıstanda, habelə Türkiyədə, Şimali Kiprdə, eləcə də Balkanlardakı müsəlman xalqları arasında (Albaniya, Bosniya, Kosovo) qeyd olunur. Təbii ki, dünyanın dörd bir yanında yaşayan soydaşlarımız, türk xalqlarının diasporları da Novruzu bayram edirlər.
   Novruz bizim qardaş xalqlarla ortaq bayramımız olsa da, onun ayrı-ayrı ölkələrdə qeyd olunmasının özünəməxsus cəhətləri də var.
   Türkiyədə Novruz hələ Osmanlı dövründən geniş qeyd edilib. O vaxtlar bayram münasibətilə sultana ünvanlanmış xüsusi şeirlər yazılar və ona təqdim olunardı. Bu gün də Novruz rəngli mərasimlər çal-çağırla qeyd olunur. Lakin Türkiyədə Novruz bayramı istirahət günü sayılmır.
   Novruz Türkmənistanda əsas bayramlardan biridir. Türkmənlər arasında belə bir atalar sözü də var: “İlin gəlməsi Novruzla bəlli olur”. Novruz bayramı münasibətilə türkmənlər evlərini bəzəyir, qonaq qarşılamağa hazırlaşırlar. Müxtəlif yeməklər, xüsusilə plov bişirər, şirniyyatlar hazırlayarlar. Hesab edirlər ki, bayram üçün nə qədər çoxlu yemək hazırlansa, il bir o qədər bərəkətli olar.
   Qırğızıstanda Novruzda tonqal qalamırlar. Amma həyətin odla pak edilməsi adəti var ki, bu da Azərbaycanda üzərlik yandırılmasına bənzəyir. Qırğızlar deyir ki, bu, qədim türk şamanlarından qalma adətdir. Onlar “Alas-alas, hər bəladan xilas” - deməklə öz həyətlərini atəşlə pis ruhlardan təmizləyirlər.
   Tacikistanda Novruz martın 20-də başlayır və 3-4 gün davam edir. Uşaqlar yaz çiçəklərindən dərib yığır, qapıları döyür, ev sahibinə çiçəklərdən verir, ev sahibi də onlara şirniyyat, yumurta və s. verir. Süfrəyə təmizliyin rəmzi hesab edilən süd, şərbət və şam da qoyulur.
   Novruz bayramı Özbəkistanda da təmtəraqla qeyd olunur. İnsanlar kütləvi gəzintiyə (“Seyir”) çıxırlar, yerlərdə yelləncəklər qurulur, xoruz döyüşləri keçirilir. Novruzla bağlı maraqlı adətlər var. Məsələn, bayram vaxtı öküzlərin buynuzunu yağlayırlar ki, yeni il bərəkətli olsun.
   
   Mehparə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar