Prezident İlham Əliyevin Özbəkistana səfəri çərçivəsində sentyabrın 27-də Daşkənddə Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin binasının əsaslı təmir və bərpadan sonra açılışı keçirilib. Açılış mərasimində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Özbəkistanın baş naziri Şavkat Mirziyayev iştirak ediblər. Prezident İlham Əliyev əvvəlcə mərkəzin qarşısında ulu öndər Heydər Əliyevin abidəsi önünə əklil qoyub.
   
   Bina ilə tanışlıq zamanı məlumat verilib ki, Mərkəzdə Heydər Əliyev, Azərbaycanın dövlətçilik tarixi, Azərbaycan və Özbəkistanın müştərək tarixi muzeyləri fəaliyyət göstərir. Bundan başqa, Mərkəzdə Azərbaycanın musiqi, rəqs və folklor ansamblları da fəaliyyət göstərəcək. Burada Azərbaycan məktəbi və kitabxana da yaradılıb.
   Mərkəzlə tanışlıqdan sonra prezident İlham Əliyev Azərbaycan diasporunun üzvləri ilə görüşüb.
   Prezident İlham Əliyev Mədəniyyət Mərkəzinin sərgi salonunda Səmərqənddə yaşamış mərhum azərbaycanlı heykəltəraş Eynulla Əliyevin əsərlərindən ibarət sərgiyə baxıb.
   
   * * *
   Azərbaycan prezidenti səfər çərçivəsində Özbəkistan paytaxtının tarixi memarlıq abidələri, görkəmli tikililəri ilə də tanış olub. Azərbaycan və Özbəkistan prezidentləri Daşkəndin mərkəzindəki Müstəqillik meydanı kompleksinə baş çəkiblər. Prezident İlham Əliyev burada ucaldılmış “Müstəqillik və humanizm” abidəsinin önünə əklil qoyub. Özbəkistan prezidenti Müstəqillik meydanı kompleksi, həmçinin abidə haqqında məlumat verib. 2005-ci ildə Özbəkistan prezident İslam Kərimovun təşəbbüsü ilə ucaldılan bu abidə Özbəkistanın azadlığının, müstəqilliyinin və gələcəyinin rəmzidir. Abidədə körpəsini qucağında tutmuş xoşbəxt ana təsvir olunub.
   Azərbaycan prezidenti İlham Əliyev və Özbəkistan prezidenti İslam Kərimov sentyabrın 27-də Daşkənddəki “Həzrəti-İmam” məscid kompleksində də olublar.
   Komplekslə tanışlıq zamanı məlumat verilib ki, bu möhtəşəm məscid Özbəkistan prezidenti İslam Kərimovun təşəbbüsü ilə 2007-ci ildə inşa olunub. Məscidin girişində səndəl ağacından oyma naxışlı 20 sütunlu eyvan var. Tikinti zamanı milli özbək memarlığının elementlərindən geniş istifadə edilib. Məscidin içəri tərəfdən zər vərəqlə işlənmiş günbəzi var.
   Prezident İlham Əliyev XVI əsrdə inşa olunmuş “Muyi-mübarək” mədrəsəsinə və Özbəkistan Müsəlmanları İdarəsinin kitabxanasına baxıb. Kitabxananın fondunda XII əsrə aid Qurani-Kərim və digər nadir Şərq əlyazmaları saxlanılır.
   Azərbaycan və Özbəkistan prezidentləri Daşkəndin mərkəzində yerləşən Forumlar Sarayında da olubar. Milli memarlıq üslubunda tikilmiş bu möhtəşəm bina haqqında dövlətimizin başçısına məlumat verilib. 2 min tamaşaçı yeri olan bu sarayda yüksək səviyyəli dövlət mərasimləri və beynəlxalq tədbirlər keçirilir. Özbəkistan Prezidenti İslam Kərimov dövlətimizin başçısı İlham Əliyevə binanın ətrafında Əmir Teymur bağında aparılan abadlıq-quruculuq işləri barədə də məlumat verib.
   
   * * *
   Qeyd edək ki, Azərbaycan prezidentinin Özbəkstana səfəri zamanı iki ölkə arasında bir sıra sənədlər, o cümlədən “Özbəkistan Milli Teleradio Şirkəti” və “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti arasında, Özbəkistan Rəssamlıq Akademiyası və Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutu arasında əməkdaşlıq sazişləri imzalanıb. Azərbaycan prezidenti İlham Əliyev və Özbəkistan prezidenti İslam Kərimov Birgə Bəyannamə imzalayıblar.