Bakıda Türkiyənin "Güvən" xəstəxanasının nümayəndəliyi fəaliyyətə başladı
   
   Yanvarın 25-də «Hilton Bakı» hotelində Ankara “Güvən” xəstəxanasının Bakı nümayəndəliyinin açılmasına həsr olunmuş mərasim keçirildi. Xəstəxana Türkiyənin səhiyyə sahəsində tanınmış brendlərdən hesab edilir. Mərasimdə Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusların nümayəndələri, millət vəkilləri, ictimaiyyət nümayəndələri iştirak edirdilər.
   
   Tədbiri xəstəxananın rəhbəri Nüket Küçükel Ezberçi açaraq Bakıda nümayəndəliyin fəaliyyətə başlamasından məmnunluğunu dilə gətirdi. Qeyd etdi ki, “Güvən” xəstəxanası Türkiyədə ilk özəl xəstəxanalardan biridir. 1974-cü ildə Küçükel ailəsi tərəfindən təsis olunan səhiyyə müəssisəsi Ankaranın mərkəzində yerləşir. Türkiyədə «ağıllı bina texnologiyası» layihəsi ilə inşa edilmiş ilk özəl xəstəxanadır və 40 ilə yaxındır ki, insanlara nümunəvi xidmət göstərməkdədir. Hazırda xəstəxananın 1200 nəfərlik kadr heyəti var.
   Nüket xanım Bakıda nümayəndəlik açmalarının səbəbini də açıqladı: «Son illərdə Azərbaycandan Ankara “Güvən” xəstəxanasına xeyli sayda insan müalicə üçün gəlir. Biz də burada insanlara daha yaxın olmaq üçün nümayəndəlik açmaq qərarına gəldik. Nümayəndəlikdə azərbaycanlı bacı-qardaşlarımızı, dostlarımızı daha yaxşı müayinə və müalicə etmək, ehtiyac olduğu halda yanlarında olmaq istəyirik. Azərbaycanda olan pasiyentlər Bakı ofisi vasitəsilə onları maraqlandıran məsələlər barədə daha müfəssəl məlumat alacaqlar. "Güvən" xəstəxanasının əsas hədəfi qabaqcıl tibbi yenilikləri tətbiq etməklə xidməti səviyyəsini təkmilləşdirmək və insanları daha yüksək həyat standartlarına qovuşdurmaqdır».
   Sonra o, xəstəxananın həkim heyətini tədbir iştirakçılarına təqdim etdi və bildirdi ki, onların hər biri Türkiyədə öz ixtisaslarına görə nüfuza malikdirlər.
   Xanım Ezberçi gələcək planlardan da bəhs etdi və bildirdi ki, nümayəndəlik fəaliyyətə başladıqdan bir qədər sonra müxtəlif layihələr həyata keçirmək niyyətindədirlər: «Azərbaycanlı dostlarımızla bir sıra tədbirlər keçirəcəyik. Çünki insanları xəstə olduğu zaman müalicə etməkdən başqa, onu xəstə olmadan qoruya bilmək çox önəmlidir. Bununla bağlı bəzi maarifləndirmə işləri də aparacağıq».
   Azərbaycanda işləmək, yaşamaq üçün gözəl mühitin olduğunu da dilə gətirən Nüket xanım Bakının gözəlliklərindən də bəhs etdi. Bildirdi ki, son illər Bakı yeni tikililərlə əsrarəngiz şəhərə çevrilib.
   Sonra tədbir iştirakçılarına Ankara “Güvən” xəstəxanasından bəhs edən film təqdim edildi. Filmdə müəssisənin tibbi xidmətləri, tibbi avadanlıqları, müəssisənin şəraiti ilə bağlı məlumatlar yer alırdı.
   Filmin nümayişindən sonra Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç çıxış edərək Ankaradakı belə bir nüfuzlu xəstəxananın nümayəndəliyinin Bakıda açılmasından məmnunluğunu bildirdi, müəssisənin fəaliyyətinə uğurlar arzuladı: «Azərbaycanla bütün sahələrdə, eləcə də səhiyyə sahəsində əlaqələrin qurulması bizi hər zaman sevindirir”.
   Tədbirdə çıxış edən millət vəkili Məlahət İbrahimqızı da Ankara “Güvən” xəstəxanasının Bakıda əlaqə ofisinin açılmasını xoş hadisə kimi dəyərləndirdi.
   “Güvən” xəstəxanasının Bakı nümayəndəliyi “Caspian Plaza”da fəaliyyət göstərəcək.
   
   Mehparə