Bütün dövrlərdə insanların mənəvi aləmi, əxlaq normaları və gerçək aləmə baxışları ilə bağlı adət və ənənələrin yaradıcısı xalq olub. Aydındır ki, bizim hər birimiz erkən yaşdan milli adət və ənənələrin əhatəsində böyüyürük.
Həyatda qarşılaşdığımız hər bir mənəvi dəyəri öyrənir və mənimsəyirik. Beləliklə, həmin mənəvi dəyərlər dövrün, mövcud şəraitin və ictimai quruluşun ruhuna, tələblərinə uyğun cilalanır, yeni forma və məzmun alır. Eyni zamanda şəraitə uyğun mənəvi dəyərlər-adət və ənənələr yaranır. Deyək ki, bu müqəddəs məfhumlar həyatın bütün dövrlərində insan münasibətlərinin tənzimləyicisi və istiqamətvericisi olub. Çünki insan zəkasının yaratdığı bu müqəddəs ənənələr bütün zamanlar, həm də nəsillər arasında körpü rolunu oynayıb.
Mənəvi dəyərlər daha çox ictimai rəyə əsaslanan yazılmamış ünsiyyət qanunları kimi fəaliyyət göstərir. Adət və ənənə ilə əxlaq arasında bir qırılmaz bağlılıq var. Çünki hər bir ənənə müəyyən əxlaqi məna daşıyır. Onlara laqeyd qalmaq insanlar arasında münasibətlərin pozulmasına, şəxsiyyətlə kollektiv və cəmiyyət arasında ziddiyyətlərin əmələ gəlməsinə səbəb olur. Çünki milli-mənəvi dəyərlər xalqın milli ruhunu, estetik duyumunu, sənətkarlıq qüdrətini özündə yaşadır. Çeşidli folklor nümunələrimiz məhz adət və ənənələrimiz işığında intişar tapır. İndi bu mənəvi dəyərlər zəngin mədəni irs olmaqla bərabər, eyni zamanda milli özünəməxsusluğun ifadə vasitəsinə çevrilib.
Bu gün milli adət və ənənələrimiz bədii-emosional tamaşa elementləri, musiqi, mahnı nümunələri, əyləncəli oyunlarla zəngin olmaqla yanaşı, insanların davranışlarına əsaslı təsir göstərən əxlaq normalarının da daşıyıcıları hesab olunur. Adət və ənənələr bütün mədəni tədbirlər üçün rəmzi məna kəsb edir və onlara milli məzmun gətirir. Məsələn, Novruz bayramı ərəfəsində keçirilən bir çox mədəni tədbirlərdə səmənidən, xalqımızın qədim milli geyimlərindən və s. milli-rəmzi atributlarından geniş istifadə olunur. Xalqımızın adət və ənənələrinin milli-psixoloji xüsusiyyətlərinə uyğun gələn nümunələr mədəni həyatımıza tətbiq olunur.
Milli adət və ənənələrin öyrənilməsi və onların mənəvi dəyərlər sisteminə çevrilməsi həmişə aktual olub. Çünki tarixin bütün dövrlərində millətin və xalqın ictimai şüur səviyyəsini əks etdirən adət və ənənələr həm də mədəni tərəqqinin, əxlaqi xüsusiyyətlərin göstəriciləri kimi çıxış edib. Digər tərəfdən, hər bir xalqın bədii yaradıcılıq nümunələri adət və ənənələr məkanında klassikləşib və mədəni irsə çevrilib. Yeni yaranan mənəvi dəyərlər də varislik prinsiplərinə uyğun olaraq əski adət və ənənələrdən bəhrələnib.
Qeyd edək ki, müstəmləkə, əsarət həyatı yaşamış hər bir xalqın mədəniyyətində, xüsusilə milli dəyərlər sistemini özündə yaşadan adət və ənənələrdə deformasiya halları olub. Azərbaycan xalqının iki əsrədək çar Rusiyanın və sovet dövlətinin tərkibində olması bir çox milli və dini adət-ənənələrimizin təzyiqlər altında qalmasına səbəb olub. Dini bayramlarımızın gerçək həyatda keçirilməsinə qadağalar qoyulub. Amma onların bədii-emosional ifadə vasitələri xalqımızın yaddaşında yaşayıb.
Azərbaycan xalqı müstəqilliyini bərpa etdikdən sonra Qurban, Ramazan, Novruz kimi dini və milli bayramlarımızın keçirilməsinə qadağalar da aradan qalxdı. Bu gün milli və dini adət-ənənələrimizdəki bədii-emosional cəhətlərin araşdırılmasına, onlarla əlaqədar olan folklor nümunələrinin aşkar olunmasına böyük ehtiyac duyulur. Məlumdur ki, tətbiqi incəsənətin yanaşma və dəyişmə metodlarından biri ictimai, siyasi, fəlsəfi fikri bədii hadisəyə çevirməkdir. Bunun üçün tətbiqi incəsənətin bədii-sənədli dramaturgiya janrından yaradıcı şəkildə istifadə edilir. Nəzərdə tutulan hadisələrin ideyası ssenari şəklində tapılır. Sonra həm nümayiş etdirmə, həm də teatrlaşdırma vasitəsilə reallaşdırılır. Nəticədə ünsiyyətin bədii kütləvi forması meydana çıxır. Bədii-kütləvi işin formalarından istifadə edilərək unudulub yaddaşdan silinmiş milli adət və ənənələrimiz həmin bədii kütləvi tədbirlərin ifadə vasitələrinə çevrilir.
Xalq tərəfindən yaradılmış hər bir adət və ənənə əsrlər boyu yaşayıb. İnsanlar hər şeydən çox keçirilən mərasimlərin fövqəltəbiiliyinə daha çox inanıblar. Adət-ənənələrdə simvolik elementlər də xüsusi yer tutub və onlar insan mənəviyyatına çevrilən amillər kimi tərbiyə sistemində hər zaman xüsusi əhəmiyyət kəsb edib.
Savalan Fərəcov