Oktyabrın 7-də Milli Məclisin elm və təhsil, regional məsələlər və mədəniyyət komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirə olunub.
   İclasda iştirak edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, 2006-2010-cu illərdə respublikamızda dövlət büdcəsindən mədəniyyət sahəsinə ayrılan xərclər 2,8 dəfə artıb. Nazir qeyd edib ki, bu, dövlət rəhbərliyinin Azərbaycan mədəniyyətinin inkişafına, dünyada təbliğinə, abidələrin bərpasına göstərdiyi yüksək diqqət və qayğının nəticəsidir. Gələn ilin dövlət büdcəsi layihəsində isə mədəniyyət xərclərinin cari illə müqayisədə 13 faiz artırılması nəzərdə tutulub. Ümumiyyətlə, layihədə növbəti il respublikamızda planlaşdırılan bütün mədəni tədbirlər üçün lazımi səviyyədə vəsait ayrılıb. Nazir vurğulayıb ki, 2011-ci ildə də bu artımın gözlənilməsi ölkə əhəmiyyətli mühüm layihələrin və tədbirlərin reallaşacağından xəbər verir. Gələn il ölkəmiz dünyada ilk dəfə olaraq Mədəniyyətlərarası Dialoqa həsr olunmuş I Foruma ev sahibliyi edəcək.