23 aprel “Dünya kitab və müəllif hüquqları günü”dür
   
 
  23 aprel “Dünya kitab və müəllif hüquqları günü” (World Book and Copyright Day) kimi qeyd edilir. Bu gün 1995-ci ildə UNESCO tərəfindən dünya şöhrətli söz ustaları - ingilis şairi və dramaturqu Uilyam Şekspirin (1564-1616), görkəmli ispan yazıçısı Migel de Servantesin (1547-1616) və perulu məşhur tarixçi-yazar İnka Qarsilaso de la Veqanın (1539-1616) xatirəsinə ehtiram olaraq təsis edilib. Onların hər üçü eyni gündə, 1616-cı ilin 23 aprelində vəfat ediblər.
   
   Dünyada kitab nəşri və müəllif əsərlərinin geniş şəkildə yayılması imkanlarının artmasından sonra ortaya çıxan problemlərdən biri “müəlliflik hüququ” ilə bağlı olub. Bu ifadə ilk dəfə XIX əsrdə Almaniyada aktuallaşıb. Əvvəllər yalnız ədəbiyyat sahəsinə, ədəbi əsərlərin müəllifliyinə aid edilən bu anlayış 1870-ci il iyunun 11-də Almaniyada qəbul edilən qanunla mülkiyyətin bütün formalarına şamil olunub. XX əsrdə müəlliflik hüququ məsələsi xüsusilə kitab nəşri sahəsində daha da aktuallaşaraq beynəlxalq əhəmiyyət kəsb etməyə başlayıb. 1995-ci ildə UNESCO-nun 28-ci sessiyasında (25 oktyabr - 16 noyabr) “Dünya kitab və müəllif hüquqları günü”nün təsis olunması da bu məsələyə verilən beynəlxalq önəmin göstəricisidir. Bu gün Azərbaycanda 2001-ci ildən qeyd olunur.
   Hər bir yaradıcı insanın öz əsərinə müəlliflik hüququ var. Bu, vətəndaş hüququnun elm, ədəbiyyat, incəsənət əsərlərinin yaradılması və sonrakı fəaliyyəti ilə əlaqədar münasibətləri tənzimləyən bir bölməsidir. Bu gün müəllif hüquqlarının qorunması həm beynəlxalq konvensiyalarla, həm də ayrı-ayrı ölkələrin yerli qanunvericiliyi ilə tənzimlənir.
   “Dünya kitab və müəllif hüquqları günü”nün geniş şəkildə qeyd olunması, kitabın təbliğ olunması həm də bir çox ölkələrdə aktual olan savadsızlıq probleminin aradan qaldırılmasına xidmət edir. Hazırda dünyada 860 milyondan çox adam savadsızdır, 100 milyondan çox uşaq təhsildən kənarda qalıb. Onların təhsillə məşğul ola bilməsi üçün UNESCO səviyyəsində müxtəlif layihə və proqramlar həyata keçirilir. Bu problem ölkəmiz üçün səciyyəvi olmasa da, bu gün Azərbaycan kitabının dünyaya çıxması, müəlliflərimizin və onların əsərlərinin dünyada daha geniş təbliği aktual məsələlərdəndir.
   
   Azərbaycan kitabının dünyada uğurlu təqdimatı
   
   Müasir dövrdə kitab həm də hər bir xalqı beynəlxalq arenada təbliğ edən bir vasitədir. Sevindirici haldır ki, bu gün həm dünyada tanınan müəlliflərimiz, həm də kitablarımızı beynəlxalq arenaya çıxara bilən nəşriyyatlarımız var. 1993-cü ildən bəri fəaliyyət göstərən və bu günə qədər çap etdiyi kitabların keyfiyyətinə görə bir sıra müsabiqələrdə qalib adını alan «Təhsil» Nəşriyyat-Poliqrafiya Birliyi da onlardan biridir. Nəşriyyatın direktoru Bəhruz Axundovun sözlərinə görə, artıq Azərbaycan naşirləri dünyada öz sözlərini deməyə başlayıblar: «Bizim yaxşı nəşriyyatlarımız, yüksək texniki imkanlara malik mətbəələrimiz var. Bir vaxtlar kimlərsə kitablarını çap etmək üçün xarici ölkələrə üz tuturdular. Amma artıq Azərbaycanda öz iş keyfiyyətinə görə Avropa və dünya ölkələrindən geridə qalmayan nəşriyyatlar yaranıb. Kitablarımız müxtəlif beynəlxalq sərgilərdə uğurla nümayiş olunur”.
   2011-ci ilin sentyabrında Bakıda keçirilən Beynəlxalq kitab sərgi-yarmarkasına gələn xarici mütəxəssislər Azərbaycan kitabının yüksək keyfiyyətini bir daha təsdiq etdilər. Bu sırada “Təhsil” nəşriyyatında ərsəyə gələn kitablar da var. Onlardan 2005-ci ildə Moskvada keçirilən MDB ölkələrinin II beynəlxalq «Kitab sənəti» müsabiqəsində I yerə layiq görülən şair Çingiz Əlioğlunun «Atlantlar» kitabını, Azərbaycan tarixini dünyaya tanıdan, 6 dilə tərcümə olunan «Qarabağ - real tarix, faktlar, sənədlər» nəşrini (müəlliflər Yaqub Məmmədov, Kərim Şükürov), 2010-cu ildə Moskvada keçirilən «Kitab sənəti» müsabiqəsində qeyri-adi tərtibatı ilə fərqlənərək baş mükafatı qazanan «Çərçivə» kitabını (müəllif Çingiz Əlioğlu) və s. nəşrləri qeyd etmək olar.
   «Ümumiyyətlə, hər iki kitabın müsabiqədə birinci yer tutmasının səbəbi çap mədəniyyəti, dizaynı və mövzu seçimi ilə bağlı olub. Sevinirik ki, bu gün beynəlxalq səviyyədə tanınmış nəşriyyat olduğumuzdan kitabla bağlı bütün müsabiqələrə dəvət alırıq. Azərbaycan kitabını və müəlliflərini dünyada tanıtmağa çalışırıq”, - deyə B.Axundov bildirir.
   «Təhsil» nəşriyyatı nəfis tərtibatlı kitabları ilə Azərbaycan müəlliflərini tanıtmaqla yanaşı, tərcümə nəşrlərinə də üstünlük verir. Hollandiyada yaşayan Azərbaycan diasporunun fəal bir üzvü Gülşən Lətifxanın «Azər və Aida» romanı iki dəfə müəssisə tərəfindən nəşr edilib. Əsər Moskvada “Qızıl qələm” mükafatına layiq görülüb. Pakistanlı istefada olan zabit Məsum Axbar Şeyxin ermənilərin türklərə qarşı uydurmalarını ifşa edən «Yalanlar, yalanlar, yenə də yalanlar» kitabı türk dilindən Azərbaycan dilinə çevrilərək nəşr edilib.
   «Təhsil» nəşriyyatının çap etdiyi kitablar sırasında «Azərbaycanın qayaüstü rəsmləri» kitabı da önəmli yer tutur. Nəfis şəkildə üç dildə çap olunan kitab Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə hazırlanıb. Bəhruz müəllim bildirdi ki, bu kitaba böyük oxucu tələbatı var və onunla bağlı nəşriyyata da tez-tez müraciətlər olur. Nəşriyyatın «Dağlıq Qarabağ problemləri hüquq müstəvisində» adlı kitabı isə üç dildə çap olunub və böyük rəğbətlə qarşılanıb: “Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu ilə sıx əməkdaşlıq edirik və Qarabağ, Qarabağ xanlığı, Şah İsmayıl Xətai, tarixi abidələrimizə təcavüzlə bağlı kitablar nəşr etmişik”.
   
   
Kitaba diqqət və qayğı
   
   Söhbət əsnasında Bəhruz Axundov son zamanlar ölkəmizdə kitab sahəsinə dövlət səviyyəsində xüsusi diqqət verildiyini də diqqətə çatdırdı: «Son 10 ildə Azərbaycanın dünyaya inteqrasiyası fonunda mədəniyyət sahəsi də geniş inkişaf edir ki, bunun da fonunda poliqrafa və nəşriyyat sahəsinə xüsusi diqqət ayrılır: “2009-cu ildə «Bakı İslam Mədəniyyətinin Paytaxtı» ili çərçivəsində Azərbaycanda ilk dəfə kitab sərgi-satış yarmarkası keçirildi. 2011-ci ildə keçirilən ikinci sərgi-yarmarka daha möhtəşəm keçdi. Bütün bunlar dövlət səviyyəsində kitaba, nəşr işinə diqqət və qayğının nəticəsidir”.
   Çap etdiyi kitabların keyfiyyəti hər zaman diqqət çəkən “Təhsil” nəşriyyatı son dövrlər iki yeni mükafata layiq görülüb. Məsələn, ötən ilin fevralında Madriddə Beynəlxalq “Ticarət Liderləri Klubu” tərəfindən keçirilmiş müsabiqədə “Keyfiyyətə görə” qızıl medal, xüsusi mükafat və döş nişanı ilə təltif olunub. Bu ilin martında isə Almaniyada Beynəlxalq Menecment Assosiasiya Klubunun (OMAK), «Texnologiya, informasiya və keyfiyyət üzrə Yeni Era» beynəlxalq mükafatına və diploma layiq görülüb.

    Naşirlər və Poliqrafçılar Birliyi
   
   Müasir dünyaya inteqrasiya edən Azərbaycan nəşriyyat sahəsində də yeniliklərlə ayaqlaşır. Bu yaxınlarda isə dünyanın inkişaf etmiş dövlətlərində olduğu kimi, Azərbaycanda da Naşirlər və Poliqrafçılar Birliyinin yaradılmasını bu sahədə əldə edilən uğurun nəticəsi kimi qiymətləndirmək olar. Birliyin yaranmasının təşəbbüsçülərindən biri və sədri Bəhruz Axundov qurumun nəşriyyat sahəsinə yeniliklər gətirəcəyini bildirdi: “Təəssüf ki, indi ölkəmizdə heç yerdə qeydiyyatda olmayan mətbəələr və nəşriyyatlar fəaliyyət göstərir. Onlar dini mövzularla, sarı ədəbiyyatla bağlı kitablar, siyasi ədəbiyyatlar, milli-mənəvi dəyərlərimizi kökündən baltalayan kitablar çap edirlər. Digər tərəfdən, işləmək istəyən yaxşı nəşriyyatlar da pis vəziyyətdədir. Çünki indiyədək onların sözünü deyən vahid qurum yox idi. Bu baxımdan yeni qurum nəşriyyatların işlərini koordinasiya etsə, vahid güc yaranar. Bütün ölkələrdə belə birliklər fəaliyyət göstərir. Məsələn, mən Türkiyənin Yayınçılar Birliyinin Ankara bölməsinin fəxri üzvüyəm. Artıq beynəlxalq arenada nəşriyyat sahəsində öz sözünü deyən Azərbaycan naşirləri və poliqrafçıları dünya təcrübəsindən istifadə edib qarşılıqlı mübadilə şəraitində bir-birindən öyrənə bilərlər. İnkişaf da bundadır. Bu birlik Azərbaycan dövlətinin inkişafına, mədəniyyətinə, nəşriyyat və poliqrafiyasının inkişafına xidmət edir».
   
   Mehparə