«Tatarlarla azərbaycanlıları heç nə ayırmır, bizim ortaq dəyərlərimiz isə çoxdur”
Respublikamızın ictimai və mədəni həyatında özünəməxsus yeri və fəaliyyəti olan tatar icmasının Azərbaycanda məskunlaşması XX əsrin əvvəllərinə təsadüf edir. O vaxt tatarların bir qismi bu yerlərə çarizm tərəfindən sürgün edilmiş, digər qismi isə Bakının neft sənayesində işləmək məqsədilə gəlmişdi. Elə o vaxtdan da tatar icması Azərbaycan cəmiyyətinə qaynayıb-qarışaraq ölkəmizin zəngin etnomədəni palitrasında öz yerini tutub. Azərbaycanlılarla qarşılıqlı anlaşma və mehribanlıq şəraitində yaşayan tatar xalqının nümayəndələri müxtəlif sahələrdə, elm və təhsil ocaqlarında, mədəniyyət müəssisələrində çalışıblar. Bu gün də tatar icması ölkəmizin mədəni, ictimai həyatında fəallığı ilə seçilir.
Tatarlar hər zaman azərbaycanlılardan razı olublar
Həmsöhbətimiz, “Tatarıstan” cəmiyyətinin rəhbəri Tacibə Babayeva, Azərbaycanda yaşayan bütün milli azlıqlar kimi, tatarların da mədəniyyətinin, adət-ənənə və dəyərlərinin qorunub saxlanılması və inkişafına dövlət səviyyəsində diqqət və qayğı göstərildiyini bildirdi: “Tatarlar hər zaman azərbaycanlılardan razı olublar. Azərbaycan xalqı bizi böyük istiqanlılıqla qarşıladı, bu günədək mehriban şəraitdə yaşayırıq. Məsələn, mən özüm Gürcüstanda məskunlaşan tatarlardanam, sonra buraya köçüb gəlmişik. Ümumiyyətlə, Azərbaycanda bizə olan xoş münasibəti başqa yerdə görməmişik. Hələ sovet dövründə tatarların burada öz klubu vardı. Orada tatarların tanınmış şəxsiyyətləri, böyük ədiblər Abdulla Tukay, Musa Cəlil və başqalarının xatirə gecələri, müxtəlif mədəni tədbirlər keçirilirdi. Məqsəd burada yaşayan xalqımızın nümayəndələrinin öz keçmişini, dinini, dilini, mədəni irsini unutmaması idi. Əks halda gələcək nəsillər öz mütəfəkkirlərini haradan tanıya bilərdi? Sevinirik ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra, digər xalqlar kimi, tatarların da mədəni inkişafına, tatar cəmiyyətlərinin fəaliyyətinə münbit imkan yaradılıb. Bu gün Azərbaycanda dörd ictimai-mədəni təşkilatımız fəaliyyət göstərir. Bu cəmiyyətlər vasitəsilə çoxlu tədbirlər keçiririk ki, orada hətta azərbaycanlılar da yaxından iştirak edir».
«Yaşlek» Azərbaycan Tatar Gəncləri Mərkəzi
Tatar mədəni cəmiyyətləri arasında fəal qurumlardan biri də gənclərin yaratdıqları «Yaşlek» Azərbaycan Tatar Gəncləri Mərkəzidir. Mərkəzdə eyni adda ansambl fəaliyyət göstərir. Ansambla Diaz Axmedcanov və Əlfiyyə Axmedcanova rəhbərlik edirlər. Ötən il Bakıda keçirilən “Doğma diyar” milli azlıqlar festivalında «Yaşlek»in çıxışı alqışlarla qarşılanmış və hər kəsi valeh etmişdi. Tacibə xanımın sözlərinə görə, ansambl adətən bazar günləri Tatarıstanın Bakıdakı daimi nümayəndəliyinin binasında yığışıb məşq edirdi. Lakin bir qədər əvvəl daimi nümayəndəlik onlara fəaliyyət göstərmək üçün yer ayırıb. Bundan başqa, «Tuqan tel» Tatar Mədəniyyəti Respublika Cəmiyyəti də ölkəmizin mədəni həyatında fəal iştirak edir.
Oxşar bayramlar, adət-ənənələr
Qədim türk köklərinə dayanan tatarların milli bayramları da xeyir-bərəkət üzərində qurulub. Tatarların sevimli milli bayramı «Sabantuy»dur. Tatar dilində “saban” ot, “tuy” toy deməkdir. Mənası əkin-biçin, məhsul bayramı deməkdir. Tacibə Babayevanın sözlərinə görə, bayram adətən iyun ayında, tarla işləri başa çatan zaman qeyd edilir: «Biz bu bayramı ona görə qeyd edirik ki, əkdiklərimizdən yaxşı məhsul əldə edə bilək. Buna görə şadlanırıq, bayram edirik. «Sabantuy»u bütün dünya tatarları qeyd edir. Məsələn, 2009-cu ildə Rusiyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə «Tuqan tel» Tatar Mədəniyyəti Respublika Cəmiyyəti və «Yaşlek» Azərbaycan Tatar Gəncləri Mərkəzi 500 nəfərin iştirakı ilə «Sabantuy» bayramı keçirdik. Bayramda səfir V.Doroxin başda olmaqla səfirliyin əməkdaşları, Tatarıstanın Azərbaycandakı nümayəndəliyinin təmsilçiləri, Tatarıstan mədəniyyət nazirinin müavini İ.Ayupova, dövlət orqanlarının, diplomatik korpusun nümayəndələri iştirak etdilər. Yeri gəlmişkən, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Kazanda olarkən «Sabantuy» mərasimində iştirak etmiş və bayramı çox bəyənmişdi”.
Tatarlar hər il olduğu kimi, bu il də bayramı təntənəli şəkildə qeyd etməyə hazırlaşırlar. Maraqlısı isə budur ki, tatarların «Sabantuy»u ilə bizim milli bayramımız olan Novruz arasında müəyyən oxşarlıqlar var. Məsələn, Novruzda paxlava, qoğal, şəkərbura bişirilir. Eləcə də “Sabantuy”un gəlişi münasibətilə xəmirdən şirniyyatlar - üçbuçmaq, pərəməçə, çak-çak hazırlanır. Tatarların əsas şirniyyatı olan çak-çakı xəmirdən hazırlayaraq qızardır, balla piramida formasında birləşdirirlər. Bunun bir mənası da odur ki, dünyanın hər tərəfinə yayılmış tatar xalqı bir-birinə balla bağlanmalıdır. Hətta ailə quran tatar qızları da gəlin köçdükləri evə çak-çak aparırlar. Eyni zamanda qayınana gəlini balla qarşılayır ki, dili şirin olsun.
Tatarlar Novruz bayramını da geniş şəkildə qeyd etməklə yanaşı, Qurban, Ramazan bayramlarının bütün ayinlərinə riayət edirlər. Gəncləri də bu istiqamətə yönəltməyə çalışdıqlarını deyən T.Babayeva zəhmətlərinin fayda verdiyini deyir: «Artıq bizim gənclərimiz də bu bayramları bütün qaydalara əməl etməklə qeyd etməyi öyrəniblər. Həm də sevinirik ki, adət-ənənəmiz, bayramlarımız yerli xalqən adət və dəyərləri ilə oxşardır. Ümumiyyətlə, tatarlarla azərbaycanlıları heç nə ayırmır, bizim ortaq dəyərlərimiz isə çoxdur. Tez-tez Azərbaycan toylarında iştirak edirik. Azərbaycanda qız gəlin köçməzdən öncə “xınayaxdı” mərasimi keçirilir. Bizdə də bu mərasim olur, amma bir qədər fərqli formada. Həmin ərəfədə gəlin və onun rəfiqələri bir yerə toplaşır, gəzir, şənlənir, rəqs edirlər. Axşam isə bəy öz dostları ilə onlara qonaq gəlir. Bir gün sonra isə, eynilə sizdə olduğu kimi, nikah mərasimi keçirilir».
Tatar və Azərbaycan milli mətbəxlərinə gəlincə, bu mənada da oxşarlıqlar çoxdur: «Bir çox yeməklərimiz, məsələn, plovlarımız eynidir. Tatarlar da, azərbaycanlılar kimi, qutab hazırlayır, bizdə qutaba “pərəməçə” deyilir. Bundan başqa, tatarlar “bəliş” adlı piroq hazırlayırlar və evə gələn gəlini ilk dəfə bu şirniyyatla qarşılayırlar. Bu da evə ruzi-bərəkət gəlməsini simvolizə edir”.
“Gənclərimizə Azərbaycanın tarixini öyrədirik”
«Hər bir insan yaşadığı ölkənin tarixini, coğrafiyasını, ölkədə baş verən prosesləri bilməlidir», - deyən Tacibə xanım, bu məqsədlə tatar gənclərinin xüsusi dərslər keçdiklərini deyir: «Axı müasir insan bu məqamlardan xəbərdar deyilsə, həmin ölkədə necə yaşaya bilər? Müasir tatar gənci Azərbaycanın tarixini, başına gətirilən faciələri, nə zaman müstəqillik əldə etdiyini və bu yolda hansı maneələrlə qarşılaşdığını bilməlidir. Bundan başqa, gəncləri rəsm sərgilərinə aparır, müştərək sərgilər keçiririk. Bu həm də yerli xalqa hörmət və sevginin göstəricisidir. Bütün tatarlar deyir ki, dünyanın heç bir yerində Azərbaycanda olduğu kimi, millətlərarası mehribanlıq, birgəyaşayış mühiti yoxdur.
Bu şəraitdən istifadə edən tatarlar keçirdikləri bütün bayram və tədbirlərə Azərbaycanda fəaliyyət göstərən digər milli azlıqların mədəni cəmiyyətlərini dəvət edirlər: «Mədəni tədbirlər bir körpü kimi bizi birləşdirir, insanlarda dostluq, sevgi yaradır. Digər xalqlarla, məsələn, ukraynalılar, ləzgilər, yəhudilər və başqaları ilə mədəni təcrübə mübadiləsi edirik. Təsəvvür edin, elə bil ki, bir ailəyik. Hətta gənc tatar qızları Azərbaycanın milli rəqsi olan «Yallı»nı çox məharətlə ifa edirlər».
Söhbət əsnasında Bakının, xüsusən də onun arxitekturasının gündən-günə gözəlləşdiyini deyən həmsöhbətim bunu Tatarıstandan gələn nümayəndələrin də diqqətindən yayınmadığını dedi: «Tatarıstandan Azərbaycana səfər edən dövlət nümayəndələrimiz şəhəri elə bəyənir ki, buradakına bənzər memarlıq nümunələrinin, tikililərin Kazanda da inşa olunmasını arzu edirlər”.
“Bu torpaq bizim üçün doğma vətəndir”
Əvvəlki illərə nisbətən hazırda Azərbaycanda yaşayan tatarların sayı azalıb. Məsələn, əgər əvvəllər 33 min nəfər idisə, indi 6 min nəfəri təşkil edir. Buna səbəb gənclərin təhsil almaq üçün Rusiyaya, Kazana üz tutmalarıdır. Bu o demək deyil ki, tatarlar üçün burada yaşamaq çətinləşib. Tacibə Babayeva: “Əksinə, hətta vaxtilə Bakıdan Amerikaya gedən tatar deyir ki, qayıdıb Azərbaycanda, vətənimdə ömrümü başa vurmaq istəyirəm. Məsələn, mənim də Amerikaya gedib yaşamaq imkanım var. Lakin öz doğma evimi, Azərbaycanı heç vaxt tərk etmərəm. Biz indi daha çox gənclərin cəmiyyətinə dəstək veririk. İstəyirik ki, onlar öz dillərini, milli dəyərlərini və tarixi keçmişlərini unutmasınlar. Xoşbəxtik ki, bunun üçün bizə gözəl şərait yaradılıb. Azərbaycan bizim üçün doğma vətəndir. Tatar cəmiyyətlərinin mədəni fəaliyyətinə yaradılan əlverişli şəraitə görə Mədəniyyət və Turizm Nazirliyinə öz minnətdarlığımızı bildiririk”.
Mehparə