O, baharda doğulub. Anasını tez itirsə də, atası Sadıx bəy, çox sevdiyi əmisi Bahadur bəy onu qayğısız böyütmüşdülər. Kiçik Südabə həyətdə palçıqdan fiqurlar düzəltməyi çox sevirdi. Onun düzəltdiyi gəlinciklərə, müxtəlif fiqurlara baxan atası və sevimli əmisi qızın heykəltəraş olmaq arzusunu duyurdular. Doğrudan da, Südabənin qəlbi sənət eşqi ilə döyünürdü. Bakının 132 saylı məktəbini bitirən gənc qız sənədlərini Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə təqdim edir.
1952-ci ildə Rəssamlıq Məktəbini müvəffəqiyyətlə bitirən Südabə Əliverdibəyova təhsilini Leninqradda (Sankt-Peterburq) davam etdirmək istəyirdi. Qızını qayğısız böyüdən ata isə övladının gözündən uzaq olmasına razı ola bilmirdi. Lakin qızının sənətə məhəbbəti, heykəltəraş olmaq arzusu atanın inadına qalib gəlir. O, 1952-ci ildə V.N.Muxina adına Leninqrad Ali Rəssamlıq Məktəbinə daxil olur. Tələbəlik həyatı gənc Südabənin sənət haqqında dünyagörüşünün daha da genişlənməsinə səbəb olur. O, görkəmli müəllimlərdən dərs aldıqca, heykəltəraşlıqla bağlı bilikləri daha da dərinləşir. Leninqradın məşhur muzeylərini gəzdikcə, şəhəri bəzəyən əzəmətli heykəlləri gördükcə gənc qız abidələr yaratmaq, görkəmli insanların heykəllərini düzəltmək fikri ilə Bakıya tələsirdi.
1958-ci ildə Leninqradda təhsilini bitirən Südabə Əliverdibəyova doğma Bakıya qayıdır. Bu vaxtdan etibarən o, müstəqil olaraq sənət əsərləri yaratmaqla məşğul olur. “Çoban”, “Niyazinin büstü”, ”C.Məmmədquluzadənin büstü”, “H.B.Zərdabinin heykəli”, “Baramaçı qız” və digər əsərləri ilə Azərbaycan incəsənətinə öz töhfəsini verir. Bakının Sahil qəsəbəsində 1941-1945-ci illərdə faşizmə qarşı döyüşlərdə həlak olanların xatirəsinə həsr etdiyi “Ana” abidəsi isə öz monumentallığı ilə diqqəti daha çox cəlb edir. Bunlardan başqa heykəltəraşın “Nepallı qadın”, “Məhsəti Gəncəvi”, “Təyyarəçi qız”, “Ümid” kimi əsərləri də ona uğurlar qazandırmışdır. Bu əsərlər qalereyasında dahi Üzeyir Hacıbəylinin heykəli xüsusi yer tutur.
Yəqin ki, bu yazının sərlövhəsi oxucunun diqqətindən yayınmadı: “Üzeyir şəcərəsindən bir yarpaq”. Heykəltəraş Südabə xanım Əliverdibəyova dahi Üzeyir bəyin dayısı qızıdır. Məhz belə bir nəsildən olan Südabə xanımın incəsənətə olan bu vurğunluğu heç də təsadüfi deyil.
Südabə Əliverdibəyovanın əsərləri hazırda respublikamızın şəhər və rayonlarını bəzəməkdədir. Onun əlləri ilə yaradılan C.Məmmədquluzadənin büstü Milli Dram Teatrının lociyasındakı büstlər arasında özünəməxsus yer tutur. H.B.Zərdabinin əzəmətli heykəli isə M.F.Axundzadə adına Milli Kitabxananın fasadını bəzəyən heykəllər arasındadır. H.Cavidin ev muzeyindəki portreti, Niyazinin ev muzeyindəki büstü, Milli İncəsənət Muzeyində yer alan “Baramaçı qız” ksiloqrafiyası da Südabə xanımın əməyinin məhsuludur.
Hazırda Südabə xanım ömrünün müdrik çağını yaşayır. İndi onun çox sevdiyi sənətini oğlu Əhməd Bədəlov davam etdirir. O da anası kimi əvvəlcə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini bitirmişdir. Anasının yolu ilə gedərək V.N.Muxina adına Leninqrad Rəssamlıq İnstitutunun heykəltəraşlıq şöbəsinə qəbul olunmuşdur. 1984-cü ildə ali təhsilini başa vuran Əhməd Bədəlov vətənə qayıtdıqdan sonra Azərbaycanın heykəltəraşlıq sənətinə silsilə əsərlər bəxş etmişdir. Bu uğurlu işlərdən biri kimi H.Z.Tağıyevin büstünü misal gətirmək olar.
Südabə xanımın qızı Rəşadət isə ömrünü musiqiyə bağlamışdır. Musiqi məktəbi şagirdlərinə fortepianodan dərs deyir.
Biz bu istedadlar ailəsinə uğurlar arzu edir, onlardan yeni-yeni sənət inciləri gözləyirik.
Gülnarə Çingizqızı,
Üzeyir Hacıbəylinin ev-muzeyinin Ekspozisiya şöbəsinin müdiri