Mariya Hüseynova: “Qonaqpərvərlik, isti münasibət, böyüklərə hörmət xalqlarımız arasında oxşar xüsusiyyətlərdir”
Azərbaycanda yaşayan müxtəlif xalqların və icmaların milli özünəməxsusluğun və mədəni irsin qorunması hər zaman dövlətin diqqət mərkəzindədir. Məhz bu diqqət və qayğı sayəsində ölkəmizdə yaşayan milli azlıqların nümayəndələri ictimai, mədəni həyatda fəal iştirak edir. Onlardan biri də bolqar icmasıdır.
Qeyd edək ki, bolqarlar slavyan xalqları qrupuna daxil olsalar da, əslində böyük türk tayfalarından birinin adını yaşadırlar. Əsrlər boyu türk dövlətlərinin tərkibində olduqlarını da bura əlavə etsək, mənzərə daha da aydınlaşar. Tədqiqatçılar bulqarları (bolqar, balkar və s.) Şimali Qafqaz çöllərində hunlardan əvvəl yaşamış türkdilli tayfa hesab edirlər. Onların bir hissəsi məhz Şimali Qafqazdan indiki Ermənistan ərazisinə gəlib məskunlaşmışdır. Orda "Bulqar dağı" adlı toponim indi də mövcuddur. Bulqar tayfasının adı "Dədə Qorqud" eposunda da çəkilir. Erkən orta əsrlərə aid mənbələrdə bulqarların kazan, çakar, kol (kul), kuvyar və basil adlı tayfalardan ibarət olması göstərilir. Qərbi Azərbaycanda - indiki Ermənistan ərazisində Qazan adlı qala XII əsrdən məlumdur.
XIX əsrin sonlarında Bakıda yaşanmış neft bumu və sənayenin gur inkişafı ilə bağlı olaraq Azərbaycanda slavyan, roman və german mənşəli xalqların nümayəndələri də məskunlaşmağa başladılar. Bolqar milli azlığının ölkəmizdə məskunlaşma tarixi də həmin dövrə dayanır. Onlar Azərbaycanın bir sıra yerlərində, əsasən də Bakı, Gəncə və Naxçıvanda yaşayırlar.
Onu da qeyd edək ki, hələ sovet dövründən Azərbaycanla Bolqarıstan arasında mədəni əlaqələr təşəkkül tapıb. Bolqarıstan Nizami Gəncəvinin, Şah İsmayıl Xətainin yaradıcılığı və Azərbaycan mədəniyyəti ilə tanışdır. Şəki və Qabrovo qardaşlaşmış şəhərlər hesab olunur. Həm Azərbaycan, həm də Bolqarıstan Böyük İpək Yolu marşrutunun üzərində yerləşən ölkələrdir.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Bolqarıstanla münasibətlərdə də yeni səhifə açıldı. 2005-ci ildə isə respublikamızda yaşayan bolqarlar öz qurumlarını yaradıblar. “Azərbaycan-Bolqarıstan Dostluğunun İnkişafına Yardım” İctimai Birliyi ölkəmizdə yaşayan bolqar milli azlığının mədəniyyətinin, tarixi-mədəni irsinin qorunması, Azərbaycan və Bolqarıstan arasında bütün sahələr üzrə əlaqələrin genişlənməsinə öz töhfəsini verməyə çalışır. Birliyin sədri Mariya Hüseynova 132-134 saylı Təhsil Kompleksində müəllimə işləyir. Deyir ki, çalışdığı kollektivdə heç zaman özünü yad hiss etməyib: “Məktəbdə mənimlə bərabər gürcü, yəhudi, rus icmasının nümayəndələri də işləyir. Bu günə qədər bizə qarşı heç bir ayrı-seçkilik görməmişik. Bu mənim üçün böyük fəxrdir”.
Mariya Hüseynova Gəncədə anadan olub, orada orta məktəbi bitirdikdən sonra Kiyev Universitetində təhsil alıb. Bundan sonra isə Azərbaycana qayıdıb. Söhbət əsnasında həmsöhbətim bir çox ölkələrdə olduğunu, amma Azərbaycandakı tolerantlığı heç yerdə görmədiyini dedi: «Azərbaycan milli azlıqlara göstərilən mehriban münasibətə, tolerantlığa görə başqa ölkələrə nümunə ola bilər: “Azərbaycan dövləti burada yaşayan bütün millətlərin özünəməxsusluğunun və mədəni irsinin maksimum dərəcədə qorunması istiqamətində fəal siyasət həyata keçirir. Biz bunu hər zaman hiss etmişik. Dövlət səviyyəsində həmişə diqqət və qayğı görmüşük. Bolqarların burada hər hansı problemi olursa, rəsmi orqanlar çalışırlar ki, həll etsinlər».
Mədəniyyətlərin qarşılıqlı anlaşmasına töhfə
Həmsöhbətimin toxunduğu maraqlı məqamlardan biri də xalqlarımız arasında oxşar xüsusiyyətlərlə bağlı oldu: «Azərbaycan və bolqar xalqlarının arasında oxşarlıq çoxdur. Hətta iki xalqın milli musiqilərinin koloritində eyniliyi hiss edirəm. Bəzi sözlər də var ki, eynidir. Məsələn, “pəncərə”, “yorğan” və s. Bayram və adət-ənənələrimiz də çox yaxındır. Qonaqpərvərlik, isti münasibət, böyüklərə hörmət - bütün bunlar xalqlarımız arasındakı bənzərliklərdir”.
Hazırda Azərbaycanda 289 nəfər bolqar yaşayır və onlar ənənəvi olaraq bütün bayramları qeyd edirlər. İcma Bakı Slavyan Universiteti ilə də daim əlaqə saxlayır, universitetlə birgə “Azərbaycanda bolqarların özünəməxsusluğunun və mədəni irsinin qorunması” mövzusunda tədbir keçiriblər.
Yeri gəlmişkən, BSU-da Bolqarıstanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Bolqar Dili və Mədəniyyəti Mərkəzi yaradılıb. Mərkəz 2004-cü il oktyabrın 7-də Bolqarıstan Respublikasının prezidenti Georgi Pırvanovun iştirakı ilə açılıb. Mərkəzin əsas vəzifəsi Azərbaycan və Bolqarıstan arasında mədəni əlaqələri inkişaf etdirmək, gənclərin hər iki ölkənin mədəniyyətinə, təhsilinə, maarifinə və elminə marağını artırmaq və həmçinin universitetdə bolqarşünaslıq istiqaməti üzrə tədris prosesinin təkmilləşdirilməsinə kömək etməkdir. Tələbələrin Bolqarıstan səfiri, konsulu, hərbi attaşesi və səfirliyin digər əməkdaşları ilə görüşləri keçirilir. Görüşlərin mövzuları müxtəlif sahələri əhatə edir: iqtisadiyyat, siyasət, mədəniyyət və digər fəaliyyət sahələrinə toxunulur. Bu görüşlər tələbələrə bolqar dilinin öyrənilməsində kömək edir, nitqi inkişaf etdirməyə, həmçinin Bolqarıstan, onun adət və ənənələri ilə daha yaxından tanış olmağa imkan yaradır. Burada həmçinin Bolqarıstanın tarixi, mədəniyyəti və adətləri ilə bağlı tədbirlər, bu ölkənin dövlət, mədəniyyət və elm xadimləri ilə görüşlər təşkil olunur. BSU Bolqarıstanın ali məktəbləri ilə də əlaqə saxlayır.
Azərbaycanda yaşayan bolqarların bizim mədəniyyətimizlə tanışlığının artırılması məqsədilə hər il mərkəzdə Novruz bayramı keçirilir. Belə tədbirlərin həyata keçirilməsi mədəniyyətlərimizin qarşılıqlı anlaşılmasına imkan yaradır.
“Mədəniyyət və Turizm Nazirliyi tədbirlərimizə dəstək verir”
“Azərbaycan-Bolqarıstan Dostluğunun İnkişafına Yardım” İctimai Birliyi müxtəlif tədbirlər keçirilməklə yanaşı, layihələr də reallaşdırıb. M.Hüseynovanın sözlərinə görə, təşkilat Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə 2008-ci ildə “Azərbaycanda bolqarların mədəni irsinin qorunması” layihəsini həyata keçirib: “Biz Bakıda və Azərbaycanın bölgələrində yaşayan bolqarlar ilə çoxsaylı görüşlər keçirdik. Əsasən Gəncədə olduq. Orada Sabir küçəsində bolqarlar yaşayırlar. MDB məkanında ən böyük bolqar icması olan Ukraynada da görüşlərimiz oldu”.
Həmsöhbətim Bolqarıstanın Azərbaycandakı səfirliyi ilə daim əlaqə saxladıqlarını deyir: “Səfirlik keçirdiyi tədbirlərə bizi də dəvət edir. Eyni zamanda bizim də tədbirlərdə onlar iştirak edirlər. Səfirlikdən çalışırlar ki, bizə kömək etsinlər. Hər zaman nə istəmişiksə təmin ediblər. Daim bizə kitab, şəkil, filmlər və s. materiallar verirlər”.
İctimai Birlik “Akkord” adlı jurnal da təsis edib və onu müntəzəm nəşr edir. Xaricdə də yayılan jurnal Azərbaycanla bağlı, bolqar icmasının fəaliyyəti barədə müxtəlif yazılar dərc olunur. Jurnal Azərbaycan həqiqətlərinin yayılması, Dağlıq Qarabağ problemində haqlı və ədalətli mövqeyin dünyada təbliğinə də diqqət ayırır.
Həmsöhbətim deyir ki, mədəni müxtəlifliyin qorunub inkişaf etdirilməsi üçün etnolinqvistik çoxluq və azlıqlar arasında münasibətlərin, xalqlararası dostluğun təbliğinə dəstək çox vacibdir: “Azərbaycan Respublikasında bütün etnik, dini və linqvistik qruplara qarşı tolerantlıq hökm sürür, bütün vətəndaşlar kimi bolqarlar üçün də ictimai həyatda fəal iştirak etmək imkanı yaradılıb. Mədəniyyət və Turizm Nazirliyi mədəni tədbirlərin keçirilməsində bolqar milli azlığına dəstək verir. Müxtəlif mədəni tədbirlər keçiririk. Bu dəstəyə görə nazirliyin rəhbərliyinə minnətdarlığımızı bildiririk».
Mehparə