Azərbaycanın UNESCO-ya üzv olmasından 20 il ötür
   
   Ölkəmizin qədim və zəngin tarixi irsi, mədəniyyəti, incəsənəti hər zaman qonşu diyarların, məmləkətlərin, dünyanın diqqət mərkəzində olmuşdur. Azərbaycan dövlət müstəqilliyinə qovuşduqdan sonra müxtəlif beynəlxalq təşkilatlara üzv olması milli mədəniyyətimizin dünya mədəniyyətinə inteqrasiyası, bu sahədə qarşılıqlı səmərəli əlaqələrin inkişafı üçün geniş imkanlar açmışdır. Ölkəmizin 20 il əvvəl sıralarına qoşulduğu BMT-nin təhsil, elm və mədəniyyət təşkilatı - UNESCO ilə əməkdaşlığı da ötən müddətdə zəngin yol keçmişdir.
   
   1946-cı ildə fəaliyyətə başlayan UNESCO-nun Nizamnaməsinin 1-ci maddəsində deyilir: “Təşkilat irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq bütün xalqlar üçün BMT-nin Nizamnaməsində elan edilmiş ədalətə, qanunçuluğa və insan hüquqlarına, habelə əsas azadlıqlara hamılıqla hörmətin təmin edilməsi naminə xalqların təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlığını genişləndirməklə sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə yardım göstərməyi qarşısına vəzifə qoyur”.
   Azərbaycan-UNESCO münasibətləri də bu müddəalar kontekstində inkişaf etməkdədir. Ölkəmiz UNESCO-nun bir sıra konvensiyalarına (“Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında 14 may 1954-cü il tarixli Konvensiya”, “Ümumdünya mədəni və təbii irsinin mühafizəsi haqqında 16 noyabr 1972-ci il tarixli Konvensiya”, “Mədəni dəyərlərin qanunsuz olaraq ölkəyə gətirilməsi, ölkədən çıxarılması və mülkiyyət hüququnun qanunsuz olaraq başqasına verilməsinin qadağan olunması və qarşısının alınmasına yönəldilmiş tədbirlər haqqında 14 noyabr 1970-ci il tarixli Konvensiya” və s.) qoşulub.
   Ümummilli lider Heydər Əliyev ölkəmizin UNESCO ilə əlaqələrinə böyük önəm verirdi. 1996-cı ildə klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, dahi şair-mütəfəkkir Məhəmməd Füzulinin 500 illik yubileyinin UNESCO səviyyəsində dünyanın bir sıra ölkələrində qeyd olunması bu əməkdaşlığın bariz nümunəsi idi. Azərbaycan mədəni irsinin dünyaya çatdırılmasında növbəti addım Prezident Heydər Əliyevin 1997-ci il aprelin 20-də “Kitabi-Dədə Qorqud"un 1300 illik yubileyinin keçirilməsi ilə əlaqədar imzaladığı fərman olmuşdur. 2000-ci ildə "Kitabi-Dədə Qorqud"un 1300 illik yubileyi geniş şəkildə qeyd edildi.
   Ötən müddətdə təşkilatla sıx əməkdaşlıq çərçivəsində görkəmli azərbaycanlı alim, mütəfəkkir Nəsrəddin Tusinin 800 illik yubileyi, Azərbaycan alimi, şərqşünas Mirzə Kazımbəyin 200 illik yubileyi, akademik Yusif Məmmədəliyevin, akademik Musa Əliyevin, görkəmli yazıçı Mir Cəlal Paşayevin, məşhur xalçaçı-rəssam Lətif Kərimovun, məşhur rəssam Səttar Bəhlulzadənin 100 illik yubileyi UNESCO-da yüksək səviyyədə qeyd edilmişdir.
   1999-cu ildə Azərbaycanın muğam ustası Alim Qasımov UNESCO Beynəlxalq Musiqi Şurasının birinci mükafatını qazanmışdır. 2003-cü il noyabrın 7-də Azərbaycan muğamı UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi irsinin şah əsəri elan olunmuşdur. UNESCO-nun Dünya İrs Komitəsinin 27 noyabr - 2 dekabr 2000-ci il tarixli 24-cü sessiyasında xalqımızın mədəni irsinin nadir inciləri sayılan, tarixi keçmişimizi özlərində canlandıran İçərişəhər Tarixi-Memarlıq Qoruğu, Şirvanşahlar sarayı və Qız qalasının Dünya İrs Siyahısına daxil edilməsi haqqında qərar qəbul edilmişdir.
   Ölkəmizin UNESCO ilə əlaqələrinin inkişafında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva böyük xidmətlər göstərmişdir. Bu işlərə verilən yüksək qiymət kimi Azərbaycanın birinci xanımı 2004-cü ildə musiqi, ədəbiyyat və dünya mədəniyyətləri mübadiləsi sahəsindəki əməyinə görə UNESCO-nun şifahi ənənələr və musiqi ənənələri sahəsində xoşməramlı səfiri adına layiq görülmüşdür. 2010-cu ilin 30 iyul tarixində UNESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva UNESCO-nun Baş direktoru İrina Bokova tərəfindən “Motsart” qızıl medalı ilə təltif olunmuşdur.
   Ölkəmizin UNESCO ilə səmərəli əməkdaşlığının nəticəsi kimi 2009-cu ildə aşıq sənətimiz və 2010-cu ildə milli xalçaçılıq sənətimiz, Novruz bayramı təşkilatın qeyri-maddi-mədəni irs siyahısına daxil edilmişidir.
   2008-ci ildə Azərbaycanın məşhur Xalq artisti, professor, tanınmış bəstəkar və pedaqoq Firəngiz Əlizadəyə UNESCO-nun “Sülh naminə incəsənət xadimi” fəxri adı verilmişdir. Dünya mədəni irsinə verdiyi töhfələrə görə Azərbaycanın Xalq rəssamı Tahir Salahov UNESCO-nun "Pikasso" qızıl medalına layiq görülmüşdür.
   Azərbaycanın təşkilatla əməkdaşlığının davamı olaraq UNESCO tərəfindən Beynəlxalq Bədii Təhsil Həftəsi elan edilən 2012-ci ilin 21-27 may tarixləri ölkəmizdə də çeşidli tədbirlərlə qeyd olunmuşdur.
   
   Bikə Abdullayeva,
   Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin metodisti







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar