Diplomatiyamızla yanaşı, mədəniyyətimiz də ölkəmizi dünyada uğurla təmsil edir
   
   Azərbaycan diplomatiyasının tarixi rəsmən 9 iyul 1919-cu ildən başlayır. Həmin gün Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər Nazirliyi diplomatik fəaliyyət haqqında ilk normativ sənədi - XİN-in katibliyi haqqında müvəqqəti təlimatı təsdiq edib. Prezident İlham Əliyevin 24 avqust 2007-ci il sərəncamı ilə 9 iyul Azərbaycanda diplomatik xidmət orqanları işçilərinin peşə bayramı günü elan edilib.
   
   Azərbaycan diplomatiyası ilk addımlarını atarkən - 1919-cu ildə Bakıda 16 xarici dövlətin, o cümlədən ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, İsveç, İsveçrə, Belçika, İran, Polşa və Ukraynanın diplomatik nümayəndəlikləri fəaliyyət göstərib. 1920-ci il yanvarın 11-də Paris Sülh Konfransında Azərbaycanın müstəqilliyi de-fakto tanınandan sonra hökumət tərəfindən Qərbi Avropa və Amerikada Azərbaycanın diplomatik nümayəndəliklərinin təsis edilməsinə dair qanun layihəsi hazırlanıb. Lakin cümhuriyyətin süqutu layihəni gerçəkləşdirməyə imkan verməyib.
   1920-ci ilin aprelinədək Azərbaycanın aşağıdakı ölkələrdə nümayəndəlikləri var idi: Gürcüstan (diplomatik nümayəndə Fərhad bəy Vəkilov, Batumda konsul Mahmud bəy Əfəndiyev); Ermənistan (diplomatik nümayəndə Əbdürrəhim bəy Haqverdiyev); İran (diplomatik nümayəndə Adilxan Ziyadxan); Türkiyə (diplomatik nümayəndə Yusif Vəzir Çəmənzəminli); Ukrayna (konsul Camal Sadıxov), Krım (konsul agenti Şeyxəli Hüseynov).
   Bundan başqa, Azərbaycanın Kubanda və Donda diplomatik nümayəndəliyi, Petrovskda konsul agenti, İrkutskda isə konsulluğu fəaliyyət göstərirdi.
   Qeyd edək ki, cümhuriyyət dövründə Azərbaycanın ilk xarici işlər naziri Məmmədhəsən Hacınski olub. Daha sonra Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Məmməd Cəfərov XİN-ə rəhbərlik edib.
   1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra Xarici İşlər Nazirliyi bağlandı və əvəzində Azərbaycan Sovet Sosialist Respublikası Xalq Xarici İşlər Komissarlığı yaradıldı.
   1991-ci il oktyabrın 18-də Azərbaycan yenidən müstəqilliyini elan etdikdən sonra dünya dövlətləri, BMT tərəfindən tanındı. Hazırda Azərbaycanın xarici ölkələrdə 70-dən artıq diplomatik nümayəndəliyi, Azərbaycanda isə 50-dən artıq ölkənin diplomatik korpusu fəaliyyət göstərir.
   Qeyd edək ki, bu gün dünyada «Soft Power» (“Yumşaq güc”), yəni mədəniyyət diplomatiyasına da böyük önəm verilir. Mədəniyyəti diplomatiyanın güzgüsü hesab edən müasir dünya dövlətləri bir sıra siyasi münaqişələri mədəni dialoqla həll etməklə yanaşı, diplomatik korpusların nəzdində mədəniyyət mərkəzləri də açırlar. Mədəniyyətlərarası dialoqun mərkəzinə çevrilən Azərbaycan da bu istiqamətə xüsusi önəm verir. Ölkə başçısının sərəncamları ilə Azərbaycanın ayrı-ayrı ölkələrdəki (ilkin olaraq Fransa) səfirliklərinin nəzdində mədəniyyət mərkəzlərinin yaradılması da buna misaldır.
   
   Mehparə