Aleksandr Zareçnıy: “Azərbaycan kimi tolerant bir ölkədə yaşayıb öz adət-ənənələrimizi yaşatmaq bizi məmnun edir”
Ölkəmizdə illər öncə məskunlaşan və bu gün Azərbaycan cəmiyyətində aktiv fəaliyyət göstərən icmalardan biri də Ukrayna icmasıdır. Onları Azərbaycana bağlayan ən mühüm səbəblərdən biri, özlərinin qeyd etdikləri kimi, xalqımızın qonaqpərvərliyi, digər xalqlara mehriban münasibəti, ölkəmizdə tarixən mövcud olmuş tolerantlıq mühitidir.
Bu fikri bu günlərdə qəzetimizin qonağı olan Taras Şevçenko adına Ukrayna Cəmiyyətinin sədri Aleksandr Zareçnıy da vurğuladı. Onun sözlərinə görə, qurumun fəaliyyətinin əsas məqsədi burada yaşayan bütün ukraynalıların yerli xalqlarla əməkdaşlığa təşviq olunması, icma nümayəndələrinə sosial, mədəniyyət, təhsil və s. sahələrdə kömək göstərilməsi, ukraynalıların milli xüsusiyyətləri, ənənələri, dil və mədəniyyətinin qorunub inkişaf etdirilməsidir. Cəmiyyət Ukrayna və Azərbaycan arasında əlaqələrin daha da inkişaf etməsinə töhfə verməyə çalışır, müxtəlif tədbirlərdə iştirak edir. Təsadüfi deyil ki, cəmiyyətin fəaliyyəti daim kütləvi informasiya vasitələrinin diqqət mərkəzində olur.
300 il əvvəlki tarix
Aleksandr Zareçnıy bizimlə söhbət əsnasında maraqlı bir faktı dilə gətirdi və ukraynalıların Azərbaycana ilk gəlişinin 300 il əvvələ təsadüf etdiyini bildirdi: «Anton Andreyeviç Qolovatı (1744-1797) keçmiş Çernomorsk (indiki Kuban) kazak qoşunlarının yaradıcılarından biri hesab olunur. 1797-ci ildə Qolovatı iki kazak alayı ilə Xəzər donanmasının başında Azərbaycanın cənub sərhədlərinə gələrək Lənkəranın müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak edib, orada dünyasını dəyişib. Lənkəranda ona abidə qoyulub.
Ukrayna kazakları daima Azərbaycana çətin vaxtlarda kömək göstərməyə və respublikanın ərazi bütövlüyü uğrunda mübarizədə iştirak etməyə hazır olublar. Azərbaycana olan bu hörmətin nümunəsi olaraq Ukrayna kazakları Prezident İlham Əliyevi “Qızıl ulduz” ordeni ilə təltif ediblər. Orden Azərbaycanın Ukraynadakı səfirliyinə təqdim edilib. Bir sözlə, tarixən ukraynalılarla azərbaycanlıları birləşdirən çoxlu dəyərlər var”.
XIX əsrin sonunda Bakıda neft bumunun başlanması ilə əlaqədar olaraq buraya çoxlu ukraynalı mühəndislər, digər sahələr üzrə mütəxəssislər gəldi. Həmin vaxt Bakı Cəmiyyətləri və Birliklərlə İş üzrə İdarənin qərarı ilə 1907-ci ildə T.Q.Şevçenko adına «Prosvita» Ukrayna cəmiyyəti qeydə alınıb. Arxiv materialları da sübut edir ki, o zaman həmin cəmiyyət burada fəaliyyət göstərən ən aktiv cəmiyyət olub. Onun tərkibinə həkimlər, müəllimlər, mühəndislər daxil idi. Azərbaycanlılar ukraynalılara qarşı hər zaman qonaqpərvər və mehriban olub. Bunun nəticəsidir ki, artıq burada onların 5-ci nəsli yaşayır. Elə mənim də övladlarım və nəvələrim Bakıda doğulub».
«Xalqlarımız azadlığı çox sevir»
Hansı ölkədə yaşamalarından asılı olmayaraq, hər zaman öz mədəniyyətlərini, adət-ənənələrini qoruyub saxlayan ukraynalılar bunun üçün icma şəklində birləşiblər. Bu məqsədlə 1992-ci ildə Bakıda Azərbaycanda yaşayan xalqların respublika həmrəylik cəmiyyətinin Ukrayna şöbəsi - «Spivdrujnisti», Sumqayıtda isə «Lesya Ukrayinka» adlı Ukrayna mədəniyyət mərkəzi təsis edilib. Bir qədər sonra Ukrayna cəmiyyətinin Bakının rayonları üzrə şöbələri yaradılır. 1997-ci ildə isə Azərbaycandakı Ukrayna cəmiyyətinin təsis yığıncağı keçirilir və ona Taras Şevçenkonun adı verilir. 1998-ci ildə cəmiyyət Dünya Ukraynalıları Koordinasiya Şurasına üzv olur. Azərbaycanda yaşayan bütün xalqlar kimi, ukraynalılar da bu ölkənin tamhüquqlu vətəndaşlarıdırlar və başqa xalqların nümayəndələri ilə sülh və əmin-amanlıq şəraitində yaşayırlar.
Aleksandr Zareçnıy özü Bakıya 1973-cü ildə gənc mütəxəssis kimi gəlib və 40 ildir burada yaşayır. Onun sözlərinə görə, iki xalqı mehriban və möhkəm dostluq əlaqələri birləşdirir: «Yəqin ki, keçmiş SSRİ-yə daxil olan respublikalar arasında ən yaxın əlaqələr Ukrayna və Azərbaycan arasında mövcud olub. Ola bilsin ki, bu xalqları yaxınlaşdıran həm də ümumi problem olub: müstəqillik əldə etmək arzusu. Çünki xalqlarımız azadlığı çox sevir”.
Taras Şevçenko adına Ukrayna Cəmiyyəti Bakıda artıq 20 ildir ki, fəaliyyət göstərir. Bu il həm də Azərbaycanla Ukrayna arasında diplomatik əlaqələrin qurulmasının 20 ili tamam olur. Bu günə qədər xalqlarımız arasında bir dəfə də olsun hər hansı problemin yaşanmadığını deyən icma rəhbəri bunu mehriban münasibətlərimizin göstəricisi kimi qeyd edir: «Bu günə qədər Bakıda müxtəlif istiqamətlərdə tədbirlər keçirmişik. Mədəniyyət tədbirlərinə də üstünlük veririk. Məsələn, Yeni ili, Pasxa bayramını, Ukraynanın müstəqillik gününü qeyd edirik. Məqsədimiz adət-ənənələrimizi yaşatmaq, onları gələcək nəsillərə ötürməkdir”.
Ukraynalılar həmçinin dünya şöhrətli Ukrayna şairi Taras Şevçenkonun xatirəsini daim əziz tutur, onunla bağlı tədbirlər keçirirlər. Bu barədə A.Zareçnıy deyir: «Taras Şevçenko hər bir ukraynalı üçün əzizdir. Sevinirik ki, Bakıda da onun abidəsi ucaldılıb. 2014-cü ildə Şevçenkonun 200 illik yubileyini geniş qeyd edəcəyik. Hər il onun doğum günündə tədbir keçiririk. Məsələn, bu ilin aprelində Azərbaycanda səfərdə olan Ukrayna Ali Radasının sədri Vladimir Litvin böyük Taras Şevçenkonun abidəsi önündə Ukrayna icmasının nümayəndələri ilə görüşdü. Həmin görüşdə mən və Azərbaycan Ukraynalıları Konqresinin sədri İqor Yakovenko çıxış edərək, Azərbaycanda yaşayan bütün xalqlar kimi, ukraynalıların da ölkənin tamhüquqlu vətəndaşları olaraq başqa xalqların nümayəndələri ilə sülh və əmin-amanlıq şəraitində yaşadıqlarını dilə gətirdik”.
Qeyd edək ki, Bakıda böyük Ukrayna şairi, nasiri və rəssamı Taras Şevçenkonun abidəsi 2008-ci ildə ucaldılıb. O vaxtdan etibarən hər il martın 9-da - şairin anadan olduğu gün onun abidəsi qarşısında Ukrayna poeziyası bayramı keçirilir. Həmin gün eyni zamanda “Barvinok” ansamblı və Bakı Slavyan Universitetinin tələbələri Ukrayna mahnıları ifa edir, Taras Şevçenkonun şeirlərini oxuyurlar.
«Adət-ənənələrimizi yaşatmaq üçün mədəni tədbirlər keçiririk»
2001-ci ildə Bakıda Azərbaycan Təhsil Nazirliyinin dəstəyi ilə Ukrayna bazar günü məktəbi açılıb. Məktəbin şagirdləri Ukrayna dilini öyrənir, onun tarixi və mədəni irsi ilə tanış olurlar. Bununla yanaşı, Azərbaycanda yaşayan başqa xalqlarla da qaynayıb-qarışan ukraynalılar digər icmalarla da yaxınlıq edir, onların bayramlarında, mərasimlərində iştirak edirlər. Təsadüfi deyil ki, Taras Şevçenko adına Ukrayna Cəmiyyətinə milli mənsubiyyətindən asılı olmayaraq hər kəs üzv ola bilər. Cəmiyyətdə mədəniyyət, təhsil, sosial-hüquqi məsələlərlə bağlı komissiyalar, veteranlar şurası fəaliyyət göstərir. Bakının, demək olar ki, bütün rayonlarında, Xaçmaz, Mingəçevir, Gəncə və Zaqatalada cəmiyyətin bölmələri də fəaliyyət göstərir.
Artıq uzun illərdir ki, Azərbaycanda yaşayan ukraynalılar yerli xalqla, demək olar ki, qaynayıb-qarışıb. Təsadüfi deyil ki, ailə üzvlərindən ya ata, ya da ana ukraynalı olan çoxlu sayda qarışıq ailələrə də rast gəlmək olur. Bu xalqlar bir-biriləri ilə öz sevincini və kədərini bölüşür. Buna bariz misal kimi Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olan ukraynalıları göstərmək olar.
Azərbaycan vətəndaşları olan ukraynalıların dini mənsubiyyət baxımından provaslav xristianlar olduğunu deyən Aleksandr Zareçnıy bildirir ki, onlar Azərbaycandakı digər dini icmalarla birlikdə ölkədə sülh və sabitliyin qorunması üçün öz səylərini əsirgəmirlər: “Biz işləməyi də, istirahət etməyi də bacarırıq. Azərbaycan cəmiyyətində yaşayan ukraynalılar peşəkarlıq, enerji, fədakarlıq və həvəs göstərərək xalq diplomatiyası səviyyəsində Azərbaycan və Ukrayna arasında strateji əməkdaşlığı möhkəmləndirib inkişaf etdirirlər. Biz öz adət-ənənələrimizi yaşatmaq üçün mədəni tədbirlərin keçirilməsinə də böyük yer verir, həmçinin ölkədə bu məzmundakı tədbirlərdə iştirak etməyə çalışırıq. Məsələn, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə keçirilən milli azlıqların respublika festivalında fəal iştirak edirik. İcmamızı həmin festivalda “Barvinok” ansamblı təmsil edir. Ansamblın rəhbəri Yelena Javarovadır. Bu çox gözəl kollektivdir. Ansambl digər icmaların da tədbirlərində fəal iştirak edir».
Söhbət əsnasında Azərbaycan mətbəxini də bəyəndiklərini diqqətə çatdıran Aleksandr Zareçnıy evdə hər iki xalqın yeməklərinin hazırlandığını bildirir: «Doğrudur, Bakıda bir neçə Ukrayna mətbəxi olan restoran fəaliyyət göstərir. Biz müxtəlif bayramları və tədbirlərimizi orada keçiririk. Amma mən özüm hələ Bakıda yaşadığım ilk illərdən Azərbaycan mətbəxinin vurğunuyam. Axı yarpaq dolmasını kim sevməz. Yadımdadır, mən hələ gənclik illərimdə hər il yay tətilində Ukraynaya gedirdim. O zaman həyətimizdə böyük üzüm bağçası var idi. Nənəmə və anama üzüm yarpaqlarına əti necə bükməyi və dolma hazırlamağı mən öyrətdim».
Ukraynalılar Azərbaycanın ənənəvi mərasimlərində, toy şənliklərində də yaxından iştirak edirlər: “Biz həmçinin Novruz bayramını da qeyd edirik. Bir sözlə, Azərbaycan kimi tolerant bir ölkədə yaşayıb öz adət-ənənələrimizi yaşatmaq bizi çox məmnun edir”.
Mehparə