Semyon İxiilov: “Bu gün azərbaycanlılarla yəhudilər elə bir dostluq və mehribanlıq içində yaşayırlar ki, əslində bunu xalqlararası münasibət kimi təqdim etmək düzgün olmazdı. Odur ki, biz də özümüzü azərbaycanlı hesab edirik”
   
   Azərbaycanı özlərinə ikinci vətən seçmiş, uzun illər ərzində bu torpaqda yerli əhali ilə dinc şəraitdə, anlaşma içində yaşamış xalqlardan biri də yəhudilərdir. Ölkəmizdə yəhudi icmasının tarixi eramızdan əvvələ gedib çıxır. Bu böyük tarix özlüyündə Azərbaycanda müxtəlif millətlərin, dinlərin təmsilçilərinə necə tolerant münasibət bəsləndiyinin göstəricisidir.

   Bu gün Bakıda, eləcə də Qubada, Qusarda, Zaqatalada və başqa rayonlarda 20 mindən çox yəhudi yaşayır. Onların yerli əhaliyə qaynayıb-qarışması qarşılıqlı isti münasibətdən irəli gəlib. Təsadüfi deyil ki, Azərbaycanda məskunlaşan yəhudilər yerli xalqın onlara xoşməramlı münasibətinə cavab olaraq öz növbələrində ölkəmizin mədəniyyətinə, incəsənətinə, səhiyyə və ictimai-siyasi həyatına öz töhfələrini verərək əhəmiyyətli xidmətlər göstəriblər. İsrail dövləti də Azərbaycanın müstəqilliyini birincilər sırasında (dekabr 1991) tanıyıb və beynəlxalq müstəvidə ölkəmizlə yaxın tərəfdaşdır.
   Yüz illər boyu yəhudilər yaşadıqları müxtəlif ölkələrin cəmiyyətində aktiv (özəlliklə iqtisadi sahədə) rolları ilə diqqət mərkəzində olublar. Bu isə ayrı-ayrı ölkələrdə heç də birmənalı qarışlanmayıb. Azərbaycanda isə yəhudi icması heç vaxt hər hansı təqibə, sıxışdırılmaya məruz qalmayıb.
   
   2700 il öncə başlanan tarix
   
   Uzun illər Azərbaycan Dağ Yəhudiləri İcmasının rəhbəri olmuş, hazırda isə Dağ Yəhudilərinin Beynəlxalq Xeyriyyə Fondunun (STMEGİ) Azərbaycan nümayəndəliyinə rəhbərlik edən Semyon İxiilov tarixə nəzər salaraq bildirir ki, yəhudilər Azərbaycanda hələ 2700 il öncə, dağlarda tat müsəlmanları ilə qonşu olaraq məskunlaşıblar: “Yəhudilər və tat müsəlmanları arasında münasibətlər illər uzunu dostluq şəraitində inkişaf edib. Müxtəlif dinlərə etiqad edən iki millət onilliklər ərzində qohumluq əlaqələri qurublar. Sonralar ivrit və fars dillərinin qarışığı olan bu nadir dildə danışan yəhudiləri dağ yəhudiləri adlandırdılar. Dağlarda məskunlaşdıqları üçün onlara bu adı veriblər və bu gün də bizi belə adlandırırlar. XIX əsrin sonunda Bakıda neft bumu başlayanda Avropadan mütəxəssislər buraya pul qazanmağa gəlirdi. Onların arasında pinəçilər, dərzilər, musiqiçilər, mühəndislər vardı. Avropa yəhudiləri (aşkenazi) də məhz həmin vaxt Azərbaycana gəliblər. Onlar iqtisadçı, rəssam, memar və digər sahələrdə fəaliyyət göstərən sənət sahibləri idilər”.
   
   Qırmızı Qəsəbə - üç əsrin yaddaşı
   
   Bakıda, Oğuzda, Qubada dağ yəhudilərinin bir neçə sinaqoqu fəaliyyət göstərir. Qubadakı Qırmızı Qəsəbə (Krasnaya Slobada) təkcə postsovet məkanında deyil, bütün dünyada dağ yəhudilərinin kompakt yaşadıqları yeganə yerdir. 287 ildir ki, yəhudilər burada yaşayırlar. S.İxiilov deyir ki, bu yəhudilər vaxtilə Nadir şah zülmündən qaçaraq Quba hökmdarı Fətəli xanın oğlu Hüseynəli xana sığınıblar və xan onlara Qudyalçayın sağ tərəfində məskən salmaq üçün yer verib: “Yəhudilər buraya köçdükdə ilk növbədə sinaqoq tikdilər. Bu qəsəbəyə 13 kənd köçürüldü və 13 sinaqoq tikildi. XX əsrin əvvəllərində Qırmızı Qəsəbədə 18 min yəhudi yaşayıb. 1918-ci ildə yəhudilər də erməni-daşnaklar tərəfindən soyqırımına məruz qalıblar. Xudatda, Qubada, Qusarda, Şamaxıda azərbaycanlılarla birlikdə yəhudiləri də qırıblar. O zaman yəhudilər Bakıya qaçıb və burada məskunlaşıblar».
   Qeyd edək ki, əslən Qırmızı Qəsəbədən olan yəhudilər bu gün dünyanın müxtəlif yerlərində yaşayırlar. Onlar mütəmadi olaraq buraya gəlir, dini ayinləri yerinə yetirir, yaxınlarının qəbirlərini ziyarət edirlər. Qəsəbədə üç sinaqoq və dini ayinlərin icrası məqsədilə tikilmiş mikva (xüsusi hovuz - red.) var.
   
   “Azərbaycan dünyaya təkcə neft yox, həm də tolerantlıq ixrac edir”
   
   Həmsöhbətim deyir ki, bu gün azərbaycanlılarla yəhudilər elə bir dostluq və mehribanlıq içində yaşayırlar ki, əslində bunu xalqlararası münasibət kimi təqdim etmək düzgün olmazdı: “Çünki biz özümüzü azərbaycanlı hesab edirik. Təsadüfi deyil ki, bizə Azərbaycan yəhudiləri deyirlər. Görün, Azərbaycanda nə qədər millətlərin nümayəndələri var. Onların hamısı bərabərhüquqlu vətəndaşlardır və çoxmillətli ailə kimi bir yerdə yaşayırlar. Tolerantlıq Azərbaycan xalqının daxilindən gəlir. Azərbaycan İslam ölkəsidir və əhalisinin çox hissəsini müsəlmanlar təşkil edir. Amma bizim sinaqoqa bütün millətlərin nümayəndələri gəlir. Azərbaycana səfər edən digər dövlətlərin nümayəndələri bunu görəndə çox təəccüblənirlər. Yadımdadır, Almaniyanın Azərbaycanda olan səfirlərindən biri deyirdi ki, Azərbaycan bütün dünyaya təkcə neft yox, həm də tolerantlıq ixrac edir. Bu doğrudan da belədir. Ümid edirik ki, tezliklə Azərbaycanın İsraildə də səfirliyi açılacaq. Çünki İsrail və Azərbaycan arasındakı münasibətlər çox yüksək səviyyədədir”.
   Hazırda Azərbaycanda üç yəhudi icması fəaliyyət göstərir: dağ yəhudiləri, gürcü və aşkenazi, yəni Avropa yəhudiləri. Onların hər birinin öz sinaqoqları var. Ümumilikdə, Azərbaycanda fəaliyyətdə olan 5 sinaqoqdan 2-si Bakıda, 2-si Qırmızı Qəsəbədə, 1-i isə Oğuzda yerləşir. Respublikamızda iki yəhudi məktəbi, kollec, uşaq bağçaları və dini məktəb fəaliyyət göstərir. 1993-cü ildə Bakı Dövlət Universitetində ivrit dili fakültəsi açılıb, ivrit dilində qəzet və jurnallar çap olunur. S.İxiilovun sözlərinə görə, bu gün Azərbaycanda yaşayan 20 min yəhudinin 95 faizini dağ yəhudiləri təşkil edir: “Yəhudilər Azərbaycanda heç vaxt hər hansı təqibə məruz qalmayıblar. Azərbaycanda tolerantlıq dövlət siyasəti səviyyəsinə yüksəlib. Məhz bütün bunlara görə yəhudi icması ulu öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş və hörmətli dövlət başçımız İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kursu tam dəstəkləyir. Keçən il Bakıda yəhudi məktəbinin açılışı oldu. Bu mərasimdə Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak etdilər. Prezident məktəbin açılışına gələn dünyanın müxtəlif ölkələrindəki yəhudi icmalarının təmsilçilərini qəbul edərkən bir daha qeyd etdi ki, tarixən Azərbaycanda müxtəlif millətlərin nümayəndələri dinc yanaşı yaşayıb. Bu ənənə indi də uğurla davam etdirilir və nümunəvi xarakter daşıyır. Dövlət başçısı yəhudi məktəbinin timsalında milli azlıqlar üçün Azərbaycanda reallaşdırılan layihələrin xalqlar arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsi işinə xidmət etdiyini bildirdi”.
   
   “Yəhudilər Azərbaycan musiqisini dinləməyi çox sevirlər”
   
   Bakıda yaşayan yəhudilərin əksəriyyəti Azərbaycan dilində məktəbə gedir, bu dildə öz doğma dilləri kimi danışırlar. Yəhudilərin arasında sənətçilər, həkimlər, bəstəkarlar, şairlər də var. S.İxiilovun valideynləri Qubada, özü isə Bakıda anadan olub. Azərbaycan dilində səlis danışır. Deyir, ölkəmizdə yaşadığı üçün özünü xoşbəxt hiss edir. Həmsöhbətimin sözlərinə görə, yəhudilərin qeyd etdikləri bayramlarda, azərbaycanlılar da daxil olmaqla, digər xalqların nümayəndələri də iştirak edir: “Yəhudilər hər il Pasxa bayramını qeyd edirlər. Yəhudilər Misirdən çıxandan sonra 40 il çöllərdə, səhrada dolanıblar. Allah belə məsləhət gördü ki, bu illər ərzində yəhudilər qul psixologiyasından azad olsunlar. O zaman yəhudilər əkin əkirdi, lakin duz yox idi. Duzsuz xəmir edir, sonra onu günəşin altında böyük daşların üzərinə qoyurdular. Onlar da günəşin altında bişirdi və ona “maçça” deyirdilər. Biz hər il Maçça bayramı qeyd edirik. Yəhudilər Roş a-Şana adlı Yeni il bayramını geniş şəkildə qeyd edirlər (bu il sentyabrın 16-18-nə təsadüf edəcək - red.). Adət-ənənəyə görə yeni ildən keçən 10 gün müddətində diqqətli olmaq lazımdır. Heç kimə xoşagəlməz, ağır söz deməməlisən. Bundan əlavə, mənim hələ uşaqlıqdan hər il səbirsizliklər gözlədiyim bir bayram da var. Bu, azərbaycanlıların Novruz bayramıdır. Gözəl xonçalar bəzədilir, qonşular bir-birilərinə qonaq gedirlər”.
   Söhbət əsnasında yəhudilərlə azərbaycanlılar arasında oxşarlıqlardan da danışan həmsöhbətim mətbəxlərimizin, əsasən bənzər olduğunu deyir: “Demək olar ki, biz azərbaycanlılarla eyni yeməkləri hazırlayırıq. Evlərimizdə bir-iki fərqli yemək ola bilər. Yəhudilər Azərbaycan musiqisini dinləməyi də çox sevirlər”.
   Yuxarıda qeyd etdiyimiz kimi, hazırda Semyon İxiilov Dağ Yəhudilərinin Beynəlxalq Xeyriyyə Fondu - STMEGİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəridir. Təşkilatın rəhbəri əslən Azərbaycandan, Qırmızı Qəsəbədən olan German Zaxaryayevdir. Qurumun əsas məramı insanlara mədəni irsin, təhsilin qorunub saxlanması ilə yardım etməkdir. S.İxiilovun sözlərinə görə, qurumun Azərbaycan nümayəndəliyi qısa müddətdə bu sahədə xeyli iş görüb: “Qırmızı Qəsəbədə Heydər Əliyev parkı saldıq. Köhnə sinaqoqu bərpa etdik. Qəsəbədə dağ yəhudilərinin muzeyini də yaradacağıq. Qəbələ, Yevlax, Gəncə, Oğuz şəhərlərində də işlər görmək niyyətindəyik. Ümumilikdə, mədəni irs, təhsil sahəsində layihələrimizi bütün respublika ərazisində davam etdirmək istəyirik”. 

   Mehparə