Prezident İlham Əliyev oktyabrın 14-də Mingəçevirə səfəri çərçivəsində şəhərdəki M.Davudova adına Dövlət Dram Teatrının binasında aparılan əsaslı yenidənqurma və bərpa işləri ilə tanış olub.
Əvvəlcə binanın qarşısındakı istirahət parkında aparılmış abadlıq işləri ilə tanış olan prezident sonra teatr binasının təmirdən əvvəlki və hazırki vəziyyətini əks etdirən fotoşəkillərə baxıb.
Dövlət başçısına məlumat verilib ki, teatrın binası 1951-ci ildə tikilib və 1953-cü ildən istifadədədir. 1968-ci ildən Dövlət Dram Teatrı kimi fəaliyyət göstərir, həmin vaxtdan bəri bu mədəniyyət ocağında indiki səviyyədə əsaslı bərpa və yenidənqurma işləri aparılmayıb.
2008-ci ildə başlanan yenidənqurma işləri isə ən yüksək səviyyədə, müasir standartlara uyğun aparılır. Ümumi sahəsi 2300 kvadratmetr olan ikimərtəbəli binada 32 otaq var. Qrim, məşq və rəssamlar üçün otaqlar, yeməkxana birinci mərtəbədə olacaq. İkinci mərtəbədə 160 yerlik kiçik zal fəaliyyət göstərəcək. İnzibati otaqlar da bu mərtəbədə yerləşəcək. Teatrın əsas zalı 510 tamaşaçı üçün nəzərdə tutulub. Binada yenidənqurma işləri 2011-ci ilin martında başa çatdırılacaq.
Prezident İlham Əliyev yenidənqurma işlərinin vaxtında və yüksək keyfiyyətlə başa çatdırılmasına dair tapşırıq və tövsiyələrini verib.
* * *
Prezident İlham Əliyev Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman Mərkəzinin açılışında iştirak edib. 2007-ci ildə tikintisi başlanan kompleksə inzibati bina, üzgüçülük hovuzu, gəmini xatırladan altımərtəbəli 250 yerlik mehmanxana, idman salonu, avarçəkmə klubu, kotteclər, tennis kortu, qayıqların saxlanması üçün anqar daxildir.
Dövlət başçısı Mingəçevir şəhərində yeni inşa olunmuş Şahmat məktəbi binasının açılışında da iştirak edib. Prezident həmçinin yenidən qurulmuş Mingəçevir-Xaldan yolunun və Mingəçevir şəhərinin “Günəşli” yaşayış massivinə çəkilən qaz xəttinin açılışında iştirak edib.
* * *
Oktyabrın 14-də dövlət başçısı Mingəçevirə səfərini başa çatdıraraq, Yevlax şəhərinə gəlib. Prezident Kür çayının sahilində bulvar-hotel kompleksində tikinti işlərinin gedişi ilə tanış olub. Dövlət başçısına məlumat verilib ki, bulvar-hotel kompleksi üçün 10 hektar torpaq sahəsi ayrılıb. Hotelin tikinti sahəsi 2156 kvadratmetrdir. Beşmərtəbəli hoteldə 44 nömrə, restoran, bar, idman zalı, mətbəx, hovuz, ofis otaqları və digər yardımçı otaqlar olacaq.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva hotelin maketi, otaqların dizayn elementlərinin fotoeskizləri və işçi layihə ilə tanış olublar. Bildirilib ki, Kür çayının sahilində 1,5 kilometrlik bulvarın uzunluğunun 4 kilometrə çatdırılması, burada istirahət və əyləncə üçün hər cür şəraitin yaradılması nəzərdə tutulur. Hazırda ərazidə yaşıllıq işləri aparılır.
* * *
Prezident İlham Əliyev Yevlax şəhərində 1 nömrəli orta məktəbin yeni binasının, “Azərtoxum” MMC toxumçuluq müəssisəsinin açılışında da iştirak edib.