Təhsil bir millətin gələcəyidir, onun həyat təminatçısıdır, xalqın sabahıdır, dövlətin gücüdür, insanı insan edən mühüm faktorlardan biridir. Cəmiyyətin inkişafı onun övladlarının təhsil səviyyəsi ilə bilavasitə əlaqədardır. Uzun illərdir təhsil sahəsindəki təcrübələri ilə tanınan, Azərbaycan təhsil sisteminə öz töhfəsini verən və əldə etdiyi müvəffəqiyyətlərlə ölkə ictimaiyyətinin diqqətini çəkən “Çağ” Öyrətim Şirkətinin rəhbəri Dr. Ənvər Özərənlə söhbətimiz də bu mövzuda oldu.
   
   - Ənvər bəy, “Çağ” Öyrətim Şirkətinin fəaliyyətinin 20 ili tamam oldu. 20 illik fəaliyyətinizi necə xarakterizə edərdiniz?
   - Şirkətimizin fəaliyyətə başlaması Azərbaycan Respublikasının müstəqilliyinin bərpası ilə eyni vaxta təsadüf edir. Təhsil sahəsindəki əməkdaşlığımızın bünövrəsi isə ümummilli liderimiz Heydər Əliyev hələ Naxçıvanda olarkən qoyulub. Onun ifadə etdiyi “Təhsil millətin gələcəyidir” şüarı altında “Çağ” Öyrətim Şirkətinin fəaliyyəti başlamış oldu. On beşinci ilimizi qeyd etdiyimiz zaman “Etimada sədaqətlə 15 il” demişdik. Bu il isə “Müasir Azərbaycan təhsili və “Çağ” Öyrətim” başlığı altında 20 illiyimizi qeyd edirik. Bu 20 ildə məzunlarımız Azərbaycanın və dünyanın qabaqcıl universitetlərini bitirdilər. Ölkə daxilində və xaricində Azərbaycanı ləyaqətlə təmsil edən yüzlərlə insan yetişmiş oldu. Əvvəllər şirkət nəzdində fəaliyyət göstərən müəllim heyətinin 85-90 faizini Türkiyədən gələnlər təşkil edirdilər. Bu gün isə müəllim kollektivinin 80 faizindən çoxu Azərbaycanın təhsil ocaqlarından məzun olmuş insanlardan ibarətdir. Bu göstərici “Araz” kurslarında 98, Qafqaz Universitetində 86-87 faizdir. Azərbaycan naminə dünya ilə rəqabət aparmağa çalışırıq.
   - “Çağ” yalnız xarici olimpiadalarda iştirak etmir, eyni zamanda belə bilik yarışının Azərbaycanda keçirilməsini təmin edir. Azərbaycanda beynəlxalq olimpiada keçirmək ideyası necə yarandı?
   - Azərbaycan müstəqilliyini qazandıqdan sonra dünya olimpiadalarında iştirakı ilk olaraq şirkətimizin məktəbləri vasitəsilə oldu. Başlanğıcda beynəlxalq olimpiadalarda iki il boyunca müşahidəçi olaraq iştirak etdik. 1994-cü ildə isə Bolqarıstanın Varna şəhərində 45 ölkənin iştirakı ilə keçirilən biologiya olimpiadasında Azərbaycanı təmsil etdik. Şagirdlərimiz vətənə qələbə ilə - 2 qızıl və 2 gümüş medalla qayıtdılar. Nəticə etibarilə bu olimpiadalara hazırlıq təcrübəmiz ilbəil daha da təkmilləşdi. Bu günədək Azərbaycan məktəbliləri beynəlxalq olimpiadalarda 104-ü qızıl olmaqla 529 medal qazanıb. Bütün bunlar Azərbaycanın dünyada təmsil olunması, tanıdılması deməkdir.
   Uzun illər olimpiadalarda iştirak etməyimiz həm müəllim heyətimizə, həm də şagirdlərimizə geniş təcrübə qazandırdı. Fikirləşdik ki, Azərbaycan neft ölkəsidir. Ona görə də ekologiya ilə bağlı bir olimpiada keçirsək, Azərbaycanı dünya ictimaiyyətinin diqqət mərkəzinə çəkə bilərik. İllərdir qazandığımız təcrübəyə arxalanaraq beynəlxalq olimpiadanın Azərbaycanda keçirilməsinə qərar verdik. Belə bir layihənin həyata keçməsi üçün maliyyə dəstəyinə ehtiyacımız var idi. Ona görə də bu layihə ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) rəhbərliyi ilə görüşdük. ARDNŞ təşəbbüsümüzə müsbət münasibət bildirdi və layihəyə sponsorluq etdi. İlk olaraq İNEPO-Avrasiya olimpiadasında 17 ölkədən təmsilçi iştirak etdi. Bu il altıncı dəfə keçirilən olimpiadaya 42 ölkədən təxminən 400 şagird qatıldı. Təhsil Nazirliyinin təşəbbüsü ilə Azərbaycandakı digər orta məktəblər də bu bilik yarışında iştirak etməyə başladılar. Bu il Azərbaycanın 292 orta məktəbi layihəyə qoşuldu. Bu, çox sevindirici haldır.
   - Rəhbərlik etdiyiniz şirkətin təhsil ocaqlarında səviyyənin kifayət qədər yüksək olduğu hamı tərəfindən qəbul olunur. Bunun sirri nədir?
   - Yaxşı təhsilin sirri, əlbəttə, birincisi, bu işi sevərək yerinə yetirməkdir. İkincisi, təhsil prosesində mərhəməti, sevgi hisslərini önə çıxarmaq, şagirdlərə xoş duyğularla yanaşmaq əsasdır. Belə bir məsəl var: “Gözəlliklər paylaşıldıqca çoxalır”. Bizim təcrübəmiz kimi, Azərbaycanın da təhsil sahəsində təcrübəsi var. Bu təcrübələri bir araya gətirdiyimiz zaman uğurlarımızın artdığını görürük. Əldə olunan müvəffəqiyyətlər insanlarda davamlı şəkildə enerji, ruh yüksəkliyi formalaşdırır. Bunun nəticəsi olaraq da ardıcıl şəkildə artan uğurlarımız, ümummilli liderin vaxtilə bizə xitabən dediyi “Mən həmişə sizi dəstəkləyirəm. Siz Azərbaycanın gələcəyi üçün mühüm işlər görürsünüz”, eyni zamanda, Prezident İlham Əliyev cənablarının “Görülən işləri daha da genişləndirin”, “Azərbaycanın gələcəyi üçün mühüm işlər görürsünüz” ifadələri, ümumilikdə isə Azərbaycan xalqının fəaliyyətimizi təqdir etməsi bizdən daha da məsuliyyətli olmağı tələb edir. Bütün bu saydıqlarımızın nəticəsində də uğur əldə etmiş oluruq.
   - Azərbaycan məktəblisinə, tələbəsinə tövsiyəniz nə olardı: təhsil həyatını necə qurmaq lazımdır?
   - Azərbaycanın sərbəst bazar iqtisadiyyatına qədəm qoyması, cənab Prezidentin “neft kapitalını insan kapitalına çevirməliyik” fikri və qeyri-neft sektorunun inkişafı ilə əlaqədar təşəbbüslər Azərbaycanda önəmli bir faktı ön plana çıxarır: dünyada gedən bütün proseslərdən xəbərdar olan, savadlı, təcrübəli kadrların yetişməsinə ehtiyac var. Yaxşı bir mütəxəssis olmaq üçün sadəcə universitetə qəbul olunmaq kifayət etmir. Tələbələrimiz ixtisasları üzrə özlərini yetişdirmək məcburiyyətindədirlər. Qafqaz Universitetini seçən gənclərimiz və onların valideynləri buradakı təhsilin səviyyəsindən, professor-müəllim heyətinin nizam-intizamlı dərs sistemindən xəbərdardırlar. Məzunlarımız getdikləri yerlərdə nümunəvi insan olaraq dəyərləndirilirlər. “Çağ”ın 20 illiyinə həsr olunmuş tədbirdə “Azərsun Holdinq”in prezidenti Abdulbari bəyin çıxışında belə bir ifadə var idi: “Əgər bir gün şirkətimi birinə verməyi düşünsəm, o insan şübhəsiz ki, Qafqaz Universitetinin məzunu olacaqdır”. Bu ifadənin arxasında Azərbaycan məktəblisinə, universitet tələbəsinə bir səsləniş var.
   - “Çağ”ın rəhbəri kimi siz məzunlarınızı necə görmək istəyirsiniz?
   - Məzunlarımızı dünyanın harasında olmalarından asılı olmayaraq, Azərbaycan dövlətinə, millətinə sadiq, öz adət-ənənələrindən qopmayan şəxsiyyətlər olaraq görmək istəyirik. Bu yaxınlarda 1997-ci ildə məzun olan şagirdlərimizdən biri ziyarətimizə gəlmişdi. Anqolada “bp” şirkətində işlədiyini söylədi. Mən liseydə oxuyarkən illik olaraq nə qədər təhsil haqqı ödədiyini soruşduqda, 100 dollar deyə cavab verdi. Hamımız bilirik ki, o günlərdə bu məbləğ illik təhsil haqqı üçün çox kiçik bir rəqəm idi. Ancaq istər azərbaycanlı, istər türkiyəli xeyirxah insanların dəstəyi sayəsində bütün bu maddi vəsaitlər qarşılanmış oldu. İndinin özündə də müəssisələrimizdə təhsil alan gənclərə müəyyən güzəştlər edilir. Bu xeyirxah insanların onlara əl tutduqları kimi, onların da zəkalı, ancaq maddi vəziyyəti yaxşı olmayan insanlarımıza dəstək çıxan xeyirxah insan olmalarını arzu edirəm.
   - Təhsildə məşhur üçbucaq var:məktəb-şagird-valideyn. “Çağ”ın bu üçbucağa münasibəti necədir?
   - Bu tərəflərdən biri əskik olarsa, səmərəli təhsildən söz gedə bilməz. Şagirdin gününün bir qismi evdə, bir qismi də məktəbdə keçir. Hər bir uşağın düzgün tərbiyə, yaxşı təhsil alması məktəb-valideyn münasibətlərinin düzgün koordinasiya olunmasından asılıdır. Bu baxımdan şagirdin səmərəli təhsil almasında müəllimin məktəbdəki rolunu valideyn evdə tamamlayır.
    - Belə bir fikir var: məktəb binası nə qədər müasir olursa-olsun, içində normal müəllim-şagird münasibətləri yoxdursa, orada təhsildən, təlim-tərbiyədən söhbət gedə bilməz. Bu fikirlə razısınızmı?
    - Müəllim-şagird münasibətləri qarşılıqlı hörmət, sevgi, səmimiyyətə əsaslanmırsa, nə səmərəli təhsildən söhbət gedə bilər, nə də düzgün təlim-tərbiyədən. Müəllimlə şagird arasında elə bir atmosfer formalaşmalıdır ki, şagird çəkinmədən, tərəddüd etmədən hər bir çətinliyini müəllimi ilə paylaşa bilsin, onlardan kömək istəsin. Müəllim şagirdinin sevincinə sevinməli, kədərinə də şərik olmalıdır. Əgər müəllimlə şagird arasında doğmalıq, səmimiyyət formalaşarsa, o zaman düzgün təlim-tərbiyə və səmərəli təhsil də verilmiş olar.
   - Bu günlərdə “Çağ” Öyrətim İşlətmələri Şirkəti “Gülüstan” sarayında “Müasir Azərbaycan və Çağ Öyrətim - etimada sədaqətlə 20 il” adlı tədbir keçirdi. Dövlət rəsmiləri, xüsusilə də təhsil naziri fəaliyyətiniz haqqında çox parlaq sözlər söylədilər. Dedilər ki, “Çağ” Azərbaycana Nobel mükafatı qazandıra bilər. Bu sözlər sizin bir növ hesabatınız kimidir. Bundan sonra qarşınızda nə kimi planlar, layihələr dayanır?
    - Əvvəla, haqqımızda deyilən bu xoş sözlər üçün çox təşəkkür edirəm. Bu sözlər bizim qarşımızda daha böyük məsuliyyətlər qoyur. Görəcəyimiz işlərə gəlincə, ən başda bizə göstərilən etimada sədaqətlə xidmətimizi davam etdirəcəyik. Konkret olaraq, ən böyük arzumuz bütün təhsil müəssisələrimizin müasir tələblərə uyğun maddi-texniki baza; sahə, bina və avadanlıqlarla təmin edilməsini davam etdirməkdir. Lakin bu da kifayət deyil. Bu gün təhsil müəssisələrimizdə işləyənlərin hamısının azərbaycanlı kadrlardan ibarət olmasına çalışırıq və yaxın zamanda bu məqsədimizə də nail olacağıq.
   Bundan başqa, məktəblərimizin artıq beynəlxalq statuslu təhsil müəssisələrinə çevrilməsi lazımdır. Bunu zaman tələb edir. Bu gün dünya elə sürətlə dəyişir ki, dəyişikliklərlə ayaqlaşa bilməyimiz üçün çox işləməliyik. Dünənə qədər biz dünyadan öyrənməyə çalışırdıq. İndi bu məktəblər sayəsində dünya bizdən bəzi şeyləri öyrənir və inanıram ki, bir müddət sonra dünya daha çox şey öyrənmək - elmli, əxlaqlı şəxsiyyət olacaq insan modeli yetişdirmək üçün bizə üz tutacaqdır.
   Yaxın keçmişə qədər haqlı olduğu halda səsini dünyaya duyura bilməyən Azərbaycan bu gün ümummilli liderin kursunun ardıcıl davamçısı, bütün fəaliyyətini Azərbaycanı layiq olduğu səviyyəyə yüksəltməyə həsr etmiş Prezident İlham Əliyevin səyləri, ölkənin birinci xanımı Mehriban Əliyevanın yorulmadan gördüyü işlərlə dünyanın diqqət mərkəzinə çevrilməyə başlamışdır. Bir tərəfdən Azərbaycan dünyanın diqqətini özünə cəlb edir, digər tərəfdən dünya Azərbaycanı yenidən kəşf edir. Azərbaycan mədəniyyəti, incəsənəti, elmi, fəlsəfəsi, xalçası, muğamı, idmanı, ekologiyaya yeni baxışı, mədəniyyətlərarası dialoqlar təqdimatı ilə özünü dünyaya bir daha tanıdır, yenidən təqdim edir.
   Neft kapitalını insan kapitalına çevirən Azərbaycan məhz yeni məktəblərlə, universitetlərlə, yeni insan modeli ilə dünyaya açılır, dünyanı Azərbaycana gətirir. Buna görə də təkrar edirəm, çox öyrənmək, çox oxumaq, çox tətbiq etmək, bir sözlə, çox işləmək lazımdır. Azərbaycan o zaman daha güclü olacaqdır. Qloballaşan dünyada güclü Azərbaycan bölgədə sabitliyin qarantına çevrilir və bu dəst-xətlə o, bölgədə sülhün, əmin-amanlığın, tolerantlığın mərkəzinə çevrilir. Bunlar isə yeni insanla, yeni nəsillə həyata keçir. Bu baxımdan biz Prezident İlham Əliyev cənablarının həyata keçirdiyi möhtəşəm işlərin iştirakçısı olmağı, yenilənən Azərbaycanın qurucuları içərisində yer almağı özümüz üçün ən şərəfli vəzifə hesab edirik.
   
   Mahir Həmidov