Əbülfəs Qarayev,
   Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri

   Azərbaycanda informasiya cəmiyyətinin qurulmasında kitabxanaların üzərinə mühüm vəzifələr düşür. Məhz kitabxanalar vasitəsilə cəmiyyətin intellektual potensialının formalaşması və inkişafı kimi funksiyalar yerinə yetirilir. Heç şübhəsiz ki, kitabxanaların uğurlu fəaliyyəti hər bir kitabxanaçının fərdi qabiliyyəti, təhsil səviyyəsi və fədakar əməyi sayəsində mümkün ola bilər.
   
   Ötən əsrin 90-cı illərinin əvvəllərində ciddi çətinliklərlə üzləşən kitabxana şəbəkəsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə gəlməsi sayəsində tədricən dirçəlməyə başladı. 1998-ci ildə “Kitabxana işi haqqında” Qanunun qəbul olunmasından sonra kitabxanalara münasibət əhəmiyyətli şəkildə dəyişdi. 2007-ci il 20 aprel tarixində Prezident İlham Əliyev “Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında” sərəncam imzaladı. Bir il sonra «Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı» təsdiq olundu.
   Təbii ki, bu direktiv sənədlərdə həyata keçirilməsi nəzərdə tutulan vəzifə və məsələlər Azərbaycan kitabxanaçılarının II Ümumrespublika müşavirəsinin əsas müzakirə mövzusu olacaqdır.
   Hazırda respublikamızda müxtəlif nazirliklərin, komitə və idarələrin tabeçiliyində olan 11 mindən çox kitabxana fəaliyyət göstərir. Ölkə kitabxanalarının fondlarında 35 milyon nüsxədən çox kitab, jurnal, qəzet və digər informasiya daşıyıcıları saxlanılır, oxucuların istifadəsinə verilir.
   Bu gün Azərbaycan kitabxanalarının qarşısında duran əsas vəzifə kitabxana fondlarını latın qrafikalı nəşrlərlə komplektləşdirmək, bu mədəniyyət müəssisələrinə daha çox sayda oxucu cəlb etmək və xidmətin səviyyəsini artırmaqdan ibarətdir. Dövlətimiz bu sahədə əsas strateji məsələni öz üzərinə götürdü. Azərbaycan Respublikası Prezidentinin 12 yanvar və 27 dekabr 2004-cü il tarixli sərəncamları ilə latın qrafikasında nəşr olunmuş kitablar - Azərbaycan klassiklərinin əsərləri, müasir Azərbaycan ədəbiyyatı, antologiyalar, dünya ədəbiyyatı, dünya uşaq ədəbiyyatı, lüğət və ensiklopediyalar bütün kitabxanalara paylanmışdır.
   Kitabxana fondlarının zənginləşdirilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən də mühüm işlər aparılır. Nazirliyin vəsaiti hesabına alınmış kitablar Milli Kitabxana, Respublika Uşaq Kitabxanası və Respublika Kitabxana Kollektoru tərəfindən tabeçiliyindən asılı olmayaraq bütün kitabxanalara paylanılır. Nazirlik tərəfindən latın qrafikasında nəşr edilən və ölkə kitabxanalarına əvəzsiz olaraq verilən kitabları xüsusi qeyd etmək istərdim. Nazirliyin nəşr layihəsi çərçivəsində son 5 ildə 250 adda kitab işıq üzü görmüşdür.
   Kitabxanaların əksəriyyətində oxucu problemi tədricən aradan qaldırılır. Nazirliyin təşəbbüsü ilə hər il ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunan və respublikanın şəhər, rayon kitabxanalarının təşkil etdiyi “Kitab bayramları”nın keçirilməsi, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən həyata keçirilən “Səyyar kitabxana” layihəsi təqdirəlayiq haldır. Ölkənin ən böyük kitabsaxlayıcısı olan Milli Kitabxanada ən dəyərli nəşrlərin təqdimatları, görkəmli ədəbiyyat və ictimai xadimlərin yubileyləri, beynəlxalq elmi simpoziumların keçirilməsi ənənə halını almışdır.
   Azərbaycan həqiqətlərinin dünyaya yayılması istiqamətində mühüm işlər aparılır. Xocalı faciəsinə dair “Xocalı” adlı elektron məlumat bazası, “Xocalı - şəhid şəhər”, “20 il Şuşasız” adlı kitab sərgiləri bu istiqamətdə aparılan işlərin tərkib hissəsidir. Tanınmış şəxsiyyətlərin, elm və mədəniyyət xadimlərinin irsinin təbliği, onların haqqında biblioqrafik məlumat kitablarının hazırlanması böyük əhəmiyyət kəsb edir.
   Nazirlik tərəfindən kitabxanaların avtomatlaşdırılması məsələlərinə xüsusi önəm verilmiş və bu məqsədlə 2009 və 2010-cu illər “Kitabxanaların avtomatlaşdırılması ili” elan edilmişdir. Artıq respublikanın bütün şəhər və rayon mərkəzi kitabxanalarının saytları yaradılmışdır.
   Kitabxanaların maddi-texniki təminatının yaxşılaşdırılması, oxucuların informasiya tələbatının müasir səviyyədə təşkili nazirliyin qarşısında prioritet məsələ olaraq qalır. Mövcud imkanlar daxilində nazirlik tərəfindən bir sıra kitabxanalar əsaslı təmir edilmiş və onlar yeni inventar və avadanlıqlarla təmin olunmuşdur. F.Köçərli adına Respublika Uşaq Kitabxanası müasir tələblərə cavab verən yeni binaya köçürülmüş, habelə kitabxanaya inventar və avadanlıqlar verilmişdir. Balakən rayon Mərkəzi, Xaçmaz rayon Uşaq və Gənclər kitabxanaları, Şabran Rayon Kitabxana-Multimedia Mərkəzi, Abşeron rayon MKS-nin Fatmayi kənd kitabxana filialının yeni binası oxucuların istifadəsinə verilmişdir. İşğal altında və cəbhə bölgəsində olan rayonların kitabxana fondlarının bərpasını təmin etmək məqsədilə Füzuli rayonunda Mahmudlu-1 kəndində yerləşən rayon Mərkəzi Kitabxanası müasir səviyyədə inşa edilən I Zobucuq kəndinə, Ağcabədi rayonu Taxta Körpü qəsəbəsində yerləşən Laçın Rayon Mərkəzi Kitabxanası şəraiti yaxşı olan yeni binaya köçürülmüşdür.
   Xocavənd Rayon Mərkəzi Kitabxanasının müvəqqəti olaraq xocavəndlilərin kompakt yerləşdiyi Beyləqan rayonunda, Cəbrayıl Rayon Mərkəzi Kitabxanasının isə Biləsuvar rayonunda fəaliyyətləri bərpa edilmişdir. Bundan başqa, Sumqayıt, Yevlax, Şəki şəhər mərkəzi kitabxanaları əsaslı təmir edilmiş, müasir inventar və avadanlıqlarla təchiz edilmişdir. Respublika Gənclər Kitabxanasına, Respublika Gözdən Əlillər Kitabxanasına, Bakı şəhəri Sabunçu rayon MKS-yə, Quba, Masallı, Ağdam, Ucar, Qobustan, Ağsu, Cəbrayıl, Daşkəsən, Xızı, Laçın, Şuşa, Beyləqan, Qusar, Tərtər, Füzuli rayon MKS-lərinə kompyuter, printer, skaner və s. avadanlıqlar verilmişdir. Lakin respublikanın əksər şəhər, qəsəbə, kənd kitabxana filialları üçün yeni binaların inşasına, mövcud binaların əsaslı təmirinə ciddi ehtiyac var.
   Kitabxanaların beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi və təcrübə mübadiləsinin həyata keçirilməsi sahəsində aparılan işlər öz nəticəsini vermişdir: ABŞ, İsveç, Avstriya, Fransa, İsveçrə, Türkiyə, Rusiya, Bosniya və Herseqovina, İran, Rumıniya, Belarus, Özbəkistan, Ukrayna, İndoneziya, Çexiya və bir sıra ölkələrin kitabxanaları ilə əlaqələr yaradılmış və onlarla qarşılıqlı kitab mübadiləsi həyata keçirilmişdir. Bu işdə Milli Kitabxananın üzərinə mühüm vəzifələr düşür.
   Kitabxanaçıların əməyinin stimullaşdırılması diqqət mərkəzindədir. Ötən illər ərzində bir neçə qabaqcıl kitabxanaçı “Əməkdar mədəniyyət işçisi” fəxri adı, “Tərəqqi” medalı, habelə onlarla kitabxanaçı nazirliyin fəxri fərmanları və pul mükafatları ilə təltif edilmişlər. Hər il “İlin nümunəvi mərkəzləşdirilmiş kitabxana sistemi”, “İlin ən yaxşı kitabxanaçısı” respublika müsabiqəsi keçirilir, qaliblər Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təltif edilirlər.
   Respublikanın kitabxana tarixində ilk dəfə olaraq qədim və nadir nəşrlərin reyestri hazırlanmışdır. Dövlət reyestrinə 3483 adda müxtəlif formada olan kitab abidəsi daxil edilmişdir. Onlardan Mədəniyyət və Turizm Nazirliyinin müəssisələrində 1320 adda, nazirliyin tabeçiliyində olmayan digər kitabxanalarda, arxiv və muzeylərdə 1919 adda, şəxsi kolleksiyalarda isə 244 adda kitab abidəsi qeydə alınmışdır. Bir sıra nadir nəşrlər haqqında məlumatların gələcək nəsillərə, habelə dünya ictimaiyyətinə çatdırılması məqsədilə “Azərbaycanın kitab abidələri” DVD-si buraxılmışdır. Hazırda bu iş Milli Kitabxana tərəfindən davam etdirilir.
   Nəzərinizə çatdırmaq istəyirəm ki, keçmiş sovet dövründə əsası qoyulmuş kitabxanaların dislokasiyası müasir dövrdə özünü doğrultmur. Rayon MKS-lərinin şəbəkəsində 80, 100, hətta 120 kitabxana filialının mövcud olması kitabxanaların öz fəaliyyətlərini günün tələbləri səviyyəsində qurmağa imkan vermir. Bu, kitabxana-informasiya sahəsində islahatların aparılmasını zəruri edirdi. İslahatlar nəticəsində müasir normalara cavab verməyən kitabxana filialları digər aktiv kitabxana filiallarına birləşdirilir. Nəticədə nazirliyin kitabxana-informasiya şəbəkəsinə daxil olan kitabxana filiallarının sayı 4300-dən 3500-ə enmişdir. Respublikanın bir sıra şəhər və rayonlarında bu islahatlar davam edir.
   Sonda bir daha qeyd etməyi lazım bilirəm ki, Azərbaycan kitabxanaları müasir oxucunun tələbatına cavab vermək üçün öz fəaliyyətlərini köklü surətdə dəyişdirməli, informasiya cəmiyyətinin qurulması işinə öz töhfələrini verməlidirlər.