Dünyada insanlar tərəfindən həyata keçirilən və yaxud təbiətdə qeydə alınan ən yüksək nəticələri ümumiləşdirən məşhur “Ginnesin rekordlar kitabı”nda azərbaycanlılarla bağlı rekordlar da qeydə alınıb. Onları sizə təqdim edirik:
   
   * Cəbrayıl rayonunda anadan olmuş, hazırda Belçikada yaşayan Fəxrəddin Vəliyev 2004-cü ildə adı "Ginnesin rekordlar kitabı"na düşmüş ilk azərbaycanlıdır. O, 5 dəqiqəyə 20 nəfərin siluetini çəkməklə bu şərəfə nail olub.
   * Lənkəran rayonunun Aşağı Nüvədi kənd sakini 7 yaşlı Ələsgər Rəhim oğlu Həsənzadə "Ginnesin rekordlar kitabı"na düşən ən azyaşlı qalibdir. O, 1 saat 45 dəqiqə ərzində barmaqlarının ucu ilə sinəsini yerə vurmamaq şərti ilə 3 min dəfə qalxıb enib.
   * Cənubi azərbaycanlı Hüseyn Rezazadə «Ginnesin rekordlar kitabı»na planetimizin ən güclü pəhləvanı kimi daxil olub. 263 kiloqram ağırlığı başı üzərinə qaldıran həmyerlimiz 2004-cü ildə 263,5 kq ağırlıq qaldırmaqla özünün müəllifi olduğu dünya rekordunu təzələyib.
   * Gürcüstanın azərbaycanlı sakini Etibar Elçiyev xüsusi maqnit cazibəsinin köməyi ilə eyni vaxtda bədənində saxladığı metal qaşıqların sayına görə dünya rekordu vurub. O, İtaliyada rekordunu təkrarlayaraq bədənində eyni vaxtda 50 qaşıq saxlayıb.
   
   Topladı: Ceyhun