Mədəni inteqrasiyada milli-mədəni irs amilinin roluna dair
(T.İ.Əfəndiyevin “Mədəniyyət və incəsənətimizin məbədgahı” kitabı əsasında)
Müasir dövrdə sivil dünyanın ən yüksək kürsülərindən səsləndirilən çağırışlar içərisində mədəni inteqrasiya, mədəniyyətlərarası dialoq və mədəni müxtəliflik ifadələri xüsusi yer tutur. Çünki bu gün bəşəriyyətin kulturoloji irsinin öyrənilməsi, mühafizəsi və təbliği məsələləri mədəni dünyanı getdikcə daha çox düşündürməkdədir.
Getdikcə daha da aktuallaşan bu məsələlərlə bağlı son illərdə bir sıra ciddi layihələr həyata keçirilmiş, konvensiyalar qəbul edilmiş, ümidverici addımlar atılmışdır. Məsələn, Birləşmiş Millətlərin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) Baş Konfransı 3-21 oktyabr 2005-ci il tarixində Paris şəhərində keçirilən 33-cü sessiyasında mədəni müxtəlifliyin bəşəriyyətin fərqləndirici xüsusiyyəti olduğunu təsdiqləyərək, “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında” konvensiya qəbul etmişdir.
Qəbul olunmuş bütün beynəlxalq sənədlərdə mədəniyyət amili bəşəriyyəti hazırda düçar olduğumuz qlobal münaqişələrdən, ekoloji problemlərdən, silah, narkotik və insan alverindən qoruyacaq əsas xilasedici faktor kimi dəyərləndirilməkdədir. Hazırda dünya birliyi öz inkişafında elə bir mərhələdədir ki, artıq mədəniyyət faktoruna biganə qala bilməz. İnsanlığın gələcəyi üçün mədəniyyəti hərəkətverici qüvvə kimi inkişaf etdirməliyik. Bəşəriyyəti birləşdirməkdə olan inteqrasiya proseslərinə yalnız zahiri, maddi irəliləyiş deyil, həm də mədəni, mənəvi tərəqqini, keyfiyyət yüksəlişini təmin etmək üçün ruh, qəlb gərəkdir. Gələcək üçün insanlığın mədəni enerjisi səfərbər edilməlidir. Bunsuz sabitliyə nail olmaq qeyri-mümkündür, bunsuz bəşəriyyətin təminatlı və güvənli gələcəyindən danışmaq qeyri-məntiqidir.
Heç də təsadüfi deyildir ki, 2008-ci il “Mədəniyyətlərarası dialoq ili” elan edilmişdi ki, həmin tendensiya bu gün daha da inkişaf etdirilməkdədir. Məhz bu məqsədlə Azərbaycanda da mədəniyyətə dair bir sıra mühüm beynəlxalq tədbirlər keçirilmiş və 2008-ci ildən Bakı Prosesi başlamışdır. 2008-ci il dekabr ayının 2-3-də Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda Bakı konfransının, 2009-cu ildə Bakının “İslam mədəniyyətinin paytaxtı” seçilməsi münasibətilə təşkil edilmiş tədbirlərin, 2010-cu ildə paytaxtımızın ev sahibliyi etdiyi Dünya Dinləri Liderlərinin Zirvə Görüşünün, 2011-ci il aprelin 7-9-da Mədəniyyətlərarası Dialoq üzrə Dünya Forumunun, 10 oktyabr 2011-ci ildə “XXI əsr: ümidlər və çağırışlar” devizi altında keçirilmiş I Beynəlxalq Humanitar Forumun və 6 oktyabr 2012-ci ildə gerçəkləşən II Bakı Beynəlxalq Humanitar Forumunun nəticələri mədəniyyət fenomeninin bəşəriyyətin gələcəyi üçün nə qədər bir əhəmiyyətli faktor olduğunu təsdiqlədi.
Habelə muğam, aşıq sənəti, Novruz bayramı, xalça sənəti, tar ifaçılıq sənəti kimi milli dəyərlərimizin UNESCO tərəfindən dünyanın qeyri-maddi mədəni irsi siyahısına daxil edilməsi və eləcə də digər layihə və tədbirlər, elmi konfrans və simpoziumlar milli-mədəni irsin tədqiqinə stimul verməkdədir.
Bu mənada Azərbaycan mədəniyyətinin dünyada tanıdılması, dünyanın qeyri-maddi mədəni irs nümunələrinin isə ölkəmizdə təbliğində mədəniyyət və incəsənət profilli ali məktəblər içərisində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti aparıcı yerlərdən birini tutur. 90 illik tarixə malik bu tədris ocağı ənənə və novatorluğu öz fəaliyyətində təzahür etdirən əsas təhsil, elm və mədəniyyət mərkəzidir. Dövlətimizin çox böyük uğurla həyata keçirdiyi mədəniyyət siyasətinə öz səmərəli yaradıcılıq uğurları ilə qatılan universitetin müəllim kollektivi Azərbaycanın qeyri-maddi mədəni irsinin təbliği yolunda yorulmadan çalışır. 30 ilə yaxın müddət ərzində belə bir yaradıcılıq kollektivinə rəhbərlik edən Timuçin İlyas oğlu Əfəndiyev, idarəçilik mədəniyyətində olduğu kimi, elmi araşdırıcılıq sahəsində də öz həmkarlarına və yetişdirmələrinə nümunə göstərir.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru kimi uğurlu fəaliyyəti ilə yanaşı, daim elmi tədqiqatlara da vaxt ayıran Əməkdar incəsənət xadimi, filologiya elmləri doktoru, professor T.İ.Əfəndiyev son illərdə bir-birindən dəyərli əsərlər yazmışdır. Onun bundan öncə işıq üzü görmüş kitablarında və məqalələrində də mədəniyyətin tarixi və nəzəriyyəsi, ümumiyyətlə kulturoloji problemlər öz əksini tapmışdır. O cümlədən “Azərbaycan mədəniyyəti və incəsənəti” (İran, 2003, 340 s.) və “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” (Bakı, 2011), “Mədəniyyətdə tarixilik və müasirlik” (Bakı, “Təhsil”, 2011, 392 s.) kitabları, habelə “Şərəfli yol” (“Mədəniyyət dünyası”, VII buraxılış, Bakı, ADMİU, 2003, s. 6-10), “Milli mədəniyyət naminə” (“Mədəniyyət və sənət” jurnalı, 2003, № 1, s. 2) və “Kulturologiya elmi: mülahizələr, perspektivlər” (“525-ci qəzet”, 4 may 2010-cu il, № 321 (3154)) başlıqlı yazıları müasir kulturoloji fikrimiz üçün dəyərli elmi-tədqiqat əsərlərindəndir. Təsadüfi deyildir ki, bu əsərlər haqqında respublikanın tanınmış ziyalıları müsbət fikirlər söyləmiş, yazılar çap etdirmişlər.
T.İ.Əfəndiyev bu günlərdə işıq üzü görmüş və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 90 illik yubileyinə həsr olunmuş “Mədəniyyət və incəsənətimizin məbədgahı” (Bakı, 2013, 252 s.) adlı kitabında da ənənəvi olaraq araşdırdığı mövzuları tədqiq edir. Belə ki, 1923-cü ildən təməli qoyulan Bakı Teatr Məktəbindən üzübəri hazırkı Mədəniyyət və İncəsənət Universitetinin fəaliyyəti də daxil olmaqla bu ali təhsil ocağının 90 il ərzində keçdiyi inkişaf mərhələləri əks olunmuşdur. Professor T.İ.Əfəndiyev vaxtilə teatr məktəbi kimi fəaliyyət göstərmiş tədris müəssisəsinin universitet statusu aldığı illərə kimi və sonrakı dövrdəki fəaliyyətini tədqiq etmiş, burada çalışmış və bu gün çalışan görkəmli sənət xadimlərinin yaradıcılıq yolunu araşdırmışdır. Müəllif kitabda məşhur aktyor və rejissorların, rəssam və heykəltəraşların, bəstəkar və müğənnilərin, tanınmış sənətşünas və kulturoloqların yaradıcılığını nəzərdən keçirmiş və onların pedaqoji fəaliyyətlərinin spesifik xüsusiyyətlərinə toxunmuşdur. Məhz belə bir dinamik inkişaf fonunda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təhsil və sənət sahəsindəki uğurlarına xronoloji ardıcıllıqla diqqət yetirilmiş, müasir dövrün tələblərinə uyğun olaraq açılmış yeni ixtisasların perspektivlərindən bəhs edilmiş, universitetin bədii və kulturoloji yaradıcılıq sahəsindəki beynəlxalq əlaqələrinin nəticələri barədə geniş informasiya verilmişdir.
Səkkiz hissədən ibarət olan kitabın giriş bölümündə müəllif diqqəti universitetin 90 ildə keçdiyi şərəfli yolun uğurlarına yönəldir.
“Azərbaycanda peşəkar teatr təhsilinin yaranması və inkişaf mərhələləri” başlıqlı ilk hissədə, adından da göründüyü kimi, milli teatr prosesinin estetik təməlləri üzərində təşəkkül tapmış teatr təhsil sisteminin, başqa sözlə, Bakı Teatr Məktəbinin dövrün sosial-mədəni və ictimai-siyasi şərtlərinə uyğunlaşma mərhələləri şərh edilir. Azərbaycanda dünyəvi peşəkar teatrın yarandığı gündən üzübəri keçilən zəngin yaradıcılıq mərhələləri aktyor, rejissor və teatrşünas kadr hazırlığı fonunda araşdırılır.
“Dövrün ictimai sifarişi: ekran sənətlərinin tədrisi” adlı II hissədə müəllif əsas diqqəti belə bir kulturoloji fakta yönəldir ki, Azərbaycanda kino sənətinin tarixi 1898-ci ildən başlasa da, peşəkar kino təhsili respublikamızda 1990-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşəbbüsü ilə yaradılmışdır. Belə ki, o dövrə qədər kino sənəti sahəsində çalışan mütəxəssislər (Səməd Mərdanov, Niyazi Bədəlov, Rza Təhmasib, Qəmər Salamzadə, Sabit Rəhman, Mehdi Hüseyn, Rəsul Rza, Əjdər İbrahimov, Tofiq Tağızadə, Lətif Səfərov, Həsən Seyidbəyli, Xan Babayev, Teyyub Axundov, Arif Nərimanbəyov, Cəbrayıl Əzimov, Kamil Nəcəfzadə, Nadir Zeynalov və s. rejissor, operator və rəssamların adlarını çəkə bilərik) respublikadan kənarda ali təhsil almışdılar. Təbii ki, bu mütəxəssislər Azərbaycanda kino sənətinin inkişafına yeni-yeni töhfələr versələr də, zamanın tələbi bu sahədə kadr hazırlığı işinin daha da təkmilləşdirilməsini diktə edirdi. Bu mənada, müstəqilliyimizin bərpası kino sənəti sahəsində kadr hazırlığı məsələlərinə də günün tələbləri səviyyəsində yanaşmanın vacibliyini irəli sürdü. Xaricdə təhsil alanlarla yanaşı, Mədəniyyət və İncəsənət Universitetinin yetişdirmələri də belə bir milli vəzifələrin həyata keçirilməsində fəal iştirak etməyə başladılar. Bu gün artıq müasir kino mütəxəssislərimizin sədaları mötəbər beynəlxalq festivallardan gəlir ki, bu uğurlarda ADMİU-nun “Kino və televiziya” kafedrasının əlahiddə payı vardır.
Musiqi təhsilinin inkişafında Mədəniyyət və İncəsənət Universitetinin xidmətlərinə aydınlıq gətirən müəllif kitabın bölmələrindən birini məhz bu mövzuya həsr etmişdir. Bu hissədə T.İ.Əfəndiyev belə bir faktı qabarıq şərh edir ki, 1968-ci ildən M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutu adını almış bu sənət ocağında fəaliyyət göstərən 14 kafedra arasında “Musiqi fənləri” və “Vokal” kafedraları da mövcud idi. 2002-ci ildə ADMİU-da “Musiqi sənəti” fakültəsinin yaradılması isə həm musiqi kafedralarının sayının artmasına, həm də musiqinin müxtəlif janrları üzrə mütəxəssislərin universitetə cəlb olunmasına şərait yaratdı. Belə ki, “Musiqi sənəti” fakültəsi bu gün öz tərkibində çağdaş Azərbaycan musiqi mədəniyyətinin müxtəlif sahələrini əks etdirən “Musiqişünaslıq”, “Musiqi fənləri və dirijorluq”, “Muğam sənəti”, “Xalq çalğı alətləri”, “Estrada və populyar musiqi” və “Aşıq sənəti” kafedralarını birləşdirir. Əgər əvvəlki dövrdə musiqi sənəti sahəsində kadr hazırlığı əsasən teatr və kino sənətinin inkişafına xidmət edirdisə, artıq bu gün “Musiqi sənəti” fakültəsində müasir Azərbaycan ifaçılıq mədəniyyətinin ən görkəmli nümayəndələri çalışırlar. Onlar öz pedaqoji fəaliyyətlərində musiqi tədrisi sahəsində əldə olunmuş zəngin təcrübəni, qabaqcıl ənənələri davam etdirərək yüksək ixtisaslı musiqiçilərin yeni nəslinin yetişdirilməsi kimi mürəkkəb və nəcib işə xidmət edirlər. Hazırda bu fakültədə xalq artistləri, əməkdar artistlər, professor və dosentlər fəaliyyət göstərir.
Ölkəmizdə rəssamlıq sənətinin inkişafında Mədəniyyət və İncəsənət Universitetində görülmüş işlərə kitabın IV bölməsində aydınlıq gətirilir. “Azərbaycanda ilk ali rəssamlıq təhsili: zamanın tələbi və gerçəklik” adlı bu bölmədə müəllif diqqəti respublikamızda peşəkar rəssamlıq sənəti və tədrisinin inkişafının məhz “Rəssamlıq” fakültəsinin adı ilə bağlı olduğuna yetirir. Qeyd edilir ki, bu fakültənin professor-müəllimləri, məzunları və tələbələri xarici ölkələrin ali məktəbləri ilə sıx yaradıcılıq əlaqələri saxlayırlar. Həqiqətən də bu gün istər mədəniyyət və incəsənətimizin dünyada tanıdılması baxımından, istərsə də Azərbaycanda rəssamlıq sənəti sahəsində ali təhsil verən digər rəssamlıq məktəblərinin yaradılmasında ADMİU-nun danılmaz rolu olmuşdur.
“Mədəniyyət və incəsənətin tədrisində ictimai-humanitar elmlərin rolu” başlıqlı V bölmədə aktyor və rejissor kadrların hazırlanmasında, onların dünyagörüşünün formalaşmasında ictimai-humanitar fənlərin əhəmiyyəti və bu sahə üzrə müstəqil kafedraların yaranma zərurəti vurğulanır. “Ədəbiyyat və dillər”, “Ədəbi yaradıcılıq və ekran dramaturgiyası”, “Sosial-siyasi fənlər”, “İqtisadiyyat və informatika” kafedralarının elmi-pedaqoji istiqamətlərinə diqqət yetirilir, sırf incəsənət profilli kafedralarla yaradıcılıq əlaqələrinin xüsusiyyətləri açıqlanır.
Kitabın əsas hissələrindən biri kulturoloji problemlərə həsr edilmişdir. “Kulturologiya yeni elm və tədris sahəsi kimi” başlıqlı VI bölmədə sivilizasiyaların bir-birinə münasibəti, insanın təbiət, cəmiyyət, məişət, ətraf mühit və s. ilə qarşılıqlı əlaqələri, habelə bəşəriyyətin ümumi inkişaf qanunauyğunluqları araşdırılır. Müxtəlif məktəblərin irəli sürdüyü ayrı-ayrı nəzəriyyələr, müddəalar və baxışlar sisteminin mövcudluğuna dair maraqlı fikirlər irəli sürən müəllifə görə, bütün kulturoloji məktəbləri təmsil edən mütəxəssislər əksər hallarda fərqli mövqedə dayanır, bəzən bu elmin mahiyyətini təzadlı baxışlarla şərh edirlər. Məsələn, mədəniyyətin tərəqqisi haqqında kulturoloji məktəblərdəki fikir müxtəlifliyi və uyğunsuzluqları isə yalnız elmi səbəblərlə deyil, eləcə də daha dərin sosial-tarixi səbəblərlə şərhini tapır. Halbuki mədəniyyət nəinki nəzəri izah tələb edən anlayışdır, həmçinin ictimai inkişafın real praktik və vacib məsələsidir. Mədəniyyət sahəsində siyasət müstəqillik dövründə təkcə bizim deyil, həm də digər dünya dövlətlərinin siyasətinin tərkib hissəsinə çevrilmişdir. Mədəni inkişaf məsələləri müxtəlif beynəlxalq siyasi sənədlərin, proqramların mühüm tərkib hissəsi olmuşdur.
Kitabda əksini tapmış kulturoloji qənaətlərə belə bir ümumiləşdirmə vermək olar ki, “mədəniyyət” anlayışının fundamental nəzəri əhəmiyyəti və mürəkkəbliyi müasir tarixi situasiyada mədəniyyət problemlərinin qloballığı və çoxcəhətliliyi ilə şərtlənir. Bəşər tarixində yeni epoxanın - insan həyatının bütün sahələrində köklü dəyişikliklər epoxasının xarakterini dərk etmədən geniş mənada mədəniyyətin məzmununu başa düşmək mümkün deyil. Azərbaycanda yeni cəmiyyətin qurulması ilə şərtlənən dəyişikliklərin mühüm amili, ümumiyyətlə, yeni dövrdə geniş miqyas almış elmi-texniki tərəqqidir. Təbii ki, cəmiyyətdə baş verən genişmiqyaslı dəyişikliklər mədəniyyətin inkişafına da təsirsiz qalmamışdır. Bəşər mədəniyyətinin perspektivləri ilk növbədə, dünyanın mövcud dilemmanı necə həll edəcəyindən asılıdır ki, bu baxımdan dövlətlərin mədəniyyət siyasətləri və xalqların mənəvi dəyərlərinin mühafizəsi problemlərilə bağlı tədqiqatların əhəmiyyəti danılmazdır. Mədəniyyət və İncəsənət Universitetinin milli dövlətçiliyə və Azərbaycanın dünyaya uğurlu mədəni inteqrasiyasına verdiyi töhfələr də məhz bu aspektlərdən dəyərləndirilir.
T.İ.Əfəndiyevin kulturoloji baxışlarına dövlət mədəniyyət siyasətinin prioritetləri baxımından yanaşdıqda, “Mədəniyyət və incəsənətimizin məbədgahı” kitabının elmi-pedaqoji dəyərini daha aydın görmək olur. Başqa sözlə, bu vaxta qədər bütün dünyada, o cümlədən Azərbaycan Respublikasında mədəni quruculuq məsələləri, mədəniyyət sahəsində inkişafın təmin edilməsinə dair problemlər bir çox kulturoloqların, tarixçilərin, filosofların, filoloqların, sənətşünasların, psixoloqların, sosioloqların, politoloqların, pedaqoji sahə mütəxəssislərinin diqqətini cəlb etmişdir. Mədəniyyət sahəsində siyasətin uğurla həyata keçirilməsinə dair araşdırmalarda bir sıra suallara cavab axtarılmış, dünya kulturoloji fikrində müəyyən elmi qənaətlər əldə edilmişdir. Eləcə də son dövrlərdə azərbaycanlı alimlərin araşdırmaları içərisində mədəniyyət siyasətinə və milli-mənəvi dəyərlərimizin mühafizəsi probleminə həsr olunmuş bir çox elmi tədqiqatlar aparılmış, elmi-nəzəri əsərlər yazılmışdır. Lakin T.İ.Əfəndiyevin təqdim edilən bu kitabı yalnız nəzəri biliklərə söykənən elmi mülahizələr toplusu deyil. Burada həm də mədəniyyət və incəsənət təmayüllü bir ali məktəbə uzun illər rəhbərlik etmiş alim-pedaqoqun təcrübədə öz təsdiqini tapmış praktik tövsiyələri yer almışdır.
ADMİU-da tədris prosesinə və yaradıcılığa xidmət edən qurumlar barəsində kitabın VII hissəsində bəhs edilir. Bu bölmədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 10 oktyabr 1997-ci il 1 saylı “Ali təhsil müəssisəsinin Elmi Şurası haqqında Əsasnamə”yə uyğun olaraq fəaliyyət göstərən Elmi Şura, universitetdəki elm və yaradıcılıq sahələri, elmi nəşrlər, Nəşriyyat-Poliqrafiya Mərkəzi, ADMİU-nun nəzdində fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələri almaq üçün yaradılmış Müdafiə Şurası və tədris şöbəsinin, kompyuter mərkəzinin, “Səda” tədris teatrının, səsyazma studiyasının, kino və televiziya pavilyonunun fəaliyyəti barədə geniş məlumat verilir. Habelə universitetin idman həyatı, muzey, kitabxana və arxiv haqqında danışılır, Həmkarlar İttifaqı Komitəsinin, mətbuat xidmətinin, inzibati-təsərrüfat şöbəsinin fəaliyyəti işıqlandırılır.
Kitabın son - VIII hissəsi “Universitetimiz dünya meridianlarında” adlanır ki, müəllif bu bölmədə ADMİU-nun zəngin tarixi ənənələrə malik xarici əlaqələrinin perspektivlərinə toxunur. Əslində yarandığı gündən - Bakı Teatr Məktəbinin ilk fəaliyyət dövründən üzübəri həmişə xarici mədəni əlaqələrə xüsusi diqqət yetirən bu təhsil müəssisəsi xalqımızın öz müstəqilliyini bərpa etməsindən sonra daha geniş imkanlara sahib oldu. Artıq bu gün yaradıcılıq əlaqələri, tələbə və müəllim mübadiləsi sahəsində bir çox uğurlara imza atılmışdır. ADMİU-nun xarici əlaqələri ildən-ilə daha da inkişaf etdirilir. Heç şübhəsiz, 90 illik bir tarixi yol keçmiş sənət məbədinin dünyada tanınması, onun əlaqələrinin genişlənməsi mədəniyyətimizin və təhsilimizin beynəlxalq aləmə inteqrasiyasının mühüm tərkib hissəsidir.
Bu gün dövlətçiliyimizin, milli mədəniyyət siyasətimizin prioritetləri, habelə insan kapitalının strateji məqsədləri baxımından yanaşdıqda mədəniyyət və incəsənət profilli ali təhsil müəssisələrinin nə qədər strateji əhəmiyyət kəsb etməsi bəlli olur. T.İ.Əfəndiyevin belə bir strateji məqsədlərə xidmət edən “Mədəniyyət və incəsənətimizin məbədgahı” kitabı da məhz bu aspektlərdən dəyərləndirildikdə öz həqiqi qiymətini almış olur. Qətiyyətlə deyə bilərik ki, kitabdakı problematik mövzuların ana xəttini ümummilli liderimiz Heydər Əliyevin kulturoloji konsepsiyası təşkil etməkdədir.
Azərbaycan mədəniyyəti və incəsənətinin bütün sahələrini, ADMİU-nun 90 ildə keçdiyi tarixi inkişaf yolunun ən mühüm məqamlarını, habelə həyatlarını elmi-pedaqoji fəaliyyətə bağlamış görkəmli sənət adamlarının yaradıcılığını özündə ehtiva edən bu fundamental tədqiqat əsəri professor T.İ.Əfəndiyevin uzunmüddətli elmi axtarışlarının nəticəsidir. Elm, təhsil və sənət sahəsində uzun illərin təcrübəsini mənimsəmiş müəllif öz biliklərini nəzəriyyə ilə əlaqələndirərək ortaya mükəmməl bir elmi-praktik əsər qoymağa müvəffəq olmuşdur. Elmi redaktoru filologiya üzrə elmlər doktoru, professor Aqşin Babayev olan “Mədəniyyət və incəsənətimizin məbədgahı” kitabı nəinki mədəniyyət və incəsənət təmayüllü təhsil müəssisələrinin müəllim və tələbələri üçün, eyni zamanda mədəniyyət müəssisələri şəbəkəsinin bütün işçiləri, incəsənətimizin təbliğat və təşviqatçıları üçün etibarlı bir mənbə olacaqdır.
Zülfiyyə Eldarqızı,
sənətşünaslıq üzrə fəlsəfə doktoru