2013-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 90 illiyi tamam olur. Bu nüfuzlu ali təhsil müəssisəsi fəaliyyət göstərdiyi dövr ərzində zəngin inkişaf yolu keçmişdir və hazırda geniş ixtisas şəbəkəsinə malikdir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Azərbaycan xalqının dünya sivilizasiyasına, bəşər mədəniyyətinə bəxş etdiyi ən qədim və nadir töhfələrdən biri, şübhəsiz ki, Qobustanın qayaüstü kitabələri, daş yaddaşlarda əbədiyyət qazanmış misilsiz sənət inciləridir. Buradakı Böyükdaş, Cingirdağ, Yazılıtəpə qayaları üzərində təcəssümünü tapan qız qaçırılması, öküz döyüşü, ov mərasimi, süvarilərin silah oynatması, kollektiv rəqs səhnələri ulu əcdadlarımızın rəssamlıq, idiomatik yazı istedadını isbatlamaqdan, məişət mədəniyyətini və mifik düşüncə miqyasını büruzə verməkdən əlavə, həm də mənim qənaətimə görə, tarixi on-on iki min il əvvələ gedib çıxan mövsüm, mərasim tamaşalarının, xalq oyunlarının daşlarda yaşayan ilk eskizləri, ibtidai “ssenari”ləridir.
Yaranışın və yaradıcılığın sübh çağına silinməz imza atan, min illərin qovğasından, qasırğasından bərkiyib çıxan, tarixi təkamül yolu keçən Azərbaycanın xüsusilə son iki əsrdə birinciliklərin bayraqdarına çevrilməsi milli mədəniyyətimizin təəssübkeşləri üçün qürur və iftixar hissi doğurur. Şərqdə ilk professional teatrın fəaliyyətə başlaması, ilk kinonun çəkilməsi, ilk operanın səhnələşdirilməsi, ilk Demokratik Cümhuriyyətin yaradılması kimi cahanşümul və əlamətdar yeniliklər silsiləsinə ilk teatr məktəbinin açılması hadisəsini də əlavə etmək zəruridir.
Doxsan il əvvəl - Azərbaycan professional teatrının 50 illik bayramı ərəfəsində yubiley komissiyasına daxil olan təkliflərdən biri də Bakıda teatr məktəbi açmaq məsələsi idi. Həqiqətdə isə ideya Moskvadan qaynaqlanırdı. Hələ 1922-ci ildə Rusiyanın paytaxtında işıq üzü görən “İncəsənət işçilərinin xəbərləri” (“Vestnik rabotnikov iskusstva”) jurnalının 2-ci (13-cü) sayında yazılırdı: “Azərbaycanda İncəsənət İdarəsinin tabeliyi altında Opera, Dram və Satir-agit teatrı fəaliyyət göstərir. Qarşıdakı mövsümdə isə İncəsənət İdarəsinin nəzarəti ilə türklər (azərbaycanlılar - A.R) üçün konservatoriya, musiqi məktəbi, rəssamlıq məktəbi və teatr məktəbi açılacaqdır”.
Rəsmi mənbələrə əsaslanan jurnalın məlumatı özünü çox gözlətmədi. “Kommunist” qəzetinin 25 noyabr 1922-ci il tarixli sayında bildirilirdi ki, Azərbaycan Xalq Maarif Komissarlığının kollegiyası Bakıda “Türk Aktyor Məktəbi”nin açılması haqqında qərar qəbul etmişdir. Həmin mətbuat orqanının 21 mart 1923-cü il tarixi Novruz bayramına həsr etdiyi nömrəsində teatrsevərlərə Bahar müjdəsi olaraq Dövlət Teatr Məktəbinə sənədlərin qəbulunun mart ayının 24-dən Əli Bayramov adına Qadınlar Klubunda başlanacağı xəbər verilirdi.
Beləliklə, Azərbaycan İctimai Şura Cümhuriyyəti Xalq Maarif Komissarlığı 90 il əvvəl - 1923-cü ilin may ayının 8-də bugünkü Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin sələfi sayılan “Türk Teatr Texnikumu” haqqında qanun qəbul etdi və Milanda, Kiyevdə musiqi təhsili alan opera müğənnisi Şövkət Məmmədova məktəbin müdiri təyin olundu. Ötən müddət ərzində bu təhsil ocağının adı və statusu dəfələrlə dəyişsə də, xalqa, millətə xidmət göstərmək məramı, milli incəsənətimizi inkişaf etdirmək qayəsi, amalı ən çətin, böhranlı, təhlükəli dövrlərdə də sabit olaraq qalmışdır.
Mədəniyyət və mənəviyyat məbədgahının keçdiyi tarixi və şərəfli yol haqqında müxtəlif zamanlarda çoxsaylı əsərlər, monoqrafiyalar yazılsa da, bu qəbildən olan kitablar sırasında ən mükəmməli və əhatəlisi Əməkdar incəsənət xadimi, filologiya elmləri doktoru, professor Timuçin Əfəndiyevin yenicə işıq üzü görən “Mədəniyyət və incəsənətimizin məbədgahı” (Bakı, ADMİU, 2013, 252 səh. Redaktoru - professor Aqşin Babayev, buraxılışa məsul - dosent Xəzər Zeynalov) kitabıdır. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 90 illik yubileyinə həsr edilən əsərin strukturu geniş müqəddimədən və səkkiz fəsildən ibarətdir. Müəllif kitab üzərində işləyərkən zəngin arxiv materiallarından, geniş oxucu auditoriyasına bəlli olmayan faktlardan, sənədlərdən, nadir fotoşəkillərdən zəruri məqamlarda, yerli-yerində bəhrələnmişdir.
Professor T.Əfəndiyev “Mədəniyyət və incəsənətimizin məbədgahı”nda haqlı olaraq bir məqamı xüsusilə vurğulamışdır: “Teatr Məktəbinin əsasnaməsində dərslərin Azərbaycan dilində aparılması nəzərdə tutulsa da, yüksək ixtisaslı mütəxəssislərin çatışmaması səbəbindən bir sıra fənlər rus dilində tədris edilirdi” (səh. 26-27).
Etiraf edilməlidir ki, ayrı-ayrı istisnalar nəzərə alınmazsa Türk Teatr Məktəbində türk (Azərbaycan) dilində fənlər tədris olunmurdu. Bədayei-nəfisə (İncəsənət - A.R) şöbəsinə Odessadan dəvət edilmiş (1923) və professor elmi adı verilmiş, opera rejissoru Nikolay Nikolayeviç Boqolyubov (1870-1951) müdir təyin olunmuşdu. Rejissorluq şöbəsi isə N.A.Sokolova və V.A.Uğruyumiyə (V.A.Kasabov) tapşırılmışdır. Nəzərə alsaq ki, burada müxtəlif fənləri V.İ.İvanov, B.A.Fiss, B.V.Karaqiçyev, A.A.Tuqanov, A.Mudrov, V.Zummer, V.Sladkopevtsov və digər qeyri-türklər tədris edirdi, onda milli mədəniyyətimizin taleyi, ilk teatr məktəbimizin sabahı narahatçılıq doğurmaya bilməzdi. Üzeyir Hacıbəyov, Zülfüqar Hacıbəyov, Abbas Mirzə Şərifzadə, Cəlil Məmmədquluzadə, Nəcəf bəy Vəzirov, Hacağa Abbasov, Mirzağa Əliyev və başqa milli mütəxəssislərin, səhnə bilicilərinin ilk gündən Türk Teatr Məktəbinə dəvət olunmaması, Cəfər Cabbarlının isə bu məktəbə dinləyici qəbul edilməsi və bir həftədən sonra - 1923-cü ilin oktyabr ayının 5-də əsassız bəhanələrlə “Azçeka” (Azərbaycan Fövqəladə Komissiyası - A.R.) tərəfindən həbs olunması ciddi düşünməyə əsas verən faktlar idi.
Üç ildən sonra - 1926-cı ildə 12 nəfərlik ilk məzunlarını geniş səhnələrə yola salan Türk Teatr Məktəbi sözün geniş mənasında ümidləri doğrultmamışdı. Dövrün mətbuat orqanlarında, o cümlədən məbədgahın yaradılmasında mühüm rol oynayan “Kommunist” qəzetində də Teatr Məktəbi ilə bağlı tənqidlər səsləndirilir, hətta bu təhsil ocağının qapanması təklifi də irəli sürülürdü. Cəfər Cabbarlı 1925-ci ildə çap etdirdiyi “Türk Teatr Məktəbi” silsilə məqaləsində yazırdı: “Həyat Teatr Məktəbindən gələcək üçün bacarıqlı, bilikli, geniş xalq kütlələri və teatr şəbəkələri üçün sadə sıra işçiləri bəkləyorkən onu açanlar həyata yeni başlamış məktəbdən səhnə “dahilər”i tələb edirlərdi. Fəqət məktəbdə təbii olaraq belə “dahilər” heç də görünməyirdi. Halbuki, Akademik Teatrımızda məktəbin gənc müdavimlərindən daha qüvvətli adamlar vardır. Beləliklə, madam ki, məktəb gözlənilən nəticəni vermədi, o halda “qapamaq lazımdır” - deyə təklif edənlər də oldu” (“Kommunist” qəz., 1925, 15 aprel).
Professor Timuçin Əfəndiyevin “Mədəniyyət və incəsənətimizin məbədgahı” əsəri oxucusunu Türk Teatr Məktəbinin keçdiyi mürəkkəb, ziddiyyətli, mübarizələrlə dolu, eyni zamanda şərəfli, iftixar və qürur hissləri yaşadan məqamlarla zəngin unikal mənzərələrlə, ədəbi-mədəni hadisələrlə tanış edir.
Teatr Məktəbinin ilk buraxılışı Azərbaycanın mədəni həyatında şübhəsiz ki, müstəsna əhəmiyyətə malik böyük hadisə idi. Hələ 1925-ci ilin dekabrında “Kommunist” qəzeti yazırdı ki, Teatr Məktəbinin son kurs tələbələrindən 12 nəfər təcrübə üçün Moskvaya gedəcəkdir. Onlar məktəbin müdir müavini Ağakərim Şərifzadənin rəhbərliyi altında Moskva teatrlarında bir neçə tamaşaya baxacaqlar. Məqsəd ilk məzunları buraxılış imtahanına uğurla hazırlamaq idi.
Beləliklə, 1926-cı il mayın 2-də Dövlət Türk Akademik Dram Teatrosunda A.Tuqanovun rəhbərliyi ilə M.F.Axundzadənin “Hacı Qara” əsəri Teatr Məktəbinin ilk məzunlarının diplom işi kimi debüt tamaşası müvəffəqiyyətlə ictimaiyyətə təqdim olundu. Məktəbin birinci buraxılışında “ilk qaranquşlar” adını qazanan, dövrün mədəni həyatının tanınmış simalarına çevrilən on iki nəfər məzun bunlar idi: Rza Əfqanlı, Hacıməmməd Qafqazlı, Fatma Qədri, Mollağa Bəbirli, Şüa Şeyxov, Akif Kazımov, Əjdər Nijdət, Əkbər Şəfi, Fazil Dadaşov, Soltan Fikrət, Musa Hacızadə və Ələsgər Şərifov.
Əməkdar artist Hacıməmməd Qafqazlıya Türk Teatr Texnikumunun 1 oktyabr 1926-cı ildə verilmiş “Şəhadətnamə”sinə əsasən (“Şəhadətnamə”ni mənə təqdim edən böyük aktyorumuzun qızı, həmkarım, filologiya üzrə fəlsəfə doktoru Nəzakət Hacıməmməd qızı Qafqazlıya təşəkkür edirəm - A.R.) təhsil ocağında səhnə sənəti, səhnə işinin təşkili, əlbisə (geyim) tarixi, səhnə danışığının təşkili, səhnə rəqsləri, ritm və plastika, qrim, musiqi tərbiyəsi, ictimaiyyətşünaslıq, üslub tarixi, teatr və ədəbiyyat tarixi, türk ədəbiyyatı tarixi və gimnastika fənləri tədris edilmişdir.
Professor T.Əfəndiyev Teatr Məktəbini birinci bitirənlərdən Fatma Qədrinin yaradıcılıq fəaliyyətinə kitabında geniş yer ayırmış, gənc aktyor kadrların yetişdirilməsində xidmətlərini xüsusi vurğulamışdır. Müəllif F.Qədri barədə yazır: “Səhnə fəaliyyətinə tələbəlik illərindən başlayan Fatma Qədrini 1926-cı ildə Bakı Türk İşçi Teatrına dəvət etmişdilər... Onun “Sevil” tamaşasında oynadığı Gülüş rolu əlamətdar hadisə kimi qarşılanmışdır... Fatma Qədri Bakı Teatr Məktəbi ilə yanaşı, Azərbaycan Dövlət Konservatoriyasında da aktyor sənətindən dərs demişdi. O, Xalq artisti fəxri adına layiq görülmüş, xidmətlərinə görə orden və medallarla təltif olunmuşdur” (səh. 27-28).
“Mədəniyyət və incəsənətimizin məbədgahı” kitabı yeni məlumat, təhlil və faktlarla yüklü bir əsərdir. Mədəniyyətimizin tədris tarixi ilə bağlı elə bir problem məsələ, unudulmuş sahə yoxdur ki, müəllif ona toxunmasın, münasibət bildirməsin, həlli yolları ilə bağlı düşüncələrini oxucularla bölüşməsin. Professor T.Əfəndiyevin əsəri bir təhsil ocağının orta ixtisas məktəbindən dövlət universitetinədək keçdiyi inkişaf mərhələlərindən, sosial-mənəvi ehtiyaclardan, tarixi əhəmiyyətindən bəhs edən mükəmməl monoqrafiyadır. İctimai-siyasi xronologiyanın tələbləri baxımından yanaşdıqda mövzunu iki əsas mərhələyə ayırmaq olar: birinci mərhələ 1923-1990-cı illəri özündə birləşdirən sovet dövrünü, ikinci mərhələ isə Azərbaycanın dövlət müstəqilliyini bərpasından sonrakı - 1991-ci ildən bu günümüzə qədərki zamanı əhatə edir.
Türk Teatr Məktəbi 1945-ci ildən Azərbaycan Dövlət Teatr İnstitutu, 1968-ci ildən Azərbaycan Dövlət İncəsənət İnstitutu, 1991-ci ildən isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti adlanıb və statusunu genişləndirərək “bu gün burada 7 fakültə, 31 kafedra fəaliyyət göstərir, 40-dan çox ixtisas və ixtisaslaşmalar üzrə kadr hazırlanır”.
ADMİU-nun unikal təhsil ocağı kimi intibah dövrü şübhəsiz ki, xalqımızın dövlət müstəqilliyini bərpa etməsindən sonrakı illərlə üst-üstə düşür. Təhsilin keyfiyyətinin yüksəldilməsi, elmi-pedaqoji kadrların və professor-müəllim heyətinin dərslik və dərs vəsaiti üzərində araşdırmalarının stimullaşdırılması, incəsənətin müxtəlif sahələrini əhatə edən Müdafiə Şurasının yaradılması, Bolonya sisteminə keçid, xarici ölkələrin çoxsaylı ali məktəbləri ilə səmərəli əməkdaşlıq universitetin uğurları olmaqla yanaşı, əsrin dörddə birindən çox bu mədəniyyət və mənəviyyat məbədgahına rəhbərlik edən Əməkdar incəsənət xadimi, professor Timuçin Əfəndiyevin təşkilatçılıq bacarığının, quruculuq istedadının və təşəbbüskarlıq səriştəsinin nəticəsi kimi dəyərləndirilməyə layiqdir.
T.Əfəndiyevin “Mədəniyyət və incəsənətimizin məbədgahı” kitabını nəzərdən keçirdikcə bu gün ADMİU-da çalışan görkəmli mədəniyyət və incəsənət xadimlərinin, tanınmış professorların, elm fədailərinin yaradıcılıq imkanlarına, fərdi tədris üslubuna, şəxsi insani keyfiyyətlərinə yaxından bələd olmaq fürsəti qazanırsan, əminliklə belə bir qənaətə gəlirsən ki, təhsil məbədgahımızın taleyi bu gün cəmiyyət arasında nüfuz qazanmış yaradıcı, xeyirxah, mətin insanların əllərindədir.
Mübaliğəsiz vurğulamaq olar ki, professor Timuçin Əfəndiyevin “Mədəniyyət və incəsənətimizin məbədgahı” əsəri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 90 illik təlatümlü, kəşməkəşli və eyni zamanda şərəfli həyat yoluna işıq salan, əlahiddə aktuallıq kəsb edən mükəmməl dərs vəsaiti, milli-mənəvi dəyərlər arsenalımızı zənginləşdirən mötəbər monoqrafiyadır.
Asif Rüstəmli,
filologiya elmləri doktoru, professor