O taylı-bu taylı tariximizin 200 ilini əks etdirən elektron xronoqraf hazırlanır
   
   Bu il xalqımızın tarixində daim sonsuz nisgillə anılan bir hadisənin - Azərbaycanın Şimal və Cənuba bölünməsinin 200 ili tamam olur. 1813-cü ildə Gülüstan müqaviləsi ilə Azərbaycan torpaqlarının Araz çayı boyunca çar Rusiyası və İran (Qacarlar) dövləti arasında ikiyə bölünməsi tariximizdə, xalqımızın ictimai-siyasi, sosial, mədəni həyatında dərin izlər qoyub. Ötən iki əsrdə Arazın o tayındakı yurd yerlərimizdə nələr baş verib, orada mədəniyyətimiz, ədəbiyyatımız necə inkişaf edib?
   Təəssüf ki, bu gün biz Cənubi Azərbaycan tarixini yetərincə bilmirik. Halbuki o tayda qalmış tarixi-mədəni irsimiz, görkəmli şəxsiyyətlərimiz barədə məlumatlı olmaq, bu tarixi öyrənmək və dünyaya tanıtmaq borcumuzdur. Xalq öz tarixinin vəhdətini hiss etdikdə onda özünəinam hissi artır. Yurd yerlərimiz coğrafi baxımdan bölünmüş olsa da, tarixi yaddaşımız bölünməzdir və biz onu bütöv halda qəbul etməliyik.
   “Effektiv Təşəbbüslər Mərkəzi” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi "Yaddaşın vəhdəti: bölünməz tariximizin 200 ili" adlı layihə bu məqsədə xidmət edir.
   “O taylı-bu taylı tariximiz: 1813-2013” adlı elektron xronoqraf Effektiv Təşəbbüslər Mərkəzinin QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə 2009-cu ildən həyata keçirdiyi "www.azerbaycanli.org - milli eyniyyətdən qlobal dünyaya pəncərə” layihəsinin növbəti mərhələsidir. Ötən müddətdə bu layihə çərçivəsində "Bizim təqvim", "Qarabağ tarixinin salnaməsi", "Qarabağ ədəbiyyatı", "Mədəniyyət gündəliyi" elektron topluları hazırlanaraq www.azerbaycanli.org saytında yerləşdirilib və internet məkanında yayılıb.