Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) heyəti avqustun 31-dən sentyabrın 7-dək Rusiya və Rumıniyada keçirilən beynəlxalq kulinariya müsabiqələrində iştirak edib.
AMKA-nın prezidenti Tahir Əmiraslanov müsabiqənin yekunları barədə məlumat verərək bildirib ki, Rusiyanın Yekaterinburq şəhərində müxtəlif ölkələrdən ümumilikdə 200 kulinarın iştirak etdiyi müsabiqədə mətbəx ustalarımız 4 fərdi yarışmada iştirak ediblər. Aşpazlar Anar Qasımov, Əliəşrəf Alışov, Rəşad Ağayev və qənnadıçı Aysel Hüseynova 1 qızıl, 2 bürünc medal və 1 diplom qazanıblar.
Rumıniyanın Kluj Napoka şəhərində 14 ölkənin iştirakı ilə keçirilmiş çempionatda isə kulinarlarımız 7 nominasiyada məharətlərini göstəriblər. Laçın Əkbərov, Sərxan Hacılı və Behnam Əkbərzadə 2 qızıl, 3 gümüş, 2 bürünc medal əldə ediblər.
Yarışmalarda Azərbaycanın “Azərsun Holdinq” şirkətinin istehsal etdiyi “Super Sun”, “Zeytun” yağlarından, “Royal” qarğıdalı yağından və “Bizim mətbəx” mayonezindən istifadə olunub.
Beynəlxalq müsabiqədə T.Əmiraslanov münsiflər heyəti tərkibində iştirak edib. O, Ural Dövlət Universitetində tələbələrlə görüşüb, onların qarşısında “Azərbaycan milli mətbəxi” mövzusunda 4 saatlıq mühazirə oxuyub.