Kitabxana və şəxsi kolleksiyalarda
   
   Kitab haqqında düşüncələrimiz bizi uzaq keçmişə aparır. Min illər öncə insanlar daş və gil kitabələr yaratmışlar. Dövrlər bir-birini əvəz etdikcə insan şüuru inkişaf etmiş, dəri, papirus, daha sonra kağız üzərində yazılan əlyazma kitablar mexaniki çapın meydana gəlməsi ilə böyük inkişaf yolu keçmişdir.
   
   Ölkəmizdə də kitab mədəniyyətinin zəngin tarixi var. Tarixi mənbələrə nəzər salarkən, mezolit dövrünə aid daş kitabələrə, erkən orta əsrlər dövründə əlyazma kitablara rast gələ bilərik. Xüsusi emalatxanalarda, mədrəsə və məscidlərdə hazırlanan əlyazma kitablarının üzü peşəkar xəttatlar tərəfindən köçürülürdü. Kəmaləddin Behzad, Səfər Təbrizi, Seyid Heydər, Mahmud Sərraf və başqaları Şərqdə bədii yazının yeni formalarını yaratmış məşhur Azərbaycan xəttatlarıdır. Əlyazma kitablarının hazırlanmasında xəttatlarla yanaşı, müxtəlif peşə sahibləri - miniatürçü rəssamlar, nəqqaşlar, müzəhhiblər və bədii cild ustaları-müəllidlər iştirak edirdilər. Qədim əlyazma kitabları sırasında “Dədə Qorqud” dastanını, Bəhmənyar ibn Mərzibanın fəlsəfi əsərlərini, Məhsəti Gəncəvi, Fələki Şirvani, Əfzələddin Xaqani, Mücirəddin Beyləqani və Nizaminin əsərlərini misal göstərmək olar.
   “Dədə Qorqud” şifahi xalq ədəbiyyatı üçün ən qiymətli nümunə sayıldığı kimi, ana dilində yazıya köçürülmüş ilk Azərbaycan kitabı kimi də xüsusi əhəmiyyətə malikdir. XI əsrdə bizə məlum olmayan bir şəxs tərəfindən yazıya alınmış dastan “Kitabi-Dədə Qorqud” adı ilə tanınıb. XV-XVI əsrlərdə yenidən köçürülmüş iki nüsxəsi elm aləminə məlumdur. Bunlardan biri Drezdendə, digəri isə Romada - Vatikan kitabxanasında saxlanılır. Zəmanəmizə gəlib çatan əlyazma kitabları AMEA-nın Əlyazmalar İnstitutunda diqqət və qayğı ilə mühafizə olunur, tədqiq edilir. Azərbaycanda kitab çapı XIX əsrin əvvəllərindən həyata keçirilməyə başlamışdır.
   Bu gün ölkəmiz müasir texniki yeniliklərin tətbiq olunduğu kitab istehsalına və zəngin kitabxanalara malikdir. Bu yazıda isə kitabxanalarda və şəxsi kitab kolleksiyalarında yer alan nadir nəşrlərdən bəhs etmək istərdik.
   Nadir kitablar nədir və onlar hansı meyarlar əsasında müəyyən edilir? Nadir kitablar çap tarixinə (XVIII əsrə qədər olan kitablar), poliqrafik dəyərinə (səhifələrinin kənarı qızıl suyu ilə işlənmiş, dəri materialı ilə cildlənmiş), formasına (ölçüsü 10 sm qədər olan miniatür nəşrlər və çox böyük ölçülü kitablar), elmi əhəmiyyətinə və digər məziyyətlərinə görə təsnifatlandırılır.
   Azərbaycanın ən böyük kitabxanalarında nadir kitab fondları fəaliyyət göstərir. Ən zəngin fondlardan biri Milli Elmlər Akademiyası kitabxanası tərkibində təşkil edilən nadir nəşrlər fondudur. 1998-ci ilə qədər AMEA-nın kitabxanasında müasir kitablarla nadir nəşrlər eyni fondda yerləşdirilirdi. Həmin il kitabxanada nadir nəşrlər fondu yaradıldı. Ölkəmizə səfər edən xarici nümayəndələrin böyük maraq göstərdiyi kitablar sırasında Azərbaycanın mədəniyyətinə dair nəşrlər mühüm yer tutur. Bu baxımdan Azərbaycanın milli-mənəvi dəyərlərinin ölkə hüdudlarından kənarda təbliğində də nadir nəşrlərin rolu danılmazdır.
   Bu günlərdə 90 yaşını qeyd edən M.F.Axundzadə adına Milli Kitabxanada da nadir nəşrlər fondu var. Fondda 16 dildə ədəbiyyat mövcuddur. Onların arasında ən qədim nəşrləri XVI-XVII əsrlərdə çap olunmuş alman, latın və yunan dillərində kitablardır.
   Ölkəmizdə elmə maraq göstərən insanların şəxsi kitab kolleksiyalarında topladıqları qədim və nadir əlyazmalardan da ayrıca söz açmaq lazımdır.
   Gədəbəy rayonu Slavyanka kənd sakini İsfəndiyar İsgəndərovun şəxsi kitabxanasında 2100-dən çox kitab var. O, Səmərqənd Dövlət Universitetinin filologiya fakültəsini bitirmiş, Slavyanka kənd 1 saylı məktəbdə rus dili müəllimi işləmiş, hazırda isə Azərbaycan dili müəllimi və təşkilatçı müavin vəzifəsində çalışır. Kolleksiyasında olan kitabların əksər hissəsi rus dilindədir. Onların arasında 1948-ci ildə Səməd Vurğunun Moskvada işıq üzü görən kitabı və Mirzə Ələkbər Sabirin 1950-ci ildə nəşr edilmiş "Hophopnamə"si var. Sovet ensiklopediyasının III nəşri də bu kolleksiyanın dəyərli kitablarındandır.
   Göyçay rayon sakini Ruslan Məmmədovun topladığı şəxsi kitab kolleksiyası xüsusilə zəngindir. Şəxsi kitabxanada çox dəyərli əlyazma nümunələri var. Ruslan Məmmədov elmi əhəmiyyətinə, çap tarixinə görə qədim və nadir əlyazmaları 20 ildən artıq dövrdə toplayıb. Bu sıraya elmin müxtəlif sahələrinə - riyaziyyata, astronomiyaya, tarixə, ədəbiyyata, fəlsəfəyə və dinə dair nəşrlər daxildir. Kitabların ən qədiminin 725 il yaşı var. Ərəbcə olan bu əlyazma "Qurani Kərim"in təfsiridir. Əssar Təbrizinin "Mehr və Müştəri" əlyazmasının 420, “İmam Birquvi risaləsinin şərhi" əlyazmasının 290, Seyid Əzim Şirvaninin "İbtidai qəzəliyyat" kitabının 100 yaşı var. "Mehr və Müştəri" əsərinin qədim nəfis əlyazmaları hazırda İngiltərə, Rusiya, Türkiyə, İran və Hindistan kitabxanalarında mühafizə edilir. Ölkəmizdə bu kitabın cəmi 4 nüsxəsi vardır ki, onların üçü Əlyazmalar İnstitutunda, biri isə Ruslan Məmmədovun şəxsi kitabxanasındadır. Ruslan Məmmədovun şəxsi kitab kolleksiyasının ən kiçik ölçülü kitabının uzunluğu 4, qalınlığı isə 12 sm-dir. 310 yaşlı bu kitabın forması 8 guşəli ulduzu xatırladır. Kitabxanada ümumilikdə 300-dən artıq əlyazma saxlanılır.
   Azərbaycanda belə zəngin kitab kolleksiya sahibləri də çoxdur. Təəssüf ki, zəngin kitabxana və şəxsi kitab kolleksiyalarının bir qismi erməni işğalı altındakı ərazilərimizdə qalaraq talan edilib. Əgər 1989-1991-ci illərin statistik məlumatlarını nəzərdən keçirsək, həmin dövrdə Qarabağ bölgəsində fəaliyyət göstərən kitabxanaların ümumi sayının 900-dən çox olduğunu görərik. Bu kitabxanaların ümumi kitab fondu isə 5 milyon nüsxədən artıq idi. Bu fondlarda nə qədər nadir və qiymətli əlyazmaların olduğunu isə dəqiq demək çətindir.
   Ölkəmizdə elmin bir çox sahələrinə aid qədim və nadir əlyazmalara rast gəlinir. Bu kitabların bir qismi ölkə hüdudlarından çox uzaqda dünya kitabxana və muzeylərində, bir qismi isə Azərbaycan Əlyazmalar İnstitutunda və Milli Elmlər Akademiyasında mühafizə edilir. Bu nümunələr hələ qədim zamanlardan elm, mədəniyyət beşiyi olan məmləkətimizdə zəngin kitab xəzinəsi və mədəni irs olduğunu təsdiq edir. Bu yazını hazırlayarkən kitab xəzinəmizin qədim qiymətli nəşrlərinin araşdırılıb tədqiq edilməsinin şahidi oldum. Amma insanı məyus edən məqamlardan biri isə başqa dövlətlərin bizim yetərincə dəyər vermədiyimiz mənəvi sərvətlərimizi mənimsəməsidir. XVIII-XIX əsrlərdə Azərbaycan hüdudlarından kənarda və ölkə daxilində fəaliyyət göstərən mətbəələrdə işıq üzü görən azərbaycanlı müəlliflərin əsərləri bu və digər vasitələrlə başqa dövlətlər tərəfindən mənimsənilmişdir. Mədəni sərvətlərimizə qarşı törədilən belə qarətlərin qarşısı ölkəmiz müstəqillik qazanandan sonra alınmışdır.
   
   Hazırladı: Rafiqə Nəsirova,
   Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin elmi işçisi