Yetişən nəslin mənəvi aləmi və dünyagörüşünün formalaşmasında uşaq kitabları və nəşrlərinin müstəsna yeri var. III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası ərəfəsində uşaq yazarları ilə görüşüb onların tədbir haqqında fikirlərini öyrəndik, yaradıcılıqlarındakı yeniliklər barədə danışdıq.

Kitabsevərlərə böyük hədiyyə

İlk həmsöhbətimiz uşaqların sevimli yazarı, uşaq ədəbiyyatı sahəsində xidmətlərinə görə 2010-cu ildə Polşanın “Təbəssüm” ordeninə layiq görülən Aygün Bünyadzadədir.

- Ötən əsrin 90-cı illərində dünyada hər il 1 milyon adda kitab nəşr olunurdu. Bu rəqəm 100 il əvvəl cəmi 160 min idi. Bu gün isə nəşr olunan kitabların sayı dəfələrlə artıb. Bəs kitabların satışı, yayımı necə, təkmilləşibmi? Təbii ki, təkmilləşib. XVI-XVII əsrlərdə Almaniyada meydana gəlmiş kitab sərgi-yarmarkaları zaman keçdikcə dünyada geniş yayıldı və bu gün kitabın, mütaliənin təbliği üçün ən effektli vasitədir. Bu isə o deməkdir ki, sərgi-yarmarkalar mədəniyyətin inkişafında da böyük əhəmiyyətə malikdir.

Həyatımın son dörd ilini Türkiyədə - Antalya, Ankara və İstanbulda yaşamış biri kimi bu ölkədə kitaba olan münasibətdən qısaca bəhs etmək istərdim. Beynəlxalq turizm mərkəzi olan Antalyada kitab dükanlarında əsasən xarici dildə satılan kitablara turistlər tərəfindən böyük maraq gördüm. Ankarada vəziyyət bir az fərqli idi. Böyük kitab mağazalarında uşaq ədəbiyyatından ciddi klassik əsərlərə qədər ən müxtəlif nəşrlər satılır və alıcı kütləsi heç də qıt deyildi. Düzdür, qiymətlər mənə bir az bahalı gəldi. Uşaqlar üçün şəkilli albom-kitablar 40 lirədən (təxminən 20 manat) baha idi. İstanbuldakı kitab dükanlarında diqqətimi bir məqam xüsusilə çəkdi ki, uşaq ədəbiyyatı bölməsinə gələn balacalar istədikləri kitabları özləri seçir, valideynlər də onların seçiminə hörmətlə yanaşırdılar. Kitablar isə o qədər gözəl tərtibatlı, o qədər cəlbedici idi ki, bəzən bir dükanda ən az 2-3 saat gəzişib seçim edirdim. Türkiyədə yaşadığım müddətdə orada keçirilən beynəlxalq kitab sərgi-yarmarkasını da ziyarət etdim. Bu tədbirlərdə sevimli müəlliflərlə görüşlər, onların imzası ilə kitab əldə etmək oxuculara ikiqat sevinc bəxş edirdi.

Bu gün Bakıda da beynəlxalq kitab sərgi-yarmarkasının keçirilməsi sevindirici haldır. Əsrlər boyu bizdə kitaba və yazara sevgi, hörmət olub. Ölkəmizdə nəşr olunan kitabların sayı ildən-ilə artır. Amma digər tərəfdən oxucu kütləsinin sayının azalması narahatlıq doğurur. Bu baxımdan geniş oxucu kütləsinin kitaba marağının artmasına, kitab işinin inkişafına, bu sahədə beynəlxalq əlaqələrin genişlənməsinə xidmət edən belə bir tədbirin artıq üçüncü dəfə paytaxtımızda təşkil edilməsini müsbət qiymətləndirirəm. Bu, kitabsevərlərə böyük hədiyyədir.

Biz də öz növbəmizdə yeni kitablarla balaca oxucuların görüşünə gəlməyə çalışırıq. Hazırda Türkiyə türkcəsinə uyğunlaşdırılmış bir neçə kitabım çapa tam hazırdır. Bundan savayı, bu günlərdə ilk sayı işıq üzü görən “Cobi və dostları” uşaq jurnalı ilə balaca dostlarımı sevindirmək istəyirəm. Əminəm ki, bu layihə də, baş redaktoru olduğum, müəyyən səbəblərdən müvəqqəti çapı dayanmış “Cırtdan” jurnalı kimi, tezliklə balacaların sevimli nəşrinə çevriləcək.

 

“Uşaq kitabı dünyasına imzamızı atırıq

Növbəti müsahibimiz tanınmış uşaq yazarı Sevinc Nuruqızıdır. Onu da qeyd etmək yerinə düşər ki, F.Köçərli adına Respublika Uşaq Kitabxanası üzvü olduğu Beynəlxalq Uşaq Kitabları Şurasının (İBBY) 2014-cü il üzrə Hans Kristian Andersen mükafatına Sevinc Nuruqızının namizədliyini təqdim edib. Sevinc xanım da sərgi-yarmarkaların kitabın təbliği, satışı və yayımı sahəsində effektli vasitə olduğunu vurğuladı:

- Hər il dünyada onlarla kitab yarmarkası keçirilir. Bu tədbirlər həm kitab bazarının yenilikləri, kitab nəşri və dizaynı işində yeni tendensiyalar, yeni poliqrafiya texnologiyaları ilə tanışlıq, həm də naşir və müəlliflərlə görüşmək, öz kitab mədəniyyətini nümayiş etdirmək üçün mühüm imkandır. 1964-cü ildən İtaliyanın Bolonya şəhərində hər il uşaq kitabı yarmarkası keçirilir. Bu yarmarka dünyanın ən müxtəlif ünvanlarından naşirlərin, müəllif və illüstratorların əvəzedilməz görüş yeridir. 2013-cü il Bolonyada 66 ölkənin kitabları sərgiləndi. Arzu edərdim ki, növbəti ildə bu yarmarkada Azərbaycan nəşriyyatlarının da kitabları sərgilənsin.

2009 və 2011-ci illərdə Bakıda keçirilən beynəlxalq sərgi-yarmarkaların həm müəllif, həm nəşriyyat təmsilçisi kimi iştirakçısı olmuşam. İkinci yarmarkada mənim “Təhsil” və “Aspoliqraf” nəşriyyatlarında işıq üzü görən 35 adda kitabım sərgilənib və böyük oxucu marağına səbəb olub. Bu ildən Azərbaycan nüfuzlu bir təşkilatın - UNESCO-nun nəzdində Beynəlxalq Uşaq və Gənclər Kitabı Şurasının üzvü olub. 1953-cü ildə İsveçrədə yaradılan qurum 60-dan artıq ölkəni, görkəmli uşaq yazıçılarını, illüstratorları, tərcüməçiləri öz sıralarında birləşdirir. Şuranın Hans Kristian Andersen adına mükafatına iki ildən bir dünyanın ən sayılıb-seçilən uşaq yazarları, tərcüməçi və illüstratorları layiq görülür. “Kiçik Nobel mükafatı” adlandırılan bu mükafatla indiyədək 20 ölkədən 23 yazıçı və 17 rəssam-illüstartor təltif olunub. Sevinirəm ki, bu mükafata Azərbaycandan ilk namizəd mən olmuşam. İngilis dilində nəşr edilmiş “Aysu və Ay”, “Ağca və Cuppulu” adlı iki kitabım Şuranın Bazeldəki iqamətgahına və 14 ünvanda yerləşən münsiflər heyətinə göndərilib. Onu da qeyd edim ki, Şura öz yeni üzvü olan Azərbaycana çox böyük diqqətlə yanaşır. Qurumun Azərbaycandakı seksiyası F.Köçərli adına Respublika Uşaq Kitabxanasıdır.

Onu da qeyd edim ki, Azərbaycan seksiyası Andersen qızıl medalına yalnız yazıçı nominasiyası üzrə nümayəndə irəli sürmüşdür. İsveç yazıçısı Astrid Lindqren, alman ədibləri Erik Kestner və Ceymc Kpyuss, italyan yazıçısı Canni Rodari, çex yazıçısı Boqumil Rjixa, Avstriya yazıçısı Kristine Nestlinqer kimi tanınmış müəlliflərin layiq görüldüyü Andersen mükafatının növbəti qalibi 2014-cü ilin mart-aprel aylarında məlum olacaq.

Artıq Şuranın “Bookbird” jurnalında Azərbaycan nümayəndəsinin adı namizədlər siyahısına daxil edilib. Biz bununla artıq uşaq kitabı dünyasına imzamızı atırıq. Uşaq ədəbiyyatı nəhənglərinin layiq görüldüyü mükafata namizəd olmaq belə mənim üçün böyük xoşbəxtlikdir. Ölkəmə və özümə bu müsabiqədə müvəffəqiyyətlər arzulayıram.

Hazırladı: Lalə Azəri