Dekorativ-tətbiqi sənətin qədim növlərindən biri də nəqqaşlıqdır. Bu sənətin adı ərəb mənşəli “nəqş”, yəni “naxış” sözündəndir. Müxtəlif metalların, ağac məmulatlarının
və s. üzərinə hansısa şəkli, fiquru, yazını kəsici alətlə həkk edən ustalara nəqqaş deyilib.


Mənbələrdə bu sənətin Çində yarandığı bildirilir. Sonralar Yunanıstan və Orta Asiyada geniş yayılan nəqqaşlıq sənəti yeni-yeni keyfiyyətlər qazanıb. Daha çox riyazi dəqiqlik, həvəs və səbir tələb etdiyinə görə kütləvi xarakter almayıb.
XI əsrdə Avropa ölkələrində qrafika sənəti təşəkkül tapıb. O dövrdən metalişləmə, ağac oyma və silahların bəzədilməsi dəbə düşüb. Beləliklə, bu sənət tezliklə Yaxın Şərqdə, o cümlədən İran, Türkiyə, Misir, İspaniya və Mərakeşdə geniş yayılıb.
Azərbaycanda isə bu sənət növü bir çox sahələrdə tətbiq edilib. Xüsusilə xalçaçılıq sənətində daha geniş istifadə olunub. Şah İsmayıl Xətainin taxtı (XVI əsr, Topqapı Muzeyi) və Moskvadakı Silah Palatasında saxlanılan bədii işləməli qalxan (Məhəmməd Mömin) mütəxəssislər tərəfindən Azərbaycan tarixində nəqqaşlığın ən yaxşı nümunələri hesab olunur. Təbrizdəki Göy məsciddə və Ərdəbildəki Şeyx Səfi məqbərəsindəki naxışların şöhrəti ölkə hüdudlarından çox-çox uzaqlara yayılıb. Azərbaycan Atabəyləri tərəfindən yüksək sənətkarlıqla inşa edilən Naxçıvandakı Möminə Xatın türbəsi (XII əsr), Bakı şəhərində Şirvanşahlar zamanından qalma (XIV əsr) tikililərdəki tətbiqi sənət elementləri özünəməxsusluğu ilə diqqəti cəlb edir.
Araşdırmalarda Azərbaycan ustalarının bu sənətdə böyük uğur qazandığı, onların ölkəmizlə yanaşı, qonşu dövlətlərdə də möhtəşəm işlər ortaya qoyduqları qeyd olunur. Buna misal olaraq Çaldıran döyüşündən (1514) sonra Sultan Səlim tərəfindən Azərbaycandan Osmanlı imperiyasına aparılan 300-ə yaxın sənətkarın Bursada tikdiyi, indi də möhtəşəmliyini itirməyən Yaşıl məscidi göstərmək olar. Azərbaycanda daha çox Təbriz, Ərdəbil, Şuşa və Gəncə sənətkarları nəqqaşlıq elementlərindən geniş istifadə ediblər. Onlar əsasən məscidlərə və kitablara çeşidli naxışların vurulmasına önəm veriblər.
Əvvəllər əsasən çinlilərlə uyğurların əlində olan bu sənət Elxanilər dövləti zamanında azərbaycanlı ustalara keçib. Hətta Şah İsmayıl Xətainin dövründə Təbrizdə nəqqaşlıq məktəbi təsis olunub və burada görkəmli sənətkarlar yetişib. Tanınmış rəssam Kəmaləddin Behzad Heratdan Təbrizə gəldikdən sonra bu məktəbə rəhbərlik edib. O, həmin dövrdə xüsusilə böyük Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərinin əlyazmalarını bəzəyib. Qərb aləmində “Şərqin Rafaeli” adı ilə tanınan bu İran miniatürçüsü bir müddət Təbrizdə Seyid Əhmədə şagirdlik edib. Seyid Əhməd isə Teymurilər dövləti dövrünün tanınmış miniatürçülərindən olub. Gözəl miniatürləri ilə əski əlyazmaları, xüsusilə böyük Nizaminin “Xəmsə”sini bəzəyən azərbaycanlı Ağamirək də məhz bu məktəbə mənsub olub.
Ağac üzərində oyma sənətinin tanınmış nümayəndələrindən biri də Əli ibn Hacı Əhməd olub. O, Bursadakı Yaşıl məscidin qapısını bəzəyib. Nemətulla Bəvvab ibn Məhəmməd də dövrünün tanınmış xəttat və nəqqaşı olub, Təbrizdəki Göy məscidin kitabələrini hazırlayıb. Əmirşah Vəli Şirvanşahlar sarayının Şərq qapısının bəzəkli baş tağının müəllifidir. İsmayıl Nəqqaş isə Şeyx Səfiəddin Ərdəbili kompleksində baş qapı tağının (1647) bəzəklərini yüksək sənətkarlıqla işləyib.
XVIII əsrdə Azərbaycanın tanınmış memar və nəqqaşlarından biri Abbasqulu ağa olub. O, Şəki Xan sarayının tərtibatında yaxından iştirak edib. Sarayda böyük salonun tavanında mürəkkəb kompozisiyalar yaradıb və bəzək işləri görüb. Öz adını orijinal şəkildə sağdan-sola deyil, aynada əks olunduğu kimi, soldan-sağa həkk edib.
Ölkəmizdə nəqqaşlıq sənəti XIX yüzillikdə də geniş inkişaf edib. Bu dövrdə sənətin mexaniki üsulla işlənməsi metodu geniş yayılıb. Şamaxıda Mirzə Cəfər, Şuşada Usta Qurban Qarabaği, Usta Zeynal Nəqqaş və başqaları bu dövrün məşhur ustaları olublar.
Usta Zeynal Nəqqaş 1829-1904-cü illərdə yaşayıb. Dövrünün məşhur xəttat, nəqqaş və şairi kimi tanınıb. El arasında “Qızıl əlli nəqqaş” adı ilə məşhur olub. Naxçıvanda Xan sarayına, Bakıda böyük mesenat Hacı Zeynalabdin Tağıyevin ev-muzeyinə (indiki Milli Azərbaycan Tarixi Muzeyi), Təbrizdə və Ordubaddakı Cümə məscidlərinə, Məşədi Tağının evinə, Əylis, Vənənd kəndlərində bəzi evlərə çəkdiyi rəsmlər və vurduğu naxışlar hələ də qalmaqdadır. Ordubad şəhərinin “Malik İbrahim” qəbiristanlığındakı dağa bitişik “Qara pir”ə möhtəşəm naxış elementləri vurub. Eyni zamanda XIX əsrin axırlarında İran şahının Ordubada gəlişi ilə əlaqədar Cümə məscidinin arxa tərəfinə yumurta sarısı, əhəng və başqa materiallardan hazırladığı məhlul vasitəsilə “Şiri-xurşid” gerbini işləyib. Həmçinin məscidin divarına öz şeirindən beytlər də həkk edib. Ordubadda təşkil edilən “Əncüməni-şüəra” (1838) adlı ədəbi məclisinin məşğələləri bəzən Usta Zeynal Nəqqaşın evində keçirilib. Görkəmli yazıçı Məmməd Səid Ordubadinin məşhur “Tərcümeyi-halım” əlyazmasında Usta Zeynal Nəqqaş haqqında dəyərli fikirlər var. Mirzə Qədim İrəvani də XIX əsrin tanınmış nəqqaşlarından olub. O, yüksək zövqlə Sərdar sarayının (1850) divar rəsmlərini işləyib.

Savalan Fərəcov