Yazıçı-publisist, folklorşünas Rafiq Babayevin 60 yaşı münasibətilə

“Arazın o tayında, üzbəüzdəki kənddə yazda badamlar ağ-ağ çiçək açır, bu yandan baxırsan, elə bilirsən, qar yağıb. Bilirsən ki, ora, ağ çiçəkli badamların yanına qaçmaq tamam mümkünsüzdü, sənin yolun ortada qırılır, ordan o yana ayrı yol başlayır, ancaq ürəyin bərk-bərk döyünür, istəmirsən, bu yol gözgörəti belə qırılsın... Deyirlər ki, üzbəüzdəki kənddə yerliləri də var; kiminsə dədəsi, əmisi, dayısı - ona möcüzə görsənən bir də budu. Axır çərşənbədə quru ot-ələfi komlayıb gözləyirlər ki, əvvəl o taydakılar yandırsınlar, sonra biz...”

Bu fikirlər Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist Rafiq Babayevin 1986-cı ildə qələmə aldığı “İlğım” povestindədir. 70-ci illərin əvvəllərindən əsərləri “Arazın işıqları”, “Araz-2”, “Araz-3” almanaxlarında çap olunan Rafiq Babayev “kiçik hekayənin böyük ustadı” Mirzə Cəlil ədəbi məktəbinin təsiri ilə yazdığı hekayələrdə özünəməxsus üslubu ilə seçilirdi.
Rafiq Təvəkkül oğlu Babayev 1953-cü ildə Ordubad rayonunun Aza kəndində dünyaya göz açıb. Çətin bir dövr idi. Həmin ilin martında zülmdən binə olan “çardağı başına uçmuş” Stalin dünyadan getsə də, insanlar hələ qorxu içində idilər. Ta 1956-cı ildə qətl edilmiş, sürgünə məruz qalmış günahsız insanların kütləvi əfvinə, bəraətinə qədər.
Rafiq Babayev mühiti, bədii sözü dərk etməyə başlayanda milli həqiqətlər də ehmal-ehmal ədəbiyyata sarı ayaq açırdı. O dövrün gənc ədəbi qüvvələri əmin olurdular ki, talesiz sələfləri məhz milli sağlam düşüncə ilə xalqa xidmət etdikləri üçün dövrün “qara qasırğa”sına düşmüşdülər. Uğursuzluğa düçar edilmiş bu idealların davamı, xalqa çatdırılması ədəbiyyatın həqiqi missiyası olmalı idi...
İlk hekayəsi Ordubad rayon qəzetində dərc olunanda Rafiq 8-ci sinifdə oxuyurdu. Bir neçə il sonra əsərləri respublika mətbuatında işıq üzü görməyə başladı. Ədəbiyyat aləminə qədəm qoyduğu ilk illərdən sözə məhrəmliyi, rəvan üslubu və poetik ifadə özəlliyi ilə diqqəti cəlb edirdi. Müəllifin “Uzun yuxu”sunu yozanlar, “Arxadan gələn adam”ını tanıyanlar “O kinodakı mahnı”nın sehrinə düşür, onun şirin təhkiyəsini bir də “dadmaq” istəyirdilər. “Yolçu daşı” povestini oxuyanlarsa ədəbiyyatın “elçi daşı”nda əyləşir, “Axırıncı axşam”dan sonra işıqlı bir “İlğım”ın sevdasına düşürdülər.
Yazıçının povest və hekayələrində məqamı gəldikcə xalqımızın min illərin sınağından çıxmış adət-ənənələri, folkloru özünəməxsus şəkildə təqdim olunur. Əsərlərin bir çoxunun sovet dövründə qələmə alınmasına baxmayaraq, gənc nəslin özünü tanıması, milli kimliyinə sahib çıxması kimi aktual məsələlər səlis bir dillə oxucuya çatdırılır. “Yolçu daşı” əsərində oxuyuruq: “...Yox, hökmdar, torpağı qurban verməzlər, canı torpağa qurban eləyərlər... İndi ayılmısan ki, o təpədə ki qala tikəcəklər, o qalanın qalın-qalın divarları olacaq, o divarlardan baxıb deyəcəklər ki, dörd bir qıraqda niyə meşəmiz olmasın, gedib tazı qovub, quş tutaq? Yaxşı, meşəmiz oldu, niyə meşəmizdən o yana çayımız olmasın ki, gedib balıq tutaq?..”
Rafiq Babayev 1975-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialını (indiki Naxçıvan Dövlət Universiteti) Azərbaycan dili və ədəbiyyat ixtisası üzrə bitirib. Tələbəlik illərindən başlayaraq bədii yaradıcılıqla yanaşı, mətbuatda elmi-publisistik yazıları da dərc olunub. 1979-1994-cü illərdə “Yeni Ordubad”, “İş həyatı” qəzetlərində məsul katib və redaktor müavini vəzifələrində çalışıb. 1976-79-cu illərdə Aşağı Aza kənd orta məktəbində müəllim, 1994-2004-cü illərdə isə direktor işləyib. 2004-cü ildə Naxçıvan Özəl Universitetində müəllim kimi fəaliyyətə başlayıb, paralel olaraq AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun folklorşünaslıq şöbəsində elmi tədqiqatla məşğuldur.
“Etnik həqiqətdən epik həqiqətə” (R.Babayev) min illərdir yol gələn Naxçıvan folklorunun sistemli şəkildə toplanması ilə 40 ilə yaxındır məşğul olan folklorşünas alim xalq yaradıcılığının vurğunudur. Bu gün də yaxın-uzaq yaşayış məskənlərimizə gedərək ağsaqqal babaların, ağbirçək nənələrin könül yaddaşının yazıya köçürülməsində gənc folklor toplayıcıları ilə çiyin-çiyinə çalışır. “Yol gələr Ordubada”, “Azərbaycan nağılları. Naxçıvan”, “Naxçıvan folkloru”, 3 cilddə “Azərbaycan folkloru antologiyası. Naxçıvan folkloru” və s. nəşrlərin araya-ərsəyə gəlməsində Rafiq müəllimin böyük əməyi olub.
Uzun axtarışlarının nəticəsi olaraq 2008-ci ildə işıq üzü görən “Naxçıvan folkloru: bəşərilik, türklük, regionallıq” monoqrafiyasında alim region folklorunu bu üç prinsip kontekstində tədqiq edib. Bölgədən toplanmış mətnlərin digər türk xalqlarındakı oxşar variantları struktur-semantik cəhətdən araşdırılıb. Onun elmi axtarışları ölkəmizlə yanaşı, Türkiyənin, İranın, Rusiya və başqa ölkələrin elmi dərgilərində də çap olunub. Qatıldığı müxtəlif beynəlxalq simpoziumlarda Azərbaycan xalq yaradıcılığını uğurla təqdim edən alimin folklor mətnlərinə konseptual yanaşması, elmi nəticələri türk dünyasının tanınmış folklorşünaslarının da təqdirini qazanıb. 2009-cu ildə “Azərbaycan folklorunun xüsusiyyətləri (Naxçıvan folkloru)” mövzusunda dissertasiya müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
Hörmətli Rafiq müəllim! 60 yaşda saçınız “İlğım”da təsvir etdiyiniz ağappaq badam çiçəklərinə bənzəyir. İdeyalarınız, gəncliyə tövsiyələriniz yolumuzda həmişə çiçəyə dönüb. Bu səbəbdən də sizi tanıyan hər kəsin örnək bildiyi insanlardansınız. Sizə elmi və bədii yaradıcılığınızda yeni-yeni uğurlar diləyirik.

Fariz Yunisli







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar