lham Rəhimli

(Əvvəli qəzetimizin 11, 13, 18 dekabr, 22, 24, 29, 31 yanvar, 5 fevral tarixli nömrələrində)

Xalq artisti, məşhur xanəndə, pedaqoq Seyid Şuşinskiyə (1889-1965) xitab.
Sual.
- Ağa!
Qarabağda doğulub ilk təhsilinizi Mir Möhsün Nəvvabın yanında alsanız da, Tiflis şəhərində daha böyük uğurlar qazanmısınız. 1911-1916-cı illərdə Tiflisdə bir neçə dəfə «Şərq konserti» vermisiniz. Bu tədbirlərin bir qisminin keçirilməsində Əbdürrəhim bəy Haqverdiyevin dəyərli məsləhətləri və rəhbərliyi olub. Həmin dövrdə Tiflisin yarısı, şəhərin ən iri məhəlləsi olan Şeytanbazar əhlinin hamısı azəri türkləri idilər. Konsertləriniz həmişə anşlaqla keçib və onun xoş sorağı Bakı, Şuşa, Gəncə şəhərləri ilə yanaşı, İrana, Türkiyəyə də yayılıb.
Həmin illərdə Tiflisdə güclü Azərbaycan teatr dəstələri vardı. Onlar dram, faciə, komediyalarla yanaşı, Üzeyir bəy və Zülfüqar bəy Hacıbəyli qardaşlarının musiqi əsərlərini də tamaşaya hazırlayırdılar. «Leyli və Məcnun», «Əsli və Kərəm», «Ər və arvad», «Məşədi İbad», «Arşın mal alan», «Aşıq Qərib», «Evliykən subay», «On bir yaşında arvad» əsərləri ildə bir neçə yeni quruluşda oynanılırdı.
Xanəndə kimi tamaşaçıların böyük rəğbətini qazanan Siz - Seyid Şuşinski «Leyli və Məcnun»da Məcnun və İbn Səlam, «Arşın mal alan»da Əsgər, «Məşədi İbad»da Sərvər rollarında çıxış etmisiniz. 1913-cü il noyabr ayının 13-də gürcü Zadəgan teatrında göstərilən «Məşədi İbad» (Məşədi İbad - Mirzəli Abbasov, Gülnaz - Aliyə xanım, Sərvər - Seyid Şuşinski) tamaşası daha möhtəşəm olub. Yeri gəlmişkən oxuculara çatdırım ki, hamının «Ağa» deyə müraciət etdiyi Seyid Şuşinski həm də mesenat idi. «Molla Nəsrəddin» jurnalının bir neçə sayının çapına, kasıb güzəranlı Tiflis aktyorlarına dəfələrlə maddi yardım göstərib.
Aktyor Mustafa Mərdanov «Xatirələr» kitabının 81-ci səhifəsində yazır ki, Seyid Şuşinski gürcü dilində «Məşədi İbad»da Sərvəri oynayıb. «Seyid öz çıxışlarında bizdən pul almazdı, əksinə, tamaşa göstərmək üçün lazım olan xərclərin bir hissəsini həmişə öz boynuna götürərdi. O, kasıb tələbələrə də maddi yardım edərdi. Qəzet və jurnal redaksiyalarına da Seyidin az köməyi dəyməmişdi».
Bunları sözgəlişi dedim. Sizin mesenatlığınız barədə çox yazılıb. Fikrimin canı var.
Maraqlıdır, opera və ya operetta partiyalarından heç birini Bakıda oxumamısınız.
Nəyə görə?
Bakıdakı «Nicat», «Səfa», «Müdiriyyət» truppalarından belə bir təklif olunmayıb, ya özünüz bunu istəməmisiniz?
Başqa bir məsələ.
1922-1925-ci illərdə Milli Dram Teatrının truppasında işləmisiniz. Həmin dövrdə Azərbaycandilli opera və operetta truppası bu kollektivin nəzdindəydi. Bugünkü Opera və Balet Teatrı «Böyük Teatr», bəzən «Rus Operası» adlanırdı və orada yalnız rus dilində operalar oynanılırdı.
Haqqında söhbət açdığım rolları bəs Milli Dram Teatrının truppası ilə niyə ifa etməmisiniz?


Fədakar aktrisa, Əmək qəhrəmanı Panfiliya Tanailidiyə (1891-1938) xitab.
Sual.
- Panfiliya xanım!
Milliyyətcə yunansınız və əslən Türkiyənin Qars şəhərindənsiniz. Ancaq İrəvan xanlığı Zəngəzur mahalının Başkeçid kəndində doğulmusunuz, sonra Tiflisə köçmüsünüz. 14-15 yaşlarından Tiflisin Kazyonnı teatr, Zubalov adına “Xalq evi” kimi böyük salonlarında keçirilən müsamirələrdə rəqslərlə çıxış edirdiniz. Az sonra Tiflis Azərbaycan teatrının fədailəri Mirzəli Abbasovun və Mirzəxan Quliyevin təşəbbüsü ilə “Müsəlman dram artistləri” truppasının tamaşalarında da oynamağa başladınız. Qısa müddətə Bakıya gəlib “Nicat”da bir neçə rol oynayıb, yenidən Tiflisə qayıtdınız. Orada əsasən “İbrət” və “İttihad” teatr truppalarında, Tiflis Dövlət Azərbaycan Teatrında çalışıbsınız. Bir müddət “Zəngəzurskaya”, “Sürəyya” təxəllüsləri ilə çıxış etmisiniz. Azəri türkcəsində çox gözəl danışırdınız.
1925-1937-ci illərdə fasiləsiz Milli Dram Teatrının truppasında çalışmısınız. Tiflisdə və Bakıda 200-ə yaxın rol oynamısınız. Onların arasında Tükəz (“Hacı Qara”, Mirzə Fətəli Axundzadə), Yetər və Dilbər xanım, Gülbahar (“Hacı Qəmbər” və “Müsibəti-Fəxrəddin”, Nəcəf bəy Vəzirov), Gülcahan (“Nadir şah”, Nəriman Nərimanov), Kəblə Fatma (“Ölülər”, Cəlil Məmmədquluzadə), Şamama qarı, Sona xanım («Pəri cadu» və «Dağılan tifaq», Əbdürrəhim bəy Haqverdiyev), Rübabə, Rəna, Əzra («Səyavuş», “İblis” və «Şeyx Sənan», Hüseyn Cavid), Telli, Asya və Cahan xala, Gülnaz və Sənəm (“Arşın mal alan” və «Məşədi İbad», Üzeyir bəy Hacıbəyli), Marqarita, Ledi Ariyella (“80 gün dünya səyahəti” və “Kapitan Qrantın cocuqları”, Jül Vern), Karaleva Anna (“Gülən adam”, Viktor Hüqo), Beymyuna pəri (“Göy quş”, Moris Meterlinq), Marri (“Tom dayının koması”, Biçer Stou), Qalçixa (“Günahsız müqəssirlər”, Aleksandr Ostrovski), Yeqorovna (“Dubrovski”, Aleksandr Puşkin), Kvaşniya (“Həyatın dibində”, Maksim Qorki), Anna Andreyevna (“Müfəttiş”, Nikolay Qoqol), Mehriban (“Dəmirçi Gavə”, Şəmsəddin Sami) kimi səhnə surətləri var.
«Azərbaycanfilm»də istehsal olunmuş «İsmət» (Ara həkimi) və «Almaz» (Fatmanisə) bədii filmlərinə çəkilmisiniz.
Bütün bunları oxucularımızın Sizi daha yaxından tanıması üçün xatırlayıram. İndi keçirəm əsas mətləbə.
1937-ci ildə tüğyan edən şəxsiyyətəpərəstiş dövrünün repressiyası Akademik Teatrdan da yan keçmədi. Şən zarafatları, şux söhbətləri ilə kollektivin rəğbətini qazanan Panfiliya Tanailidinin evində 15 dekabr 1937-ci ildə gecə axtarış aparılması haqqında order yazıldı (№3639) və həbsiniz barədə sanksiya verildi. 16 dekabr 1937-ci ildə PR - 30529 qrifi ilə istintaq işi başlandı. Qurama “istintaq işi” (yekun qeyd: № 10051) bir neçə aydan sonra başa çatdı. 9 oktyabr 1938-ci il tarixdə “üçlüyün məhkəməsi” güllələnməyiniz və bütün əmlakınızın müsadirə olunması barədə hökm çıxartdı. Bu dəhşətli hökm 15 oktyabr 1938-ci ildə axşam saat onun yarısında icra olundu.
Sizə bəraət ölümünüzdən düz iyirmi il sonra, 24 iyul 1958-ci ildə verildi.
Rəfiqəniz Barat xanım Şəkinskaya həbs olunmağınızı belə xatırlayırdı: «Vaxtilə Tiflisdə səhnəyə çıxmış, sonralar Bakıda həkimxana açmış Göyərçin xanım 1920-ci illərin əvvəllərində İrana köçmüşdü. 1937-ci ilin payızında o, İrandan Bakıya qonaq gəlmişdi. Teatra baş çəkib köhnə tanışları ilə görüşmüşdü. Burada itkin düşmüş oğlunu tapmışdı. Sevinən xanım Panfiliyanı qaldığı hotelə qonaq çağırır. Otağında ona şokolad və İranda istehsal olunmuş bir neçə siqaret və papiros qutusu verir. Zavallı möhkəm siqaret çəkən idi. Səhərisi gün Panfiliya teatra məşqə gəlir. Aktyorlar yığılsa da, hələ məşq başlamamışdı. Aktrisa bir qutu papirosu mizin üstünə atır və deyir: «Çəkin, vətən siqaretidir». Həmin gecə onu həbs edirlər».
Belə...
Panfiliya xanım!
Sizin istintaq materiallarınızla Milli Təhlükəsizlik Nazirliyinin arxivində tanış olmuşam. Haqqınızda danos yazanın (bilmirəm, aktyordur, ya aktrisadır) məktubu istintaq işinin arasında yoxdur. Çıxarılıb... Sənət dostlarınız Abbasmirzə Şərifzadənin, Ülvi Rəcəbin də işlərinə eynilə «əl gəzdirilib». Görünür çekistlər satqınların adlarını məxfi saxlayıblar...
Sualımı verirəm.
İstintaqın sonrakı prosesində üzünüzə duranları bilirəm... Öz xətləri ilə yalançı məlumat yazıblar... Bəlkə də onları yazmağa məcbur ediblər. Ona görə adlarını çəkmirəm.
Bəs haqqınızda riyakar danosu kim yazmışdı? Bunu bilirdiniz, çünki onu ilk istintaqda Sizinlə üzləşdiriblər. Bax, həmin rəzilin adını bilmək istəyirəm.


Gürcüstan Respublikasının Xalq artisti, aktyor və rejissor İbrahim İsfahanlıya (1897-1967) xitab.
Birinci sual.
- İbrahim müəllim!
Məlumdur ki, səhnəyə ilk dəfə 1909-cu ildə Tiflisdə çıxmısınız. «Müsəlman artistləri cəmiyyəti», «İbrət», «İttihad» truppalarında, Tiflis Dövlət Azərbaycan Dram Teatrında son dərəcə səmərəli işlər görmüsünüz. Gürcüstanın Xalq artisti fəxri adına layiq görülən yeganə azərbaycanlı sənətkarsınız. Mirzə Fətəli Axundzadənin «Hacı Qara» (Hacı Qara), Nəcəf bəy Vəzirovun «Müsibəti-Fəxrəddin» (Fəxrəddin), Cəlil Məmmədquluzadənin «Ölülər» (İsgəndər), Nəriman Nərimanovun «Nadir şah» (Nadir şah), Cəfər Cabbarlının «Aydın» (Aydın), «Od gəlini» (Elxan), «Oqtay Eloğlu» (Oqtay), Hüseyn Cavidin «Şeyx Sənan» (Şeyx Sənan), «İblis» (İblis), Səməd Vurğunun «Vaqif» (Vaqif və Qacar), Süleyman Rüstəmin «Qaçaq Nəbi» (Nəbi), Mehdi Hüseynin «Nizami» (Nizami), Heydər İsmayılovun «Koroğlu» (Koroğlu), Üzeyir bəy Hacıbəylinin «Arşın mal alan» (Əsgər), Əbil Yusifovun «Babək» (Babək), Uilyam Şekspirin «Hamlet» (Hamlet), «Otello» (Otello və Yaqo), Nikolay Qoqolun «Müfəttiş» (Xlestakov), Aleksandr Korneyçukun «Polad Qartal» (Polad Qartal), Şəmsəddin Saminin «Dəmirçi Gavə» (Gavə) və daha neçə-neçə tamaşada baş qəhrəmanların rollarını oynamısınız. İki yüzdən çox tamaşada bir-birindən fərqli səhnə obrazlarında çıxış etmisiniz.
Əllidən çox dram əsərinə, opera və operettaya səhnə quruluşu vermisiniz. Bir müddət Tiflis teatrının baş rejissoru olmusunuz.
1947-ci ildə Tiflis Azərbaycan Dövlət Dram Teatrı bağlananda bir müddət Qazax (iyul 1947 - may 1948) və Zaqatala (may 1948 - iyul 1949) dövlət teatrlarında baş rejissor işləmisiniz. 1949-cu ildə bu teatrlar da bağlandı. 52 yaşlı İbrahim İsfahanlı yaradıcılığının müdrik çağında səhnəsiz qaldı.
Nə üçün Sizi Milli Dram Teatrına dəvət etmədilər?
Halbuki aktyor ampluası, xarakterik yaradıcılıq səciyyələri baxımından həmin teatrda İbrahim İsfahanlıya ehtiyac vardı.
Elə buradaca istərdim ki, ikinci sualla başqa bir məsələyə də aydınlıq gətirəsiniz. Çünki həmin sualın birinci sorğumla müəyyən mənada bağlılığı var.

İkinci sual.
- 1928-ci ilin oktyabrında Milli Dram Teatrının truppasına qəbul olundunuz və 1930-cu ilin yanvarına kimi bu kollektivdə çalışdınız. Teatrın baş rejissoru Aleksandr Tuqanov idi. O, hələ Tiflisdə işləyəndən yaradıcılığınıza, aktyorluq imkanlarınıza dərindən bələd idi. Bu teatrda Karl Moor («Qaçaqlar», Fridrix Şiller), Rəbi («Od gəlini», Cəfər Cabbarlı), Pyer («İki yetimə», Adolf D"Enneri və Kermon), Şahmar («Baba yurdunda», Əbdürrəhim bəy Haqverdiyev), Xlestakov («Müfəttiş», Nikolay Qoqol), Bel Nayd («Zaqmuq» və yaxud «Qullar bayramı», Anatoli Qlebov), Yelisatov («Düşmənlər» və yaxud «Lyubov Yarovaya», Konstantin Trenyov), rollarını oynadınız... Və günlərin birində yenidən Tiflis teatrına qayıtdınız.
Nə üçün 17 illik doğma kollektivdən, Mirzəli Abbasov, Muqu Zamanov, Ələkbər Seyfi, Əhməd Salahlı, Qara Nəzərli, Abbas Qurbanov, Srubi xanım Qaraqaş, Tərlan xanım... kimi sənət dostlarınızdan ayrılıb Tiflisdən Bakıya gəlmişdiniz?
Gəlmişdinizsə, nə səbəbə il yarıma yaxın Milli Dram Teatrında işləyib yenidən Tiflisə qayıtdınız?

SSRİ Xalq artisti, dirijor və bəstəkar Niyaziyə (1912-1984) xitab.
Sual.
- Maestro!
Bilirik ki, yazdığınız «Lənkəran xanının vəziri» (Mirzə Fətəli Axundzadə) operettası 4 iyun 1939-cu ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında tamaşaya qoyulub. Səhnə əsərinin quruluşçu rejissoru Həbib İsmayılov, rəssamı Həsənağa Mustafayev, dirijoru Aleksandr Lixovitski olub. Əsas rolları Ağahüseyn Cavadov (Xan), Əhməd Anatollu (Vəzir Mirzə Həbib), Dilbər Mironova (Ziba xanım), Zəhra Zülalova və Şərqiyyə Abbasova (Şölə xanım), Nübar Əliverdiyeva (Pəri xanım), İbrahim Hüseynov-Şünasi (Xacə Məsud), Əhməd Səfayi (Hacı Salah), Əlimran Şirvanski (Teymur ağa), Lütfəli Abdullayev (Kərəm) ifa ediblər.
Nə üçün bir neçə tamaşa oynanılandan sonra bu operettanın repertuardan çıxarılmasını təkid etmisiniz?
Niyə əsərlər toplunuzda haqqında söhbət gedən operettanızın partiturası yoxdur?


SSRİ Xalq artisti, ilk professional xanım vokalçı Şövkət xanım Məmmədovaya (1897-1981) xitab.
Sual.
- Şövkət xanım!
Azərbaycan səhnəsində lirik koloratur soprano səsli müğənnilər arasında ən uca yaradıcılıq zirvəsində durursunuz. Altı yaşından oxumağa başlamış və ilk musiqi təhsilini Tiflisdə almısınız. 1910-cu ildə musiqi məktəbini bitirmisiniz. Milanda ali təhsil almaq üçün Bakı milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyevin və onun arvadı Sona xanımın köməkliyi ilə 1911-ci ildə İtaliyaya yola düşmüsünüz. Dünya opera musiqisinin beşiyi sayılan sənət ocağında Jerom de Ambroziodan dərs alaraq sənətin incəliklərinə vaqif olmağa başlamısınız. Bir il oxumusunuz. Tağıyevin hər ay təqaüd kimi Sizə göndərdiyi təhsil və yaşayış haqqı qəfildən kəsilib. Məcburiyyət qarşısında qalıb Tiflisə qayıtmısınız.
1912-ci il aprel ayının 13-də Üzeyir bəy Hacıbəylinin təşəbbüsü ilə Tağıyev teatrında Mirzağa Əliyevin iştirakı ilə «Ər və arvad» operettası oynanılıb. Qərara alınıb ki, yığılan pul Sizə verilsin və Milana qayıdıb təhsilinizi davam etdirəsiniz. Tamaşadan sonra konsert başlayıb. Səhnəyə başıaçıq çıxdığınız üçün Bakı qoçuları Sizi və Üzeyir bəyi öldürmək istəyiblər. Gizli yolla çıxıb faytona əyləşərək Bakı kəndlərindən birinə getmiş və bir müddət orada gizlənmisiniz. İkinci dəfə Milanda 1927 - 1929-cu illərdə olmusunuz. Ora getməmişdən əvvəl 1917-1921-ci illərdə Kiyev Konservatoriyasında təhsil almısınız.
Bunlar öz yerində. Yığcam məlumat üçün diqqətə çatdırdım.
Əziz Şövkət xanım!
Hacı Zeynalabdin kimi səxavətli, incəsənətin tərəqqisinə maraq göstərən, Bakıda qız məktəbi açan bir şəxsin gözlənilmədən Sizə göndərdiyi maddi yardımı kəsməsinin səbəbi nə olub?
Nəyə görə sonralar Tağıyevlə görüşüb bunun səbəbini soruşmamısınız?
Bəlkə də hər şeyi yerli-yataqlı bildiyiniz üçün onunla görüşməyə ehtiyac duymamısınız?
Hər halda, məncə, əsaslı bir səbəb olmadan uşaqları müxtəlif qərb çalğı alətlərində ifa edən möhtərəm Hacı pulunuzu kəsməzdi. Elə deyilmi?

(Ardı var)